Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2015

Hakimiyyət xalqı necə aşağılayır?

Xarici qonaqlar üçün edilən canfəşanlıq ölkə vətəndaşı üçün niyə edilmir?

Ümumi mənzərəni nəzərdən keçirəndə bu ölkədə vətəndaş üçün hər hansı addımın atıldığının şahidi olmaq mümkün deyil. Diqqət etmisinizsə, hakimiyyətin bütün fəaliyyəti şəxsi maraqların təmin olunması ilə bağlıdır. Məsələn, prezidentin keçdiyi yollar, xarici qonaqların gəzəcəyi məkanlar xüsusi təmtəraqla düzəldilir. Yaxud binaların iç hissəsi bərbad vəziyyətdə olduğu halda, fasadlar bəzədilir. Bu isə o binada yaşayanlar üçün təhqirdi. Açıq şəkildə etiraf edilir ki, bütün bu təmtəraq görüntü xatirinə yaradılır və prezidentin, xarici qonaqların gözünü oxşamaq üçündür.
Indi də bu ənənə Avropa Oyunları ilə bağlı həyata keçirilir. Bəli, Avropa Oyunları yalnız 8 milyardın havaya sovrulması, ermənilərin hesabının ödənilməsi ilə yadda qalmayacaq. Heç əsl Avropa Oyunlarının 2017-ci ildə Qlazqoda keçiriləcəyi də əsl biabırçılıq deyil. Hakimiyyətin vətəndaşa verdiyi qiymət Avropa Oyunları öncəsi görülən işlərdən də bəlli olur.
Deməli, bu yarışmaya görə ölkəyə ambulans helikopterlər gətirilib, yeni metro qatarları alınıb, səyyar tualetlər quraşdırılıb, binaların üz qabığı yenidən abadlaşdırılıb, sürücülərə xüsusi geyimlər hazırlanır, qida məhsullarının keyfiyyət standarları yaxşılaşdırılır, əlillərin də rahat istifadə edə biləcəyi avtobuslar reydə buraxılır, Heydər Əliyevin portretləri yığışdırılır, yol hərəkəti təhlükəsizliyinin təşkili ilə əlaqədar 2377 yeni yol nişanı quraşdırılıb, 25 təkrarlanan işıqfor obyekti qurulub, itlər üçün hotel tikilib və s.
Göründüyü kimi, bütün bu işləri Avropa Oyunları keçirilmədən də görmək zəruri olduğu halda, hakimiyyət bu addımları atmayıb.
Məsələn, ambulans helikopteri ölkə üçün onsuz da vacibdir. Tez-tez eşidirik ki, hansısa ucqarda vətəndaş qan itkisindən dünyasını dəyişib, yaxud Bakıya çatıdırıla bilməyib. Ambulans helikopter xidmətindən yalnız müəyyən imtiyazlı şəxslər yararlana bilər. Yaxud səyyar tualetlərin quraşdırılması ən zəruri işlərdən biridir. Dünyanın bütün yerlərində səyyar tualetlər fəaliyyət göstərir və bu vacibdir. Amma uzun illərdi Azərbaycanda bu istiqamətdə iş aparılmır və sanki orta əsrlər ab-havası hökm sürür. Əlillərin avtobusdan sərbəst istifadə etməsi, sürücülərin səliqəli geyinməsi, avtobusların təmizlənməsi də gündəlik işin tərkib hissəsi olmalıdır.
Amma aydın görünür ki, hakimiyyət Avropalıya verdiyi qiyməti, qətiyyən öz vətəndaşına qarşı sərgiləmir. Eyni zamanda bu addımların tələsik atılması həm də onu göstərir ki, hakimiyyət Azərbaycanı müasir dünyadan təcrid etdiyini etiraf edir. Yəni bugünə qədər də bu işlərin görülməsinin vacibliyini dərk ediblər, sadəcə olaraq ölkə vətəndaşına görə bu addımı atmağı önəmli hesab etməyiblər. Əgər Avropa Oyunları keçirilməsəydi, sadaladığımız bu çatışmazlıqlar olduğu kimi də qalacaqdı.
Onsuz da Avropa Oyunlarından sonra da məlum olacaq ki, bütün bu canfəşanlıqlar imitasiya imiş. Dar ayaqda olan sadə vətəndaş üçün nə o helikopterdən istifadə olunacaq, nə səyyar tualetlərin davamlı fəaliyyəti təşkil ediləcək, nə də sürücülərdən səliqəli geyim tələb olunacaq. Hətta Heydər Əliyevin portretləri əvvəlki yerinə qaytarılacaq, “badımcan” taksilər bahalı plan qarşılığında vətəndaşa veriləcək.
Bu təxminən ona bənzəyir ki, evə qonaq gəldiyi üçün ev sahibi mənzili təmizləyir, yaxşı süfrə açır və uşaqlarla mehriban davranır. Qonaqlar getdikdən sonra isə süfrədəki təamlar yığışdırılır, uşağa bir şillə vurulur və çirkli qablar mətbəxdə qalaqlanır.
Sözümün canı budur ki, Avropa Oyunlarına hazırlıq mərhələsi hakimiyyətin vətəndaşı nə qədər aşağıladığının, vətəndaşa heç bir dəyər vermədiyinin göstəricisi oldu. Azərbaycan adlı evimizə qonaq gəlməsə, vətəndaşın tələbatı, problemləri heç bir əhəmiyyət daşımır./azadlıq/
806 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...