Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2015

Avropa oyunları hakimiyyəti necə ifşa edir?

Hakimiyyət utandırıcı siyasət yürütdüyünü hazırlıq mərhələsində etiraf etdi

Son günlər ölkə gündəmini Avropa oyunları haqqında xəbərlər zəbt edib. Amma hakimiyyətdən başqa hər kəsin nəzərində Avropa Oyunları “zəhərli ilan”a bənzəyir. Ölkə vətəndaşları başa düşür ki, bu oyunlar hakimiyyətin şəxsi maraqlarına, dövlətin müflisləşməsinə, vətəndaşın böhranına xidmət edir.
Ona görə də hamı Avropa Oyunları haqqında hikkəylə, aqressiv danışır. Dəfələrlə yazmışıq ki, Avropa Oyunlarına hazırlıq mərhələsi Azərbaycan vətəndaşı üçün təhqirdi. Çünki, uzun illər ərzində ölkə vətəndaşı üçün göstərilməyən canfəşanlıq, hörmət, qayğı əcnəbilər üçün sərgilənir. Yəni bu hakimiyyət üçün vətəndaşın qiyməti önəmsizdir. Əsas odur ki, Conlar, Maykllar yüksək xidmət görsün, üzləri gülsün və s. Bir sözlə, hakimiyyət xarici qonaqlar qarşısında alicənab, demokratik, müasir görünmək istəyir.
Amma Avropa Oyunlarına hazırlıq mərhələsi təkcə bununla yekunlaşmır. Artıq Avropa Oyunlarına görə qadağalara start verilib. Avropalı qonaqlar ölkədəki köhnə maşınları, dilənçiləri, küçə ticarətçilərini, bərbad vəziyyətdə olan daxmaları görməməlidir. Əlacları olsa, kasıb təbəqəni ölkədən çıxardarlar ki, avropalı qonaqlar görməsin.
Bu bilirsizmi nəyə bənzəyir? Təsəvvür edin ki, evə qonaq gəlir və ailə başçısı xəstə, şikəst övladlarını evdən qovur ki, qonaqlar görməsin. Yəni övladının şikəst olmasından utanır, özünə sığışdırmır. Dövlət də böyük bir ailədir. Indi hakimiyət ölkə reallığını avropalı qonaqlardan gizlətməyə çalışır. Bu ilk növbədə vətəndaşı aşağılamaqdır. Digər tərəfdən, hakimiyyətin utanılacaq bir ölkə yaratdığının etirafıdır.
Yəni hakimiyyət öz “əsər”ini gizlətmək zərurəti hiss edir. Başa düşürlər ki, analoqsuz ölkənin mənzərəsi belə olmamalıdır. Əgər normal bir siyasət yürüdülsəydi, nə dilənçiləri, nə köhnə maşınları, nə də uçuq daxmaları gizlətmək lazım olmazdı. Çünki, bu illər ərzində ölkəyə daxil olan milyardlarla vtəndaşın bütün problemlərini həll etmək olardı. Hakimiyyət isə 95 faiz oğurlayıb, 5 faizinə süni görüntü yaratmaq siyasəti yürütdü.
Taksi sürücülərinə qadağa qoymaqla, küçə ticarətçilərini sıxmaqla, dilənçiləri yığışdırmaqla reallığı gizlətmək olmayacaq. Onsuz da avropalılar Azərbaycandakı vəziyyətdən xəbərdardılar. Əbəs yerə bir müddət insanların qazancına əngəl törədiləcək. Çünki, bugün ölkədə 100 minlərlə ailə taksi fəaliyyəti ilə dolanır. Heç bir real sektor inkişaf etdirilməyib.
Əgər YAP hakimiyyəti talançılığa, korrupsiyaya, monopoliyalara qadağa qoysaydı, bugün Azərbaycan reallığı dünyaya nümunə olardı. Indiki vəziyyətdə isə sürətli imitasiya davam edir. Kasıb adamlar, dilənmək məcburiyyətində qalan əlillər, köhnə avtomobil sürənlər harın hakimiyyəti pis göstərir. Onların uğur nağılına kölgə salır.
Əslində Avropa Oyunları ən şəffaf güzgüdür və bu güzgüdə hakimiyyətin simasını aydın şəkildə görmək olur./azadlıq/
656 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:19