Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2015

Ölkənin gələcəyi necə məhv edilir?

Azərbaycanda 2000-ə yaxın uşaq küçədə yaşayır, son 3 ayda 78797 uşaqda xəstəlik aşkarlanıb
Bu ölkədə yaxşı xəbər eşitmək nadir hadisəyə çevrilib. Küçədə şahidi olduqlarımız, mətbuatdan oxuduğumuz, televiziyada gördüyümüz hər şey neqativlərdən ibarətdir. Vəziyyət o qədər ağırdır ki, rəsmi məlumatlar da reallığı pərdələyə bilmir.
Ötən gün daha 2 acınacaqlı statistikanın şahidi olduq. Birincisi, budur ki, Azərbaycanda 2000-dən artıq küçə uşağı var. Uşaq Hüquqları üzrə Azərbaycan Qeyri Hökumət Təşkilatları (QHT) Alyansının milli koordinatoru Nabil Seyidov “Amerikanın Səsi”nə müsahibəsində küçədə yaşayan uşaqlar, onların reabilitasiyası və hüquqlarının müdafiəsi sahəsindəki problemlərdən danışıb.
“Azərbaycanda uşaqlar arasında aparılan çoxsaylı sorğular olub. Sonuncu sorğu 2011-2012-ci illərdə olub. Ölkədə fəaliyyət göstərən cəmi bir neçə reabilitasiya mərkəzi var ki, onlar bu cür uşaqlarla tez-tez təmasda olurlar. Toplanmış məlumatların təhlili göstərir ki, səbəblərdən birincisi təəssüf ki, yoxsulluq, kasıbçılıqdır. Ikinci çox yayılmış bir səbəb, ailədə çox uşağın olması və hansısa uşağın baxımsız, diqqətdən kənarda qalmasıdır. Üçüncü bir səbəb, əlbəttə, yenə də yoxsulluqla bağlıdır, lakin Bakı şəhəri ilə bağlı deyil, regionlardan uşaqların Bakıya axınıdır. Bu uşaqlar Bakıda əksər hallarda dilənçiliyə sövq edilir və ya digər sahələrdə əməyin istismarı həyata keçirilir. Azərbaycanda mövcud olan və uşaqlarla birbaşa təmasda olan icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyalar keçmiş Sovetlər Ittifaqından qalan qurum olduğu üçün indi fəaliyyətini təkmil qura bilmir. Digər tərəfdən, həm yerli, həm də milli səviyyədə bir neçə dövlət qurumu da var. Onların da arasında tam əlaqəli şəkildə fəaliyyətin qurulması mümkün olmadığı üçün pərakəndəlik yaranıb. Digər bir məsələ, Azərbaycanda ”Sosial Sifariş haqqında" qanun qüvvədə olsa da, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi QHT-lərə sosial qrantlar versə də, birincisi, qrantların verilməsi çox məhduddur, ikincisi, proqramsız həyata keçirilir. Üçüncü də bu cür reabilitasiya mərkəzlərinin sayı Azərbaycanda, demək olar, çox aşağı səviyyədədir. Əksəriyyəti ya Bakıdadır, ya da iri şəhərlərdədir və yalnız uşaqların bir qrupunu əhatə edə bilir. Sığınacaqların sayı, demək olar, sıfır səviyyəsindədir. Cəmi iki tanınan sığınacaq var.ÿAzərbaycanda hələ də uşaq ombudsmanı yoxdur. Əhalisinin 3,5 milyondan çoxu uşaqlar olan bir ölkədə ixtisaslaşmış uşaq ombudsmanının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda ümumilikdə 2000-ə yaxın küçədə yaşayan uşaq var"- deyə Nabil Seyidov bildirib.
Hakimiyyət dünya küçələrinə milyardlar səpir, ölkə uşaqları isə küçələrə inteqrasiya olunur. Avropa Oyunlarına gələcək ermənilərə 100 minlərlə vəsait xərcləyən hökumət, küçə uşaqları üçün sığınacaq tikməkdə xəsislik edir. Belə olan halda Azərbaycanın Haitidən, Somalidən nə fərqi var? Görünür, varlı ölkənin dilənçi sakininə çevrilmək də analoqsuz siyasətin tərkib hissəsidir. Azərbaycan kimi bir ölkədə 2000-dən artıq küçə uşağının olması faciəli reallıqdır. Bu həm də ən azı 200 ailənin yararsız vəziyyətdə olmasının göstəricisidir. Gecə-gündüz yaltaqlığın yeni yollarını fikirləşən deputatlar, məmurlar, aidiyyəti qurumların təmsilçiləri bu zəruri məsələyə niyə münasibət bildirmir? Bizim üçün “Alov qüllələri” yox, həyatı alovlanmış uşaqların taleyi önəmli olmalıdır. Azərbaycan hakimiyyətinin yarıtmaz siyasəti nəticəsində Azərbaycanın gələcəyi küçələrə atılıb. Azərbaycanın sabahı olan uşaqlar dilənçiyə, cinayətkara, narkotika düşkününə, xəstəlik daşıyıcısına çevrilir. Bəli, 2000-ə yaxın uşaq əyninə geyinməyə köynək tapmasa da, hakimiyyət əcnəbi futbolçuların köynəyinə 70 milyon pul xərcləyir. “Uğurlu” siyasət ölkə uşaqlarını uğursuz gələcəyə yuvarlayıb.
2-ci acınacaqlı statistika da uşaqlarla bağlıdır. Belə ki, son 3 ayda uşaqlar arasında həyata keçirilən icbari dispanserizasiya nəticəsində müayinə edilmiş 767229 uşağın 78797-də xəstəlik aşkarlanıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəstəliklər daha çox 6-13 yaş arasında olan uşaqlarda üzə çıxarılıb. Xəstəlik aşkarlanmış uşaqların 24573 nəfəri 0-5 yaşlı, 36981 nəfəri 6-13, 17243 nəfəri 14-17 yaşlı olub.
Əslində ölkə əhalisinin bütün təbəqələri bugün xəstəliklə çarpışır. Ölkə vətəndaşları apteklərə pənah aparır, adamların qazancı dərmanlara xərclənir, sağlamlıq əlçatmaz olub.
Bu da hakimiyyətin səhiyyə siyasətinin nəticəsi. Diaqnostika mərkəzi tikmək, poliklinikaların lentini kəsmək hələ səhiyyənin inkişafı demək deyil. O lenti kəsilən binaların içində tibb elmi yoxdursa, savadlı personal fəaliyyət göstərmirsə, bu tikintilər sadəcə korrupsiyadır. Səhiyyə elə bir vəziyyətə salınıb ki, vətəndaş həkimin heç bir diaqnozuna inanmır. Hamı Gürcüstana, Irana, Israilə və digər ölkələrə getməyin yollarını axtarır. Çünki, bu ölkədə xırda xəstəliyi olan adamın məcburi əməliyyat olunması, başı ağrıyana diş diaqnozunun qoyulması, dərmanların tərkibinin dəyişdirilməsi təbii hal alıb. Bu ölkənin səhiyyəsi vətəndaşı xəstələndirməyə daha çox xidmət edir. Artıq vəziyyət o həddə çatıb ki, azyaşlı uşaqlarda kütləvi xəstəliklər tapılır. 78797 uşaqda xəstəlik tapılıbsa, həyəcan təbili çalmaq lazımdır. Bu, ilkin rəqəmdir və yəqin ki, real rəqəmlər daha yüksəkdir. Amma hakimiyyət bu tendensiyadan qətiyyən narahat deyil. Çünki, öz övladları xaricdə müalicə olunur, xarici həkimlərin nəzarətindədir.
Bəli, uşaqların bir hissəsi küçələrə axışır, bir hissəsi xəstəliklə çarpışır, bir hissəsinin isə sabahına təminat yoxdur. Bu illər ərzində yalnız sərvətlərimiz talan edilmədi, həm də gələcəyimiz məhv edildi.
Bu 2 statistik rəqəm Azərbaycandakı vəziyyəti aydın göstərir. Hakimiyyət imkan vermir ki, uşaqlar bizim gələcəyimiz olsun./azadlıq/
594 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber