Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Noyabr 2013

Kərbəlanın verdiyi ən böyük dərs...

Kərbəlanın verdiyi ən böyük dərs - şəxsiyyətin bütövləşməsidir

Bismilləhir-Rahmənir-Rahim! 

Məhərrəm-Səfər əyyamı bütün dünyada və məmləkətimizdə böyük coşqu ilə yaşanmaqdadır. Bu əyyamın, bu əyyamda keçirilən tədbirlərin və əzadarlıqların, gözəl və pak fitrətlərdən qaynaqlanan məclislərin ən ümdə hədəflərindən biri də budur ki, bizlər Allahla bağlantı tapaq, Onunla rabitəmizi bərpa edək. Məhərrəm-Səfər əyyamı və bu əyyamın içərisində gözəl tədbirlər, əzadarlıq məclisləri Allahla bağlantı tapmağa, Allahla rabitədə olmağa ciddi fürsətlər yaradır.

Məhərrəm-Səfər əyyamı insanı özü haqqında düşünməyə vadar edir
Məhərrəm-Səfər əyyamının digər ciddi xüsusiyyyətlərindən biri də - insanı özü, öz durumu barədə düşünməyə vadar etməsidir. Bu əyyamda insan özünün durumu, etdiyi günahlar barədə düşünür. Əgər bu mərasimlər nəhayətdə bizlərin qəlbini müalicə etməsə, bu məclislərin yalnızca zahirə tərəfindən bəhrə aparmış olaraq. Əsas məsələlərdən biri bu olmalıdır ki, biz özümüzü, hallarımızı, durumlarımızı təftiş edək.

Allah insanın tövbə etməsinə nə qədər sevinir?

İmam Cəfər Sadiq (ə) buyurur: “Allah-Təala Davud Peyğəmbərə (ə) vəhy etdi: ”Ey Davud, Mənim bəndəm günah etsə və sonra həmin günahdan üz döndərərək tövbə etsə və onu xatırlayan zaman Məndən həya etsə, onu bağışlayaram. Əməlləri qoruyub saxlayan mələklərin yaddaşından həmin günahı çıxararam və onu yaxşılığa çevirərəm. Mənim bu işdən heç bir çəkinəcəyim yoxdur. Çünki Mən - mehribanların ən Mehribanıyam"". Bizim belə bir Rəbbimiz var. Bizi sevən, bizə mərhəməti olan, bizə qayğısı olan, bizi içimizdə olan istedadları üzə çıxarmaq üçün yaradan, bu qədər nemətlər verən Rəbbimiz var.

Nemətlərdən doğru istifadə etmədikdə, günah edirik

Amma buyuruşa diqqətlə yanaşmaq lazımdır: “Mənim bəndəm günah etsə və sonra həmin günahdan üz döndərərək tövbə etsə...”  Hər vaxt ki, biz Allahın verdiyi nemətləri ilə Onun istədiyinə uyğun şəkildə rəftar etmirik, əslində xəta və günah etmiş oluruq. Allah bizə dil neməti, qulaq neməti, göz neməti, yaşamaq neməti və s. nemətlər bəxş edib. Biz bu nemətlərlə o neməti Verənin istəyinə uyğun rəftar etmədikdə, əslində günah etmiş oluruq. İnsan nə zaman günah etmiş olur? Günahlar o zaman meydana gəlir ki, Allahın verdiyi nemətlərlərlə Onun istədiyi kimi davranmırıq. İnsan bu günahları edər və peşman olar, narahat olarsa, bu, onun halının müsbət vəziyyətdə olmasından xəbər verər. 
Bizim narahatlıqlarımız nədirsə, halımız da odur. Biz nələrə narahat olduğumuzu sıralasaq, halımızın müəyyənləşməsi baş verər. Əgər narahatlıqlarımız günahlara görə, Allahın bəndəliyini etmədiyimizə görədirsə - xoş olsun halımıza. Əgər narahatlıq bunlar deyil, məişət məsələlərinə görədirsə - bu, mübarək narahatlıq deyil. Bizlər gündəlik məişət həyatımızda bir problemlə qarşılaşanda nə qədər narahat oluruq, nə qədər təlatüm yaşayırıq, içərimizdə narahatlıqlar meydana çıxır?! Lakin gün ərzində nə qədər Allahın razılığına uyğun olmayan hallarımız olur, amma onlar bizi narahat etmir. Əgər insan bu haldadırsa, məhvə doğru gedir. Özümüzü təftiş etməliyik.

Tövbə edən insan, sanki həyata yenidən gələr

Əziz Peyğəmbərimiz (s) buyuyur: “Həqiqətən Allahın Öz bəndəsinin tövbə etməsindən sevinci, övladı olmayanın övladı olduqda, bir şey itirən şəxsin itirdiyini tapdıqda və susuz şəxsin su tapdıqda duyduğu sevincdən çoxdur”. Allahın yaratdığı bəndə tövbə edəndə, peşman olanda, öz səhvlərini etiraf edəndə, qayıdanda, Rəbbinin qapısını döyəndə, özünü daxilən düzəldəndə, yenidən öz daxili fitrətinə qayıdanda, gəlib Rəbbi ilə ünsiyyət yaradanda, Rəbbinə dönəndə - onun yaranışı sanki yenidən baş verər. Belə insan sanki yenidən həyata gələr. İnsanın qayıdışı Allahı bu qədər sevindirər. 

Dövrün insanı Allahla bağlantıya daha çox can atmalıdır

Aydındır ki, gündəlik məşğuliyyətlər, çətinliklər, acizliklərimiz bizi özümüz barədə düşünməkdən yayındırır. Eyni zamanda müxtəlif amillər gün ərzində hallarımızın dəyişməsinə səbəb olur. Nəhayətdə, bizlər ehtiyaclı varlıqlarıq. Bizim ehtiyaclarımızın kökünün Ona bağlı olmasının fərqində olmalıyıq. Biz müqayisə etsək, qədimdə insanlar mənəvi məsələlərinə indiki dövr ilə müqayisədə daha çox önəm verərdilər. Sanki, o dövrün insanlarının Allahla bağlantı baxımından tofiqatı daha çox olub. İndiki şeytani məşğuliyyətlər ilə insan daha da dərindən Allaha bağlantıya can atmalıdır, özü ilə məşğul olmalıdır.

Əhli-beytin (ə) Aşuradan sonra başlanan missiyası

Məhərrəm-Səfər əyyamının günlərinə də nəzər salmaq çox önəmlidir. Aşuradan sonrakı günlər bir sıra əlamətdar xüsusiyyətləri ilə yadda qalıb. Yəni, hadisələr yalnızca Aşura gününün bitməsi ilə yekunlaşmayıb. Məhərrəm ayının on birinci günü, yəni Aşura gününün səhəri bir neçə önəmli hadisə baş verir. Bunlardan biri əsirlər karvanının yola düşməsidir. Ömər ibni Səd (lən) Aşura cinayətinin başa çatmasından sonra Məhərrəm ayının on biri günortayadək hər kəsin Kərbəlada qalmasını əmr edir. Öz ordularından öldürülənlərə, cəhənnəmə vasil olanları torpağa tapşırırlar. Bu, bir haldadır ki, Həzrət Huseyn (ə) və onun şəhid olmuş əzizlərinin pak bədənləri Kərbəlanın isti torpaqları üstündə qalıb. Gün yarıya çatanda Ömər Səd (lən) göstəriş verir və İmam Hüseynin (ə) əhli-beytini, əsirlər karvanını Kufəyə yola salmağa başlayırlar. İmam Səccad (ə) xəstə olduğu halda zəncirlənir və o Həzrəti də (ə) bu karvana daxil edirlər. 

Xanım Zeynəbin (s.ə) qətligahda qardaşına (ə) müraciəti

Əsirlər karvanı qətlgahın yaxınlığından keçərkən xanımların ağlamaları, əzadarlıqları başlanır. Kərbəla tamam fərqli bir səhnəyə çevrilir. Xanım Zeynəb (s.ə) dolmuş gözlərlə qardaşının pak bədəninə tərəf üz tutub buyurur: “Ordu qarət olan kəsə qurban olum! Xeymələrinin ipi kəsilən kəsə qurban olum! O kəsə qurban olum ki, nə itkindir ki, qayıtmasına ümid olsun, yaralarının sağalmasına ümid olsun! O şəxsə qurban olum ki, canım ona fədadır! Qurban olum o şəxsə ki, kədərli ürəklə, susuz dodaqlarla şəhid edildi! Qurban olum o şəxsə ki, üzündən qan damır!” Bununla da əsirlər karvanının hərəkəti başlayır və qətlgahdan keçir. Bu səhnələri, bu anları anlamaq, dərk etmək olduqca çətindir.

Aşuradan sonra ilk etirazlar başlayır

Məhərrəmin on birinci günü baş verən ikinci önəmli hadisə - Ubeydullah ibni Ziyadın (lən) məclis qurması və Əhli-beyti (ə) həmin məclisə daxil etməsidir. Məhərrəmin on birində Ömər Səd (lən) İmamın (ə) mübarək başını  ibni Ziyada (lən) göndərir. Bu münasibətlə ibni Ziyad (lən) məclis qurur, camaatın da azad iştirakı üçün imkan yaradılır. Əba Əbdillahın (ə) müqəddəs, nurani başı onun qabağına qoyulur. İbni Ziyad (lən) əlindəki cubuqla Əba Əbdillahın (ə) mübarək başına cürət edir. Bu zaman Zeyd ibni Ərqəm adında bir müsəlman ayağa qalxır və fəryad çəkir. Bu, tarixdə kifayət qədər önəmli səhnələrdən biridir. Zeyd deyir: “Əlindəki çubuqları Hüseynin (ə) dodaqlarından kənara çək. Peyğəmbərin (s) övladını təhqir etmək olmaz. Sən kəsilmiş başına çubuqla vurduğun Hüseynin dodaqlarını Peyğəmbərin (s) dəfələrlə öpdüyünü görmüşəm!” Sonra isə Zeyd ağlamağa başlayır. İbni Ziyad (lən) hiddətlənərək ona deyir: “Sakit ol! Əgər səhabə olmasaydın, səni yetərincə kötəkləməyə əmr edərdim”. Amma, Zeyd ibni Ərqəm qorxmur, cəsarətlə ayağa qalxır, fəryad etməyə başlayır: “Ay camaat, Allahdan başqasına bəndəlik etdiniz, Hüseyni (ə) - Fatimənin (ə) övladını öldürüb Mərcanənin oğlunu özünüzə ağa seçdiniz. Allaha and olsun ki, o, sizin yaxşılarını öldürəcək, pis insanları sizə hakim edəcək, sizi öz quluna çevirəcək”. Sonra üzünü ibni Ziyada (lən) çevirərək deyir: “Ey ibni Ziyad! Peyğəmbərin (s) müsəlmanlara dönə-dönə tapşırdığı əmanətlə gör necə rəftar etdin”. 

Məhərrəm ayının on birində görürük ki, artıq etirazların ilkinləri başlanır. Yezid (lən) artıq öz cinayətlərini elə rahatlıqla davam etdirə bilmir.

Kərbəla şəhidlərinin pak cənazələrinin dəfn olunması

Məhərrəm ayının on ikinci günü də bir neçə mühüm hadisələr baş verir. Bunların birincisi Kərbəla şəhidlərinin dəfnidir. İkincisi isə, Kərbəla əsirlərinin Kufəyə daxil olmasıdır. Bəni Əsəd qəbiləsindən olan bir qism insanlar İmam Hüseyn (ə) və onun əshabının pak bədənlərini dəfn etmək üçün Kərbəlaya gəlir. Bədənlər başsız və çoxunun qılınc zərbələri ilə parça-parça olduğu üçün tanınması mümkün olmur. Bəni Əsəddən gələn insanlar bu mənzərəni görəndə heyrətə gəlirlər. Bu zaman Həzrət İmam Səccad (ə) İlahi bir lütf ilə oraya təşrif gətirir və bədənlərin kimliyini bir-bir onlara tanıtdırır. Həzrət İmam Səccad (ə) əziz atası İmam Hüseynin (ə) pak cəsədini hönkür-hönkür ağlayaraq özü dəfn edir. Sonra qəbrin üzərində bu sözləri yazır: “Bu məzar susuz və qərib halda qətlə yetirilən Hüseyn ibn Əli ibn Əbutalibindir (ə)”.

Əsirlər karvanı ilk dəfə Kufədə yezid (lən) zülmünü ifşa edir

Məhərrəm ayının on ikinci günü üçün çox önəmli olan digər bir hadisə - Kərbəla əsirlərinin Kufəyə daxil olmasıdır. Hicri təqvimi ilə 61-ci il Məhərrəm ayının 12-də sübh vaxtı Əhli-beyt (ə) əsirləri Kufəyə daxil olurlar. Şəhidlərin müqəddəs başlarını onların qarşısında tərpədib hərəkət etdirirlər. O karvanı şəhərin bütün küçə və bazarlarında dolandırırlar. Rəvayətçi bu hadisənin bir bölümünü belə nəql edir: “Gördüm ki, Kufə camaatı ac halda oturan cocuqlara çörək və xurma verirdilər. O zaman Həzrət Ummi Gülsüm (s.ə) bu mənzərəni müşahidə etdikdə fəryad çəkir: ”Ey Kufə camaatı! Bizim sülaləyə sədəqə haramdır!". Çörək və xurmanı uşaqların əlində alıb qaytarır. Kişi və qadınların səsləri ucalanda Həzrət Ummi Gülsüm (s.ə) yenə də buyurur: “Ey Kufə camaatı! Kişiləriniz bizi öldürür, qadınlarınızı isə bizə ağlayır. Allah Qiyamət günü bizimlə sizin aranızda hökm edəcək!”. Bu zaman artıq Həzrət Zeynəb (s.ə), Həzrət Ummi Gülsüm (s.ə) və Həzrət İmam Zeynəlabidininin (ə) hər biri ayrıca çıxışlarla onlara xitab edirlər. Bu çıxışlarda Əhli-beytin (ə) fəzilətlərindən əlavə olaraq, İmam Hüseynin (ə) və onun əshabının məzlumluğunu, kufəlilərin vəfasızlığını və beyəti sındırmaqlarını xatırladırlar. Yezidin (lən) bu zülmünü və zülmani hökumətini ifşa edirlər. 

Kufəlilər insanların ikiləşməsi fenomenini ortalığa çıxarır

Çox ağrılı məsələdir. Bəzən insanlar bir tərəfdən cinayət edirlər, digər tərəfdən ağlayırlar. Bir tərəfdən zülmü edirlər, zülmü yaşadırlar, digər tərəfdən məzlum olmuşlara ağlayırlar. Günümüz üçün də yayılmış məsələlərdəndir. Nəhayət etibarilə, Aşuranın öyrətdiyi ən önəmli məsələ - insanın şəxsiyyətinin bütövləşməsidir. Kufə camaatı bəşəriyyətə bir mühüm məsələni öyrədir. Bir tərəfdən öldürüblər, digər tərəfdən ağlayırlar. Allah özü müsəlman ümmətini bu ikiləşmə halından qorusun. Mahiyyətcə Məhərrəm ayının on ikinci gününün səciyyəvi xüsusiyyəti bu olur ki, artıq ifşa etmə mərhələsi başlanır. Günbəgün irəli getdikcə, bu, daha da artır və Yezidin (lən) cinayətləri tamamilə ifşa olunur.

Həzrət Səccadın (ə) Kərbəlanı anlatmaq missiyası

Məhərrəm ayının on ikinci gününün bir tarixi hadisəsi də var ki, bəzi rəvayətlərə görə, Həzrət İmam Səccadın (ə) şəhadəti bu günə təsadüf edir. İmam Zeynəlabidin (ə) otuz dörd il mübarək İmamlığını (ə) həyata keçirir və nəhayətdə zəhərləndirilərək şəhadət anına gəlib çatır. İmam Səccadla (ə) bağlı incə bir buyuruş var. Ustadlar buyurur ki, Kərbəla və Aşura hadisələrinin, ümumiyyətlə o günlərin ən böyük məzlumlarından biri Həzrət İmam Səccaddır (ə). Bütün müsibətləri görür, həmin müsibətləri yaşayır, bütün müsibətləri içərisindən keçirir, daha sonra əsir olaraq da bu müsibətləri yaşayır. Sonra da bunu yaşayaraq çatdırmaq və ifşa etmək, insanlara ötürmək missiyası daşıyır. Bu, bir halda baş verir ki, hər zaman Kərbəla yadına düşərkən o müsibəti vücudunda yaşayır. 
Allahım, bizlərdən Əhli-beytə (ə) sevgini əskik etmə! Allahım, bizlərə Aşurada, Kərbəlada baş verənləri dərk etmək, yaşatmaq mərifətini nəsib et! Allahım, bütün xətalarımızı Əba Əbdillaha (ə) xatir bağışla! Amin!

İlqar İbrahimoğlu/musavat
2175 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
Go to TOP