Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2015

Dilidolaşıq adamlarımız

və yaxud azərbaycanlıların dili niyə söz tutmur?

Ta qədimdən bu günədək dünyada insanların az dinləyib çox danışmasından şikayətləniblər. Mənə görə bu problem bizim ölkəmizdən uzaqdır. Bizdə tərsinədir, Azərbaycanda insanlar danışmaq, fikirlərini dilə gətirə bilməməkdən əziyyət çəkir. Mövzumuz da budur, azərbaycanlılar niyə danışa bilmir? Onlara fikirlərini sərbəst qaydada bildirməyə nə mane olur?
Yaşamaq istər isək sırf əvam olmalıyız!
Atıb insanlığı, bilcümlə həvam olmalıyız!
M.Ə.Sabir
Bu suallar ətrafında məni düşünməyə internetdə arabir yayılan və gülüş hədəfi olan sosial sorğular vadar etdi. Siz də bəlkə o videoları görürsüz, adamlar ciddi və siyasi mahiyyətli bir cümlə qurunca dilləri qırx dəfə topuq vurur. Həmin videolara yazılan şərhlərdə hamı o dili dolaşanları yıxıb sürüməkdədir. “Yıxıb sürümək” öz yerində, bu hal daha dərin təhlilə layiqdi. Azərbaycanlılar, şair adlandırılan xalqımız son illər danışmağa çətinlik çəkirlər. Insanlar ölkəyə, həyatlarına dair ciddi məsələlərdən xüsusən ictimai yerlərdə, efir qarşısında danışanda dilləri dolaşığa düşür. Kəkələyirlər, ən yaxşı halda mənasız təkrarçılıqla canların qutarırlar.
Dünyada danışmaqdan asan bir iş olmadığı halda bizim camaat üçün bu niyə müşkül olub?
***
Bunun cavabını yaxınlarda gənc yazar Kəramət Böyükçölün qeydlərində gördüm. O deyirdi ki, Azərbaycanda ən böyük problem problemi dilə gətirən adama problem yaradılmasıdır. Bir balaca yanıltmaca oxşasa da, gözəl və dəqiq təsbitdir. Azərbaycanda ən böyük problem, problemləri danışan insanların başına dövlətin oyun gətirməsidir.
Deməli, biz danışmağa mane olan bir ciddi amili tapdıq, bu, qorxudur. Adamlar ona görə rahat danışa bilmirlər ki, hansısa xatalı sözü işlədəcəklərindən ehtiyatlanırlar. Adamlar bilmir, dərk elədikləri problemi hansısı formada dilə gətirsinlər ki, nə şiş yansın, nə kabab. Yəni çox adam bu sual qarşısında acızdir ki, necə edim həm problemi deyim, həm də bu problemi yaradan adamların qəzəbinə düçar olmayım. Buna görə də dil yazıq dolaşığa düşür, nitqdə erməni budaq cümələri peyda olur.
***
Danışmağa çətinlik çəkən zümrə əsasən ölkədə aparılan zombiləşmə siyasəti nəticəsində formalaşıb. Bu gün dünyada “beyin yuma” texnologiyası deyə bir şey var. Bu o demək deyil ki, kiminsə kəllə qapağın qaldırıb beyninə yuyucu məhlul tökürlər. Yox, belə deyil. Beyin yuma odur ki, dövlət, səlahiyyət sahibləri insanları informasiya blokadasında saxlayıb, onlara özünə sərf edən xəbərləri, təhlilləri dönə-dönə hər yerdə sakit formada yedizdirir.
Beləliklə, beyində başqa insanın özünün məhsulu olan fikirə, tənqidi düşüncəyə yer qalmır. Bu gün biz bu çirkin texnologiyanın qurbanlarıyıq. Ona görədir ki, Azərbaycanda çox adam, bizim bir dostumuzun dediyi kimi, AzTV dilində danışır. AzTV dili quru, hisslərdən uzaq, reallıqla əlaqəsi olmayan, yalançı nitqdir. Insanlar bu dildə ona görə danışırlar ki, onlar sadəcə başqa cürə düşünə bilmirlər. Beyində düşünmək üçün heç bir material yoxdu. Ona görə AzTV-dən nə qəbul edilirsə, o da təkrar ifadə edilir. Bu nitq, yəni AzTV dili, tərzi, həm də zərərsizdi, o cür danışan adam əmindir ki, ölkəni idarə edənlərdə qıcıq, qəzəb yatarmayacaq.
***
Mən bu yaxınlarda “Nitq mədəniyyəti” (müəllif Hüseynov Süleyman Səfər oğlu) adlı bir kitab oxudum. Kitabın bir yerində idmançılarımızın danışıq qabiliyyətinin zəifliyinə toxunulub. Yazılır ki, hətta hökumət orqanları əlaqədar şəxslərə irad tutur ki, bu idmançılar niyə 3 cümləni ard-arda qoşub danışa bilmirdilər. Yüksək fiziki qabliyyətləri ilə dünyanı heyrətləndirən Azərbaycan çempionları auditoriya qarşısında danışa bilməməklə də insanları təccübləndirməkdə, heyrətləndirməkdədir, deyə müəllif qeyd edirdi.
Adam inana bilmir ki, bizim məmurlar idmançılarımızın nitq qabiliyyətinin qayğısına qalır, onların yaxşı danışa bilmədiyinə görə narahatdılar. Ola bilər ki, məmurları narahat edən idmançılarımızın hər nailiyyətdən sonra “qələbəmə görə cənab prezidenetə təşəkkür edirəm” formasında bəyanatları bülbül kimi ötə bilməməsidir.
Təkcə idmançıların yox, müəllimlərimizin, həkimlərimizin, şagirdlərimizin də gözəl, aydın mənalı danışa bilməməsi azadlığın olmamasına bağlı haldı. Azadlıq, sərbəst düşünmə azadlığı, fikir azadlığı olmayan halda gözəl nitq də yarana bilməz. Axı unutmaq lazım deyil ki, nitq düşüncənin inikasıdır, məhsuludur. Sərbəst düşüncə yoxdursa, bulanıqdırsa, danışıq ondan beş betər pis olacaq.
***
Əlinizin altında televizorunuzun pultu varsa, kanalı dəyişin. Başqa ölkələrin telekanallarına baxın, məsələn, Avropanın, Türkiyənin, lap elə avtoritar Rusiyanın. Fikir verin, orda balaca balaca uşaqlar belə necə aydın, səlis formada özlərini ifadə edirlər. Yəqin ki, bu hal mən deməzdən əvvəl də sizin diqqətinizi çəkmişdi. Bu təzadın, necə deyərlər, “o əjdahalardan bizdə olmamasının” gizli bir səbəbi, sirri yoxdur. Səbəb hər il Azərbaycanın beynəlxalq hesablarda fikir və düşüncə azadlığına görə ən geri siyahılara düşməsindədi. Təkar edirəm, düşüncə azadlığı olmayan yerdə kamil nitq də ola bilməz. Çağdaş dövrdə insanları qul eləmək üçün əllərinə ayaqlarına zəncir vurmurlar, onun düşüncəsini, danışığını zəncirləyirlər. Azərbaycanda gördükyümüz mənzərə də elə budur, başqa şey deyil. Ona görə bu vəziyyətdən, yəni bizi düşünməkdən, danışmaqdan məhrum, kobud desək, qul vəziyyətinə salmalarından narahatıqsa, azadlığın qədrini bilməli, onun üçün mübarizə aparmalıyıq.

Natiq Güləhmədoğlu/azadlıq
849 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 16:52