Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2015

ÇÖRƏK OĞRULARI

Yaxud, namusuna ləkə yaxan ölkə

Son bir neçə aydır ki, ölkəmizdə ərzaq oğurluğu hallarının sürətlə artması müşahidə edilməkdədir. Əvvəllər ümumiyyətlə rast gəlinməyən və ya nadir hallarda baş verən bu hal, bu gün çoxsaylı Azərbaycan reallıqlarından birinə çevrilməkdə, bir növ tendensiya xarakteri almaqdadır. Xüsusilə də cari ilin 16 aprel tarixində Bakıda Xəzər rayonunun Şağan qəsəbə sakini olan iki qadının mağazadan ərzaq oğurlayarkən həbsi ilə bağlı DİN-nin yaydığı məlumat vəziyyətin hər cür təxmin və ehtimaldan daha təhlükəli olduğunu göstərir.
Artıq heç kəsə sirr deyil ki, yalnız ərzaq oğurluğu hallarının deyil, silahlı basqın və cinayətlərin sayının artmasında ölkədəki iqtisadi-sosial vəziyyətin ağırlaşması amilli mühüm rol oynayır. Ərzaq oğurluğu hallarının tədricən kütləviləşməyə doğru getməsi isə bilavasitə xalqın maddi-sosial durumunun sürətlə ağırlaşdığının bariz nümunəsi hesab oluna bilər. Çünki yalnız ac insan, alıcılıq qabiliyyətindən məhrum insan ərzaq mağazasından oğurluğa cəhd edər.
Ölkədəki ərzaq oğurluğu ilə bağlı baş verən olaylar fonunda ən çox ürəkağrıdan mənzərə isə artıq ölkə qadınlarının da qapılarını döyən səfalətdən müvəqqəti də olsa yaxa qurtarmaq üçün ərzaq oğurluğuna əl atmasıdır.
Bəli, ölkə rəsmilərinin verdiyi açıqlamalara inansaq, biz iqtisadi inkişafına görə analoqu olmayan, Avropanın enerji təhlükəsizliyini təmin edən, qlobal miqyasda üzərinə böyük missiyalar götürən və bu missiyaları nümunəvi şəkildə yerinə yetirən dövlətik. Biz o qədər qüdrətli dövlətik ki, hətta əsən küləyin istiqamətini, yağan yağışın miqdarını da biz müəyyən edirik. Lakin nə sirdirsə, bizim nə analoqsuz iqtisadi inkişafımız, nə təbiətə hökm edən qüdrətimiz öz sakinlərimizin ac qarnını doyurmağa kiafyət etmir. Biz öz neft-qaz sərvətimiz, qara kürü ehtiyatımızla Avropa xalqlarının krallara layiq həyatına rəng qatsaq da, vətəndaşlarımız hədsiz yoxsulluq və aclıq səbəbi ilə marker və mağazalarda oğurluq etmək üçün fürsət gözləməkdədir. Bu gün sadə vətəndaşların hamısı potensial çörək oğrusuna çevrilməkdədir. Kütləvi işsizlik, dövlət rəsmiləri səviyyəsində müşahidə edilən soyğunçuluq, vətəndaş taleyinə olan laqeyd və qəddar münasibət insanların namuslu yolla pul qazanmaq, şərəflə yaşamaq imkanını əlindən alıb. Hakimiyyətin yürütdüyü anti-xalq siyasətinin amansızlığı, siyasi elitanın misli görünməmiş tamahkarlığı və görməmişliyi bu gün ən namuslu, ən dürüst insanı da öz dünyasına xəyanət etmək, öz prinsip və əxlaqına arxa çevirməyə vadar edir. Bu vaxta qədər bütün dünyada namus, ismət, əxlaq simvolu olan Azərbaycan qadını özünün və ailəsinin yaşamını təmin etmək üçün oğurluğa bir dolanışıq vasitəsi kimi baxmaq, halalına haram qatmaq məcburiyyətindədir.
Bu, bir xalqın üzləşə biləcəyi ən böyük fəlakət, ən dəhşətli özünəqəsddir. Bu, bir ölkənin öz namusuna, öz şərəfinə ləkə yaxmasıdır ki, ləyaqətli bir xalqın bu ləkə ilə yaşaması mümkün deyil.
Bütün bunlar mövcud idarəetmə sistemin xalqın sadəcə varını, pulunu, halal zəhmətinin nəticəsini deyil, həm də mənəvi dünyasını, dəyərlərini əlindən aldığını göstərir. Bu isə Azərbaycan üçün Qarabağ itkisindən daha böyük, daha ağır, daha qəbuledilməz bir itkidir.
Biz bəlkə də günü sabah özümüzdə təpər tapıb Qarabağı geri qaytara, öz ərazi bütövlüyümüzü təmin edə bilərik. Lakin dünya durduqca namusumuza, qeyrətimizə vurulan bu ləkəni silə, yenidən paklaşa, məsumlaşa bilmərik.
Odur ki, mövcud idarəetmə sisteminin başında dayanan, ona yön verən şəxslərin damaralarında az da olsa türk qanı axırsa bütöv bir xalqı oğruya, cinayətkara çevirməkdən imtina etməli, Azərbaycan qadınını bir oğru, bir suçlu kimi yaşamaq faciəsini önləməlidir. Əks təqdirdə, bu qorxunc gedişat bizim bir xalq, bir millət kimi sonumuz demək olacaq və bəlkə də bu sonluq artıq başlayıb.

Seymur Əliyev/moderator 

728 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:20