Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2015

“Sovetski” ikinci dəfə hasarlanır, həm də çox bahalı...

Camaata verilməli pullar hasarlamaya xərclənir?! 

Şəhər təsərrüfatından, məişətindən baş çıxarmayan məmurlar Bakının “Sovetski” ərazisini sözün həqiqi mənasında fəlakət zonasına çeviriblər. Indi burada nəinki yaşamaq, hətta küçələri dolanmaq belə təhlükəlidir. Uçurulmuş evlərin qalıqları buradan təsadüfən ötən insanlara da xətər yetirə bilər. Evlərin damından, eyvanından asılı qalan navalça, taxta-lambirin parçaları, daş qırıntıları küləkli günlərdə daha təhlükəlidir.
Lakin ərazidə köçürülmə və söküntü işlərinə məsul məmurlar ilk növbədə insanların təhlükəsizliyini təmin etmək əvəzinə yenidən hasarlama işlərinə başlayıblar. Halbuki ərazinin öncə dəmir şiferlə hasarlanmasından heç 1 il ötməyib. Əvvəlki hasarlar isə artıq yararsız hala düşüb. Ya keyfiyyətsiz görülən işin ucbatından, ya da ərazidə söküntü işlərinin pinti şəkildə aparılmasındandır ki, dəmir şiferlər sökülüb və ya əzik-üzük hala salınıb. Külək isə bu şiferləri yerindən elə oynadır ki, həm səsindən qulaq tutulur, həm də qoparıb uçurmaq həddinə gətirir.
Artıq dünən səhər, saat 09.00 radələrində A.Şaiq küçəsində belə bir hadisə baş verib. Güclü külək 133 saylı evin şiferli dam örtüyünü tamamilə qoparıb. Sahəsi 30 kv.m olan evin dam örtüyü qonşuluqdakı boş sahəyə düşüb. Evin sahibi Ilqar Məmmədovun dediyinə görə, evinin sağ və sol yanındakı mülklər sökülüb. Bunadək sağ tərəfdəki tikili bir qədər hündür olduğu üçün I.Məmmədovun evini küləyin təsirindən qoruyurmuş. Indi isə evin hər yanından külək ötür. Xoşbəxtlikdən hadisə vaxtı kimsə zərər çəkməyib. Ziyan təkcə maddi olub, o da evin sahibinə dəyib. Üstəlik, yağışlı havalarda ev dama bilər. Bu da ziyanı artırar. Evin sahəsi kiçik olduğu üçün I.Məmmədovun ailəsinin ərazidən köçürülməsi işi də düyünə düşüb. Bu evdə isə qardaşının ailəsi ilə birlikdə cəmi 7 nəfər yaşayır. Hökumət sahəsi az olan evlərin köçürülməsini müvəqqəti dayandırıb. Kompensasiyanın məbləği az, manat da dəyərdən düşüb...
Beləliklə, hökumət “Sovetski”də əhalinin qalan hissəsinin, xüsusilə də evinin sahəsi kiçik olan ailələrin köçürülməsi üçün vəsait tapmadığı halda yenidən hasarlama işlərinə start verib. Həm də çox bahalı və dəbdəbəli hasarlama... Yeni hasarlar Türkiyədən gətirilən “betopan” adlı lövhələrlə qurulur. Bu lövhələr sement tərkiblidir, suya-rütubətə və yanmaya qarşı davamlıdır. Əldə etdiyimiz məlumata görə, uzunluğu 2,5 metr, eni 61 sm olan bir lövhənin qiyməti 50 manatdır. Yeni hasarların hündürlüyü isə 3 metrdən hesablanıb. Əvvəlkindən daha bir fərqi budur ki, yeni hasarların üzərində memarlıq elementləri də həkk olunur.
Görünür, hökumətin köhnə və alçaq hasarlara qane olmaması qarşıdan gələn 1-ci Avropa Oyunları ilə əlaqədardır. Çünki bu hasarlar yalnız “Sovetski” küçəsi (indiki Nərimanov prospekti) boyunca, bir də sökülməkdə olan Murtuza Muxtarov küçəsinin “Beşmərtəbə” meydanına baxan hissəsində qurulur. Hər halda, qonaqların iç məhəllələrdən yox, məhz bu yollardan gediş-gəlişi gözlənilir.
Bəli, bizim ölkədə hər şey xarici qonaqlar və ya özgələr üçün hesablanıb. Gözəllik, abadlıq, firavanlıq yerli vətəndaşlar üçün nəzərdə tutulmur. Onların nimdaş evləri təmir edilmək əvəzinə, dəbdəbəli hasarlarla qapadılır ki, hətta əcnəbilərin zövqü korlanmasın.../azadlıq/
901 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber