Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2015

Bu böhran tək gözətçini vurmaz...

Tarixin isbat olunmuş qanunauyğunluğudur ki, iqtisadi böhranlar birmənalı şəkildə cəmiyyətdə depressiya yaradır. Bizim indiki durumumuzda bu, “depressiyanı dərinləşdirir” şəklində daha düzgün ifadə oluna olar. Artıq hər gün ehtiyac zənbilinizə daxil olan məhsulların üzərində artımla dəyişən qiymətləri açıq müşahidə edə bilərsiniz. Daha kimsə deyə bilməz ki, depressiyanın dalğası ona mənfi impulslarını ötürməyə başlamayıb. Hər gün xəbər başlıqlarından qara-qara boylanan ixtisar anonsları insanın qanını bir az da qaraldır. Belə getsə, işini itirənlərin sayı hökumətin bəyan etdiyi 1 milyon 300 min iş yerinin iki qatına çıxacaq. Yaxın günlərdə dünyanın “petroleum” nəhəngi bir zamanlar bərabər çalışdığım həmkarlarımın böyük qrupunu ixtisara salıb. Dediklərinə görə, qara xəbər bununla da bitmir. Qarşıdakı aylarda daha bir qrupun da işini itirəcəyi gözlənir. Etiraf edim ki, əmək fəaliyyətim tarixində heç işsiz qalmasam da, dosyem o qədər zəngin də sayılmaz. Normal iş fəaliyyətim cəmi 2-3 yerlə bağlı olub. Bir-birinə bağlı yüzlərlə insanı hərəkətə gətirən iş mexanizminin nə demək olduğunu da bəhs etdiyim o şirkətdə öyrənmişəm. Elə həyatımda ilk dəfə ixtisar “qurbanları” siyahısına da orda düşmüşəm. Bu günlər oradakı kütləvi “azad etmələr”i eşidəndə Türkiyədə məşhur olan bir hekayəni xatırlayıram...
Hökumət gecələr geniş bir ərazini qorumaq üçün 500 dollarla bir gözətçi işə götürməyə qərar verir. Bir müddət sonra düşünürlər ki, təlimat olmadan gözətçi işini icra edə bilməz. Bu məsələni həll etmək üçün hər birinə 750 TL verilməklə, daha iki nəfər işə götürülür. Daha sonra onlara nəzarət işinin necə olacağından əndişələnərək 1000 TL maaşla iki nəfər də işə qəbul edilir. Ardınca “bunların maaşları necə hesablanıb ödənəcək” müzakirəsi çıxır və 1500 TL maaşla bir maliyyə müşaviri, bir katib, bir də mühasib işə alınır. Nəhayət, söhbət gəlib çıxır onlardan məsul olacaq şəxslərin üzərinə və yenə də 5000 TL maaşlı bir müdir və 3000 TL maaşlı iki müdir köməkçisi işə alınır. Çox keçmir, ölkədə iqtisadi böhran yaranır və büdcədəki xərcləri azaltmaq üçün bu qədər insana “çörək vermiş” gözətçi işdən çıxarılır...
Ola bilsin, bu hekayə kimini gülümsədəcək, kimini kədərləndirəcək. Amma nə yazıq ki, mənzərə gerçəkdən cansıxıcıdır. Hazırkı durum böhranın kimsədən yan keçməyəcəyi ilə bağlı ortaya açıq dəlillər qoyur. Zərbə dalğası artıq gözətçidən bir neçə pillə yuxarı gedib çıxıb. Işinə xitam verilənlərin siyahısı təkcə adi işçiləri deyil, yüksək vəzifəliləri də əhatə etməkdədir. Çünki böyük iqtisadi tənəzzüllərdə, zərbənin ilk təsiri qaçılmaz olaraq iş yerlərinin bağlanmasında özünü göstərir. Normal çıxış yollarının qapandığı bənzər durumlarda söhbət bəzən yüz minlərin və böyük ölkələrdə milyonların işini itirməsindən gedir. El ilə gələn qara gün toy-bayramdır deyirlər, amma bu elin də heç qara günü bitmir. Bu ölkədə, onsuz da, enerji gəlirlərinin axını ilə yaranan monopoliya hökmranlığı bütün iqtisadi azadlıqları vurub sıradan çıxarıb. Bütün kiçik və orta sahibkarlıq imkanları, demək olar, ya həmin inhisarçıların əlinə keçib, ya da əzilib məhv edilib. Indi durum kritikdir və hökumət də dalana dirəndiyini gözəl anlayır. Şübhəsiz, yuxarılarda monopoliyaların iqtisadi inkişaf yolunda böyük əngəl olması ilə bağlı səslənən fikirlər də o təlaşın əks-sədasıdır. Amma monopoliyaların və iqtisadi əngəllərin məhz yuxarıdan qaynaqlandığını kim bilmir axı? Məgər ölkənin bu duruma gəlib çıxmasında ən böyük günah sahibləri də elə o fikirləri səsləndirənlərin özləri deyilmi?

Səadət Cahangir /azadlıq
945 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı