Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2015

İntiqam Əliyev son sözünü dedi: “Həbs mübarizəmizin davamıdır”

Bu gün hüquq müdafiəçisinə hökm oxunacaq; sifarişli məhkəmə başa çatır

Aprelin 22-də İntiqam Əliyevin növbəti məhkəmə prosesi keçirilib. İntiqam Əliyev son sözlə çıxış edib. O bildirib ki, prokuror 10 il iş istəyibsə, məhkəmənin də buna yaxın müddət üçün həbs cəzası çıxaracağına əmindir: “10 il, 9 ya 8 il olacaq, bimirəm. Belədə adətən “Allah əvəzini versin” deyirlər. Amma mən belə demirəm. Deyirəm ki, Allah bizə elə cəmiyyətdə yaşamağı nəsib etsin. Təbii ki, hamı kimi mən də azadlıqda olmağımı istəyirəm. Ancaq fikirləşəndə ki, sən azadlıqda, dostun, dostunun övladı həbsdədi, bu adama ağər gəlir. Hec bir halda tutduğum haqlı yolundan çəkinmirəm. Həbs mübarizənin tərkib hissəsidir. 4 aya yaxın davam edən məhkəmə prosesi həbsimin hüquqi deyil, siyasi motivlərlə - vəkillik və ictimai fəaliyyətimlə bağlı olduğunu bir daha sübuta yetirdi. Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasına daxil olduqdan sonra bu quruma 200-dən çox şikayət göndərmişəm. Onların əksəriyyəti siyasi hüquqların pozulması ilə bağlıdır. Bu şikayətlərdən 40-a yaxını uğurlu sonluqla bitib. Həmin işlərin arasında 2005-ci ilin parlament seçkiləri ilə bağlı 14 iş də var. 2010-cu il parlamen seçkilərində yol verilən pozuntularla bağlı Avropa Məhkəməsində qaldırılan şikayətlərin böyük bir hissəsi mənim payıma düşür...
Həbsimdə Avropa Məhkəməsi sahəsində, xüsusilə seçki işləri ilə bağlı fəaliyyətim əhəmiyyətli rol oynadı. Bu fəaliyyətim hökumətdə çox qıcıq doğururdu. Bunun mənim və təşkilatımız üçün arzuolunmaz nəticələrə səbəb ola biləcəyi dəfələrlə diqqətimə çatdırılmışdı.
Mənə elan edilmiş ittihamlarla heç bir bağlılığı olmadığı halda vəkil dosyelərimin, şikayət və sənədlərin elektron versiyalarının olduğu kompüterlərin, yaddaş kartlarının, disklərin və s. götürülməsi, istintaq başa çatandan sonra da qaytarılmaması həbsimin həm də vəkillik fəaliyyətimlə bağlı olduğuğunu təsdiqləyən çoxsaylı faktlardan biridir.
Əvvəldə dediyim kimi, həbsimin səbəblərindən biri də ictimai fəaliyyətimdir. Son illərdə yerli və beynəlxalq mediada Azərbaycanda insan haqları problemləri ilə bağlı çoxsaylı məqalələrim, araşdırmalarım, müsahibələrim dərc olunub. Həmçinin çoxsaylı beynəlxalq konfraslarda və tədbirlərdə Azərbaycanda insan haqları ilə bağlı məruzələrim və çıxışlarım olub. Bu çıxışlarımda hakimiyyətin həmin sahədə fəaliyyəti sərt tənqid olunub...
İlham Əliyevin həbsimdən çox az sonra, 2014-cü ilin avqustunda Beyləqanda rayon ictimaiyyəti ilə görüşdə səsləndirdiyi fikirlər müstəqil vətəndaş cəmiyyəti qurumlarına və onların liderlərinə qarşı basqılara ölkə rəhbərliyinin xeyir-duasi ilə start verildiyini təsdiqləyir”.
Çıxışının sonunda İ.Əliyev bütün siyasi məhbuslara salamlarını çatdırıb.
Yaxın saatlarda məhkəmədə hökm oxunacaq.

***

Ölkənin ən nüfuzlu hüquqşünaslarından olan Intiqam Əliyevin işi üzrə məhkəmə prosesi yekunlaşır. Artıq məhkəmə istintaqı başa çatıb, dövlət ittihamçısı Intiqam Əliyevin 10 il azadlıqdan məhrum olunmasını təklif edib. Dünən isə hüquq müdafiəçisinin vəkilləri çıxış edərək, ittihamların əsassız olduğuna dair konkret faktları məhkəmənin nəzərinə çatdırıblar.

“İntiqam müəllim etibarının qurbanı olub”

Vəkillərdən Şəhla Hümbətova müdafiə nitqində bütün ittihamlarla bağlı ayrı-ayrılıqda danışıb. O bildirib ki, istintaq orqanının Ədliyyə Nazirliyində qeydiyyatdan keçməyən qrant müqavilələrinin icrasını qanunsuz sahibkarlıq kimi qələmə verməsi tamamilə absurddur. Üstəlik, Intiqam Əliyevin rəhbərlik etdiyi Hüquq Maarifçiliyi Cəmiyyəti tərəfindən icra olunmuş qrant müqavilələrinin qeydiyyatdan keçdiyini sübut edən sənədlər də prosesin gedişində məhkəməyə təqdim olunub: “Qanunsuz sahibkarlığın nədən ibarət olduğu qanunda konkret şəkildə öz əksini tapıb və bunların heç biri Intiqam Əliyevin əməlində yoxdur. Avropa Məhkəməsinin qərarlarını tərcümə eləmək, hüquqşünaslar, o cümlədən hakimlər, prokurorlar, vəkillər üçün təlimlər keçirmək məgər lisenziya tələb edir? Qanunsuz sahibkarlıq sayılan əməllərdən biri də dövriyyəsi məhdudlaşdırılmış əşyalarla əməliyyatlar aparmaqdır. Bu ölkədə dövriyyəsi məhdudlaşdırılmış ən əsas məsələ insan hüquqlarıdır. Intiqam Əliyev də məhz insan hüquqlarının müdafiəsilə məşğul olduğuna görə bu gün həbsdədir. Onun həbsinin Cinayət Məcəlləsinə aidiyyəti yoxdur.
Iş materiallarında 13 qrant layihəsindən söhbət gedir. Əvvəla, qrant müqaviləsinin qeydiyyatı üçün sənədlərin Ədliyyə Nazirliyinə göndərilməməsinə görə, yalnız inzibati məsuliyyət - cərimə nəzərdə tutulub. Sənədlər nazirliyə göndərilibsə, bu halda artıq məsuliyyət həmin qurumun üzərindədir. Intiqam Əliyev ilk gündən deyir ki, sözügedən qrant müqavilələrin hamısı qeydiyyatdan keçib. Bunu təsdiq edən məktublar da olub. Sadəcə, prokurorluq əməkdaşları Intiqam Əliyev həbs olunan gün Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisindən bütün sənədləri topa-topa, heç bir qeydiyyat aparmadan götürüblər. Onların arasında Ədliyyə Nazirliyinin bildirişləri də olub. Amma istintaqa sərf eləmədiyindən onları iş materiallarına daxil etməyib. Biz həm istintaq, həm də məhkəmə zamanı dəfələrlə vəsatət qaldıraraq, Ədliyyə Nazirliyinə bununla bağlı sorğu göndərilməsini istədik. Məhkəmə sonda bir sorğu göndərdi və cavab da əlbəttə ki, Intiqam Əliyevin əleyhinə oldu. Doğrusu, Ədliyyə Nazirliyindən bundan artığını gözləmirdik də. Təsəvvür edin, nazirlikdən sorğuya cavabın birinci bəndində yazılıb ki, “Norveç Insan Hüquqları Evi Fondundan alınmış 3 aprel 2013-cü il tarixli, 10900 avroluq qrant müqaviləsi üzrə məlumat aşkar edilmədi. Üçüncü bəndində isə məhz həmin layihədən bəhs edərək yazırlar ki, həmin müqavilə qeydə alınıb və bu haqda bildiriş verilib”. Nazirliyin cavabının mötəbərliyi budur! Məhkəməyə nə qədər saymazyana münasibət bəsləməlisən ki, belə cavab verəsən. Amma prokurorluğun nəzərindən qaçıb ki, qrant müqavilələrinin qeydiyyatına dair məlumatlar 2013-cü ilin yayına qədər açıq idi və Ədliyyə Nazirliyinin saytında yerləşdirilmişdi. Vətəndaş cəmiyyətinə qarşı hücumlar başlayandan sonra o siyahını saytdan sildilər. Internet əjdahadır və saytdan silinən məlumatlar keşdə qalır. Biz oradan həmin siyahını tapdıq, notarial qaydada təsdiqlətdirdik və ortaya qoyduq ki, qeydiyyatdan keçmədiyini iddia etdiyiniz müqavilələrin hamısı əslində, qeydiyyatdan keçib. Hətta bundan sonra da dövlət ittihamçısının həmin müqavilələrin qeydiyyatdan keçmədiyini deməsi təəccüb doğurur.

Mənimsəmə ittihamına gəlincə, intiqam müəllimin kimin pulunu mənimsəyib? Əgər beynəlxalq donor təşkilatlardan söhbət gedirsə, onlar əksinə, məhkəməyə məktub göndəriblər ki, nəinki şikayətimiz yoxdur, əksinə, bizim bu adama sonsuz etibarımız var və vəsaitlər də təyinatı üzrə xərclənib.

Guya, mühasib Gülşən Orucovanın bacısının hesabına köçürülən 119 min manat məsələsinə gəlincə, istintaqın əlində iki bacının ifadələrindən başqa heç bir sübut yoxdur. Iş materiallarından görünür ki, Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabından mühasibin bacısının hesabına 79 dəfəyə 119 min köçürülüb. Amma işin içində cəmi 29 ödəniş göstərişi var. Qalanları hanı? Həmin 29-da Intiqam Əliyevin adından atılan imzanın ona məxsus olmadığı gözlə də görünür. Görün indi qalan 50 ödəniş göstərişi nə vəziyyətdədir ki, onu ortalığa çıxarmırlar. Bacılar iddia edir ki, o pullar Əfsanə Orucovanın hesabına köçürüləndən sonra çıxarıb Intiqam müəllimə veriblər. Amma işin içində həmin vəsaitlərin köçürmədən sonrakı taleyi, çıxarılıb-çıxarılmadığı barədə bircə sübut da yoxdur. Xahiş etdik ki, məhkəmə bununla bağlı banka sorğu göndərsin, onu da eləmədiniz. Əslində, məhkəmə həqiqətin üzə çıxmasına çalışmalıdır, bu işdə isə əksinə, əlindən gələni elədi ki, doğrular ortaya çıxmasın.

Dəfələrlə tələb etdik ki, ödəniş göstərişlərində Intiqam müəllimin adından atılmış imza ekspertizadan keçirilsin, çünki o imzalar Intiqam müəllimə məxsus deyil. Niyə eləmədiniz? Hətta tutaq ki, mühasibin dediyi kimi, belə bir mənimsəmə olubsa, bəs niyə o da bu gün Intiqam müəllimin yanında əyləşməyib? Axı maliyyə vəsaitlərinin xərclənməsinə məsul şəxs həm də mühasib olub. Aydındır ki, Gülşən Orucova elədiyi əmələ görə özünü qorumaq məcburiyyətindədir və bu səbəbdən guya, bacısının hesabına köçürdüyü pulları sonradan çıxarıb İntiqam Əliyevə verdiyi barədə yalan ifadə verir.

İş materiallarından o da görünür ki, Gülşən Orucova mühasib kimi çalışdığı başqa təşkilatlardan da bacısının hesabına pullar köçürüb. Hüquq Maarifçiliyi Cəmiyyətindən Intiqam müəllim demişdisə, bəs o təşkilatlardan kim demişdi?

Bundan başqa, Gülşən Orucova öz adına da hesab açaraq, əməkhaqqı adı altında Hüquq Maarifçiliyi Cəmiyyətinin hesabından ora 12 min 500 pul köçürüb. Halbuki, bu təşkilatda heç kim əməkhaqqını köçürmə yolu ilə almışdı.

İntiqam müəllimin mühasibinə nə dərəcədə etibar etdiyi onu tanıyanların hamısına məlumdur. O, etibarının qurbanı olub.
Intiqam müəllimə vəzifədən sui istifadə ittihamı verilib. İntiqam müəllimin hansı vəzifəsi vardı?

Intiqam müəllim Azərbaycanda hüququ pozulanların səsini Avropa Məhkəməsinə çatdırırdı, məhz ona görə də bu gün buradadır. Bu adamın insan hüquqlarının müdafiəsi uğrunda fəaliyyəti mane olurdu. Mane olmaması üçün də həbsxanaya salmaq lazım idi".
Digər vəkil Cavad Cavadlı müdafiə nitqinə ironik başlayıb: “Iş materiallarında həkim rəyi var. Həmin rəydə göstərilib ki, Intiqam müəllim mütləq həyat tərzini dəyişməlidir. İntiqam müəllim isə bu məsləhətə əməl eləmədiyindən, görünür, prokurorluq onun qayğısına qalıb və həyat tərzini bu şəkildə dəyişib”.

“Prokurorluq Intiqam Əliyevin qayğısına qalıb həyat tərzini dəyişdi”

Cavad Cavadlı qeyd edib ki, bu məhkəmə prosesi Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsinə qətiyyən uyğun deyil: “Ən sadə vəsatətlərimiz belə, təmin olunmadı. Açıq-aşkardır ki, Intiqam Əliyevin həbsi siyasi motivlidir. Artıq bu iş üzrə Avropa Məhkəməsində kommunikasiya mərhələsi (şikayət üzrə hökumətlə
yazışma) başa çatmaq üzrədir. Yaxın vaxtlarda Avropa Məhkəməsi bu həbsi darmadağın edəcək".

“Hökm verərkən Allah qarşısındakı məsuliyyətinizi nəzərə alın!”

Başqa bir vəkil Fəxrəddin Mehdiyev isə hakimləri hökmə imza atarkən Allah qarşısında məsuliyyətlərini yaddan çıxarmamağa çağırıb: “Bu cinayət işi öz mahiyyət və məzmunu ilə hüquqi nihilizmin nümunəsini yaratdı. Bu həm də klassik və müasir hüquq elminin prinsiplərinin inkarıdır.

İntiqam Əliyevin məhkəməsinə ictimai maraq və ona dəstək bütün proses boyu göründü. Beynəlxalq hüquq müdafiəçiləri, jurnalistlər, ictimai-siyasi xadimlərin dəstəyi onun təqsirsizliyinin verdiktidir. Təsadüfi deyil ki, İntiqam Əliyev “Amnesty International” təşkilatı tərəfindən “vicdan məhbusu” elan olunub. O, həbsindən sonra Helsinki Komitəsi tərəfindən mükafatlandırılıb. Bu ictimai marağın sirri nədir? İntiqam Əliyev insan hüquqları sahəsində bütün dünyada tanınmış nüfuzlu hüquqşünasdır. Onun hazırladığı 40-a yaxın şikayət üzrə Avropa Məhkəməsi ərizəçinin xeyrinə qərar verib. Daha 40 iş kommunikasiya mərhələsindədir. Hüquq Maarifçiliyi Cəmiyyəti fəaliyyəti dövründə 50-yə yaxın hüquq ədəbiyyatı dərc edib. İntiqam Əliyev bir elmi-tədqiqat institutunun görə biləcəyi işi yerinə yetirir. İntiqam Əliyev həm də ziyalı hüquqşünasdır. O, müxtəlif universitetlərdə hüquq elmini tədris edir.

Nəhayət, İntiqam Əliyev əxlaq məktəbidir. Onun villaları yoxdur, bahalı maşınlarda gəzmir, dəbdəbəli həyatdan uzaqdır. Amma onun misilsiz sərvəti var. Bu sərvət də onun işıqlı əməlləri, yüksək tərbiyə və mədəniyyətə malik övladları, ailəsidir. Əxlaq daşıyıcıları isə hər bir cəmiyyətin qızıl fondududur. Bu fondu qorumağın özü bir dəyərdir.

Ədalət qüvvətli, qüvvətlilər isə ədalətli olmalıdır. Ədalətli olmağın yolu isə Allah qarşısında məsuliyyətdir. Dünyada heç kəs bu məsuliyyətdən qaça bilməz. Allah dərgahına gedəndə insan yalnız öz əməllərini aparır. Sizə də bunu nəzərə alaraq, qərar verməyi arzu edirəm!"

Vəkillərin çıxışından sonra dövlət ittihamçısı Fərid Nağıyev replika hüququndan istifadə edərək, vəkillərin çıxışlarında səslənən fikirlərə münasibət bildirib. O, ittihamların əsassızlığı, sübuta söykənməməsi barədə deyilənlərlə razılaşmayıb.
Məhkəmə prosesi bu gün davam edəcək. Bu gün İntiqam Əliyev məhkəmədə son sözünü deyəcək. Eyni zamanda, hökmün bu gün elan edilməsi də istisna olunmur. /azadliq.info/
643 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı