Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2013

Dövləti sarsıdan məhkəmələr

Yadınızdadır yəqin, Müsavat başqanı İsa Qəmbər iki həftə öncə Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çılara qarşı keçirilən prosesdə üzünü hakimə tutaraq demişdi ki, “sizin kimi hakimin qarşısında ayağa qalxmağa dəyməz, ağsaqqal adamsız, günahsız uşaqları dəmir barmaqlıqlar arxasında saxlayıb axşam evdə necə rahat yatırsınız?”

Aydın məsələdir ki, başqanın bu ittihamedici və ağır sözləri guya Azərbaycan dövləti adından ədalətli hökm çıxaracaq həmin o bədbəxt və yaşlı hakimə yox, bütövlükdə ölkədəki ədalətsiz məhkəmə sistemini yaşadanlara ünvanlanmışdı. Hədəf “ağsaqqal, lakin ədalətsiz” sistemin özü idi. Fəqət, söz sanki daşa deyildi...

Yaxşı deyiblər, dövlət o zaman sarsılır ki, cinayət olur, cəza olmur, ya da cəza verilir cinayət ortada olmaya-olmaya. Əslində söhbət dövlətin sarsılmasından yox, ona ictimai etimadının sarsılmasından gedir. Zira, bir xalq qurduğu dövlətdən əlini üzübsə, fərd və toplum olaraq öz təhlükəsizliyini daha ona etibar etmirsə, dövlətdən ədalət ummursa, demək, həmin dövlətin yaşayıb-yaşamaması onunçün önəmli olmayacaq. Ən təhlükəlisi də bax, budur. Maləsəf, Azərbaycanda da klassik deyim illərdir öz aktuallığını saxlamaqdadır...

İstənilən ölkənin gücü şübhəsiz, ilk öncə orada qanunun aliliyinin, məhkəmələrin müstəqilliyinin təsbit edilib-edilməməsi ilə ölçülür. Əgər bir məmləkətdə cəza törədilən cinayətə adekvat deyilsə və ya cinayət əməlləri zaman-zaman layiqli hüquqi qiymətini almırsa, daha betəri, suçsuz insanlar həbsə məhkum edilirsə, o məmləkətin aqibəti yaxşı olmayacaq.

Azərbaycanda yenə bir neçə qanqaraldıcı məhkəmə prosesi start götürüb. Sabiq deputat Gülər Əhmədova ilə bahəm siyasətçilər İlqar Məmmədov, Tofiq Yaqublu və Yadigar Sadıqov, dindarlar və NİDA-çılar mühakimə edilirlər. Onların hamısında prosesi aparan hakimlər, dövlət ittihamçıları qanunu, Azərbaycanın qoşulduğu Avropa İnsan Haqları Konvensiyasının tələblərini deyil, siyasi mülahizələri və sifarişləri əsas götürürlər. Bir halda cinayətə qeyri-adekvat yüngül cəza (Gülər Əhmədova), digər halda isə haqq edilməyən olduqca sərt cəzalar istənilməkdədir.

XXI əsrdə belə əcaib, dövlətin sütunlarını silkələyib özülünü qazan, onu sivil dünyada rüsvay edən məhkəmə prosesləri bir an öncə durdurulmalı, günahsız insanlar azadlığa buraxılmalı, yalnız cəzaya layiq olanlar içəridə saxlanmalıdır! Belə bir iradəni isə müstəsna olaraq ölkənin birinci şəxsi göstərə bilər.

Düşünürük ki, KİV rəhbərləri ilə görüşdə prezidentin mediaya, müxalifətə, ictimaiyyətə açılım xarakterli mesajlarının cəmiyyətdə səmimi və ciddi qəbul olunması üçün ən uzağı, yeni təqvim ilinədək bütün siyasi-vicdan məhbusları buraxılmalı, siyasi dustaq probleminə həmişəlik son qoyulmalıdır. Bunu həm də toplumun dövlətə inam-etimadının bərpası və vətəndaş barışı zərurəti diktə edir.

Ardıca həbsxananın darıxdığı cinayətkarlar üzərində dövlət adından ədalətli və şəffaf məhkəmələr qurulmağa başlanacaqsa - lap xub. Hakimiyyət arzu edərsə, bu yöndə müstəqil tənqidi media hakimiyyətə və dövlətə mühüm informasiya dəstəyi verə bilər.

Misal üçün, keçmiş müdafiə naziri Səfər Əbiyev, digər odioz oliqarxlar barədə zaman-zaman tənqidi mediada şok kompromatlar dərc olunur. Amma hüquq-mühafizə orqanlarından səs-səmir çıxmır. Halbuki, qanunların bir elə işləmədiyi qonşu Rusiyada artıq sabiq müdafiə naziri Anatoli Serdyukova qarşı “səhlənkarlıq” maddəsi ilə cinayət işi qaldırılıb. Həmin səhlənkarlıq nəticəsində dövlətə 56 milyon rubl ziyan vurulub, əsgərlər qeyri-hərbi məqsədlər üçün işlədilib, yaşıllaşdırma və yol çəkməklə məşğul olublar. İndi kim inanar ki, bundan daha betər kriminal hallar cənab Əbiyevin nazir olduğu dönəmdə Azərbaycan Ordusunda baş verməyib?

***

Biz heç kəsə biz həbsxana həyatı arzulamırıq. Ancaq əgər hüquqi dövlətdə yaşayırıqsa, cinayətkarlar zindanda, günahsızlar azadlıqda olmalıdır. Əks halda, dövlət sarsılmaqda davam edəcək.

Zahid SƏFƏROĞLU/musavat
2149 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 18:22