Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2015

Əliyevin tapmadığı inkişaf

Prezidentin cənub səfəri hansı gerçəkliyi üzə çıxardı?

Azərbaycanda qeyri-şəffaflığın şəffaf bir mənzərəsi yaranıb. Hansısa şadlıq sarayı, şirkət, bahalı avtomobil, böyük villa gözümüzə dəyəndə “yəqin hansısa məmurundur” qənaətinə gəlirik. Artıq insanların düşüncəsində oturuşub ki, bu ölkədə sıravi vətəndaş heç bir uğur əldə edə bilməz. Əgər hər hansı uğur nümunələri varsa, deməli, arxasında hansısa vəzifəlinin himayəsi dayanır. Artıq sadə vətəndaşlar da yeni tikilən binadan tutmuş, şadlıq saraylarına qədər hansı məmura məxsus olduğunu əzbər bilirlər. Hətta hakim ailənin nəzarətində olanlar da dillər əzbəridir.
Maraqlı burasıdır ki, ölkə başçısı hər dəfə çıxışlarında korrupsiya ilə mübarizədən, inhisarçılığa qarşı savaşdan, süni qiymət artımlarına qarşı görülən tədbirlərdən danışır və bu işlə məşğul olanları hədələyir. Amma kiçik araşdımadan sonra məlum olur ki, bütün ittihamların ünvanı prezidentin özündə yerləşir.
Məsələn, uzun illərdi Milli Məclisdə “Rəqabət məcəlləsi”, “Tibbi sığorta”, “Gəlir bəyannaməsi” haqqında qanunlar qəbul edilmir. Müxtəlif bəhanələrlə bu məsələlərin həlli yubadılır. Təbii ki, Milli Məclis bunu yubatmaq iqtidarında deyil və PA-dan gələn bir siqnal kifayət edir ki, bu məsələlər həllini tapsın. Sadəcə olaraq bu qanunların qəbulu hakimiyyətin maraqlarına xidmət etmir. Çünki, bu məsələlərin həlli korrupsiyanın qarşısını ala bilər, şəffaf hesabatlılıq yaradar və azad ticarət mühiti formalaşdırar.
Yaxud, bugünlərdə ölkə başçısı dərman pereparatlarının qiymətinin baha olmasından danışdı və bunun qarşısının alınacağını vəd etdi. Amma məlum olur ki, Azərbaycanda dərman biznesi hakim ailənin nəzarətindədir. Yəni heç kim özbaşına ölkəyə dərman gətirə bilməz. Bu faktlar onu göstərir ki, ölkədəki monopoliya da, süni qiymət artımı da, korrupsiya da hakimiyyətin sayəsində mümkün olub. Əgər siyasi iradə olsa, bu məsələləri bir neçə günə həll etmək mümkündür.
Bütün bunları xatırlatmaqda məqsədimiz Ilham Əliyevin cənub səfərinə körpü salmaqdır. Bildiyinz kimi, ölkə başçısı ötən həftə Lənkərana, Astaraya səfər etdi və ənənəvi nitqlərini söylədi. Amma cənub səfəri Azərbaycan reallığının daha bir göstəricisi oldu. Bildiyiniz kimi, illərə ad qoymaq qərarına gələn hakimiyyətimiz 2015-ci ili də “Kənd təsərrüfatı ili” elan edib. Amma əvvəlki yazılarımızda da qeyd etmişik ki, kənd təsərrüfatının inkişafına töhfə verəcək amillər ortadan qaldırılır. Ölkədə azad sahibkarlıq, kənd təsərrüfatının inkişafı üçün şərait yarardılmır. Lənkəran, Astara Azərbaycanın subtropik ərazisidir və kənd təsərrüfatının inkişafına töhfə verəcək bölgələrdi. Amma Ilham Əiyev bu boyda cənub bölgəsində axtara-axtara “Gilan aqro”nu tapdı. Deməli, cənub bölgəsində kənd təsərrüfatının inkişafı “Gilan aqro” ilə məhdudlaşıb. “Gilan aqro” şirkəti isə monopolist bir şirkətdir və konkret məmura məxsusdur. Yəni bir daha təsdiqləndi ki, ölkənin bütün sahələri monopoliyadadır, ölkə məmurlar arasında bölünüb və ikinci bir göstərici yoxdu. Daha dəqiq ifadə etsək, prezident özü də haqqında danışdığı inkişafı tapa bilmədi. Yenə də ümid məmur şirkətinə qaldı. Bu da kənd təsərrüfatının inkişafı, bu da analoqsuz siyasətin bəhrəsi.
Bəli, prezidentin cənub səfəri ölkənin nə qədər qısır vəziyyətə salındığının daha bir sübutu oldu. Hər rayonda bir məmur şirkəti, hər bölgədə bir monopoliya nümunəsi var. Ölkə vətəndaşı isə bu “inkişaf fenomeni”nə şükr etməli, bunu analoqsuzluq kimi qiymətləndirməlidir./azadlıq/
798 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber