Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2015

Talanan xəzinənin sahibi

Anlamlı bir xalq məsəli var: “Fərli oğul neylər ata malını, fərsiz oğul neylər ata malını”. Doğrudan da, fərasətli necə olsa, ağlını işə salıb qazanacaq, fərsiz üçün isə oldu fərqi nə, olmadı fərqi nə, onsuz da sovurub dağıdacaq. Bu gözəlim Azərbaycanın da övlad sarıdan heç bəxti gətirmir. Yazıq yüz illərdir başından gəlib keçən hər nəsil övladlarına xəzinə-xəzinə sərvət buraxır. O nəsillər də həmin sərvəti satıb-sovurub atalarının gorunu çatladırlar. Ağlımız kəsəndən bu torpaqlarda dünyanın ən bahalı sərvətlərinin çıxarıldığını eşidirik. Eşitməyinə eşidirik də, amma aramızdan indiyə kimi bir qazancını, faydasını görən yox. Bu sərvətlər eləcə uzun illərdir yerin altından çəkilib çıxarılır, bir kiçik qrup arasında pay-püşk edilir, sonra da böyük-böyük borulara vurularaq çox uzaqlara göndərilir. Bizimki ancaq o prosesdən yaranan çirkli havanı ciyərlərimizə çəkmək, hər addımbaşı yolumuza çıxan mazut gölməçələrinə köks ötürmək və uzaqlara gedən o boruların arxasınca həsrət-həsrət baxmaqdır. Amma niyə, başqa cür ola bilməzdimi? Ola bilərdi, əlbət. Bu zəngin atanın fərli övladları həmin mirasa layiqincə sahib çıxa bilsəydilər. Daha doğrusu, hakimiyyət başındakı kiçik azlıq ona öz bioloci atalarının mirası kimi deyil, mənəvi atanın - ölkənin xəzinəsi kimi bir xalqın adına sahiblənmək istəsəydi. Yediyini yeyib, yemədiyini kül edib boş yerə göyə sovurmasaydı. Indi ölkənin halı hardasa aşağıda bəhs edən hekayədəki kimidir...
Dədə-babadan böyük bir mirası qalan bağdadlı bir adam qısa zamanda həmin mirası israfçılıqla yeyib-dağıdır. Yoxsullaşıb ehtiyac içində qalınca ağlayıb sızlamağa, əl açıb Allaha yalvarmağa başlayır. Bir gecə yuxusunda ona Misirdə bir xəzinə olduğunu deyirlər. Adam vaxt itirmədən yola düşür. Misirə çatır, yuxuda deyilən xəzinəni araşdırınca aclıqdan üzülür, ölməmək üçün dilənməyə başlayır. Utandığı üçün gecələr dilənməyə qərar verir və ilk gecədə gözətçi onu tutur. “Mən oğru filan deyiləm, yoxsul bir bağdadlıyım”, deyə hekayəsini anladır. Gözətçi onun doğru söylədiyini görür, amma heyrətlə deyir: “Bir yuxuya inanıb buralara qədər gəlmisən? Bu qədər ağılsızlıq olar? Mən də illərdir yuxumda Bağdadın filan məhəlləsindəki bir evin bağçasında gizli xəzinə olduğunu görürəm. Yuxularla, xəyallarla yaşanırmı, adam? Çıx get məmləkətinə və bir daha gözümə görünmə. Yoxsa əlimdən qurtara bilməzsən”. Bağdadlı sevinc içində məmləkətinə yola düzəlir. Xoşbəxt idi, çünki həm sərbəst buraxılmışdı, həm də gözətçinin yuxusunda görüb nişan verdiyi ev öz evi idi. O, ümidlə evinə çatıb, bağçanı qazaraq xəzinəni tapır. “Boşuna xəzinəni uzaqlarda axtarmışım, elə öz ovcumun içində imiş” deyir.
Bu hekayədə bizi anladan çox şey var. Əsas demək istədiyim isə odur ki, bu torpaqlar nə qədər istismar edilirsə, yenə də insanına dönük çıxmır, tükənmir, uzanan əlləri boşda buraxmır. Amma bir ölkənin fərli və ağıllı sahibləri olmadıqdan sonra yüz belə xəzinə tapılsa faydası nə? Axı on illərdir öz gözlərimizlə milyardlar gətirən o xəzinələrin bu ölkənin başının bəlasına çevrildiyini görürük. Kiçik bir azlığın o xəzinəni kül edib, insanları yoxsulluq girdabında əzdiyini görürük. Israfçı və ağılsız idarəetmə üzündən hər gün iqtisadi depressiyanın dibinə doğru endiyimizi görürük. Görürük, doğrudur. Ancaq görməzdən gəlirik çox şeyi. Acınacaqlı, ürküdücü duruma gəlib çıxdığımızın fərqində deyilik çoxumuz. Xülasə, dəyərlərimizə, sərvətlərimizə, ölkəmizə sahib çıxa bilmirik. Ona görə, talanan xəzinənin arxasından ağlamağa da dəyməz...

Səadət Cahangir /azadlıq
941 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...