Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2013

Sabirabadda 40 min ton yanacaq müəmması

Rayon səhiyyəsinin xəstəliyi nədir?

“Biz öyrənmək istəyirik ki, Sabirabad Azərbaycanın ərazisidir, yoxsa oradan çıxarılıb? Çıxarılmağına şübhə edirik. Amma belə olan halda da sual yaranır: dövlətin qanunları burada niyə işləmir?”.
Sabirabaddan olan bir qrup ziyalı belə ritorik sualla “Azadlıq”a məktub göndərib. Müraciətin mətnindən aydın olur ki, onları narahat edən bu suallar rayondakı mərkəzi xəstəxanada yaranmış vəziyyətdən doğub. Sabirabadlılar yazır:
“Ölkə üzrə ”qış şəraitinə" keçid elan edilib. Nazirlər Kabineti bununla bağlı göstəriş verib ki, məktəblər, xəstəxanalar və başqa inzibati binalar qış şəraitinə uyğunlaşdırılmalıdır. Bura otaqların qapı-pəncərələrinin düzəldilməsindən tutmuş, istilik təminatına qədər bir sıra məsələlər daxildir. Bu məqsədlə dövlət külli miqdarda vəsait ayrır, bəs nəticə nədir?"
Şikayətçilər bildirir ki, hər ay dövlət hesabına rayon səhiyyəsinə 40 min ton yanacaq ayrılır. Nəzərdə tutulur ki, bu yanacaqla palatalar qızdırılsın. Ancaq bütün bunlar kağız üzərində qalır: “Guya, həmin yanacaqlar kerosin sobalarında yandırılmalıdır. Biz həyəcan təbili çalaraq, respublikanın bu işə aidiyyəti olan rəhbərliyini rayon xəstəxanasına dəvət edirik. Gəlin görün ki, mərkəzi xəstəxanada bir dənə də olsun, kerosin sobası varmı? Yoxdur! Elə buna görədir ki, xəstəxanadan hamı qaçaq düşüb. Bu xəstəxanada bir gün gecələmək bəsdir ki, soyuqdan sətəlcəm tapasan. Baş həkim Əziz Mikayılovun bu barədə şikayətlərə ”bekarsınız, başqa işiniz gücünüz yoxdur, sizi öyrədən var" şəklində reaksiya verir. Başa düşülmür, xəstəxanada istiliyin olmamasından şikayətlənmək üçün mütləq kimsə tərəfindən öyrədilmək lazımdır? Biz sadə bir şey tələb edirik: xəstələrimiz isti yerdə müayinə və müalicə olunsun! Sual yaranır, bir halda ki, dövlətin ayırdığı 40 min ton yanacaq istiliyə sərf olunmur, bəs onu neynirlər? Bəlkə Sabirabad xəstəxanalarında bu qədər yanacaq sadəcə, göyə buxarlanır?"
Sabirabadlılar deyir ki, onlar indi dövlət orqanlarından problemə diqqət, Allahdan isə rəhm istəyirlər ki, havalar çox soyuyub onların xəstələrini daha da ağır vəziyyətə salmasın.
2001 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber