Şrift ölçüsü:
A+
A
A-
Kr
08 May 2015

Hakimiyyət Avropa Oyunlarını seçki təbliğatına çevirir

Ziyafət Əsgərov hakimiyyətin bu oyunlardan güddüyü məqsədi açıqladı

Dəfələrlə yazmışıq ki, Azərbaycan Avropa Oyunlarından heç bir dividend götürə bilməyəcək. Əksinə, bu tədbirin ölkəmizdə keçirilməsi milyardlarla vəsaitin havaya sovrulmasına, vətəndaşlara məhrumiyyətlər yaşadılmasına və korrupsiyanın miqyasının artmasına xidmət edəcək. Bu bizim proqnozlarımız deyil, hamının bildiyi həqiqətdir. Məsələ burasındadır ki, hakimiyyət də bizim yazdıqlarımızı, əsaslandırmalarımızı etiraf edir.
Əvvəlcə məlum oldu ki, Avropa Oyunları maddi olaraq Azərbaycana xeyir gətirməyəcək. Üstəlik, ölkəmizə gələn bütün əcnəbilərin xərclərini də Azərbaycan tərəfi ödəyəcək. Hətta erməni atletlərin xərcini də Azərbyacan ödəyəcək. Deməli, 8 milyarddan artıq xərcin qarşılığında 1 qəpik də qazanac əldə edilməyəcək.
Bundan sonra hakimiyyət belə bir təbliğat yaydı ki, Avropa Oyunları sayəsində ölkənin imici yüksələcək, geniş təbliğat imkanı yaranacaq. Amma baş verənlər göstərdi ki, bu proqnoz əks-effekt verdi. Belə ki, beynəlxalq təşkilatlar Azərbyacan hakimiyyətini tənqid atəşinə tutdular, nüfuzlu nəşrlər ölkədəki siyasi məhbuslardan, korrupsiyadan yazdı və Avropa Oyunlarını boykot etmək üçün müxtəlif ölkələrə çağırış edildi. Eyni zamanda Azərbaycan hakimiyyəti əlində olan resurslar vasitəsilə antiQərb kampaniyasına start verdi. Ölkə başçısı səviyyəsində etiraf edildi ki, Soçi olimpiadasında Rusiyanın üzləşdiyi vəziyyətlə, indi Azərbaycan üz-üzə gəlib. Digər hakimiyyət nümayəndələri də Qərblə münasibətlərdə böhran yarandığını, Avropa Parlamenti ilə münasibətlərə yenidən baxılacağını və Avropa Oyunları öncəsi Azərbaycana təzyiqlərin artdığını dilə gətirdilər. Deməli, ikinci arqument də əldən çıxdı.
Nə maddi, nə də ölkənin təbliğatı baxımından uğur əldə etmək mümkün olmayacaq.
Bütün bunları başa düşən hakimiyyət indi 3-cü arqumentə start verib. Daha Avropa Oyunlarının maddi gəlir gətirəcəyi, ölkənin imicinə müsbət təsir edəcəyi haqda fikirlər səslənmir.
Parlamentin vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, Avropa Oyunlarının ən böyük xeyri xalq və hakimiyyətin birliyini nümayiş etdirmək olacaq: “Hazırda beynəlxalq münasibətlərdə böhran yaşanır. Azərbaycan nə qədər səmimiyyət göstərirsə, o qədər də bəzi dövlətlər və beynəlxalq təşkilatlar üstümüzə gəlir. Oyunların Azərbaycana verəcəyi ən mühüm xeyiri Azərbaycan xalqının dövlətçiliyinə olan inamının və özünə güvənin möhkəmləndirilməsi olacaq. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi bir daha sübut edir ki, Azərbaycan xalqı möhtərəm Prezidentimizin rəhbərliyi ilə özünə güvənir. Əsas dividentimiz ondan ibarət olacaq ki, bu, xalqla dövlət, Prezident arasında olan sıxlığın bir daha bariz nümunəsini göstərəcək”- deyə Ziyafət Əsgərov bildirib.
Göründüyü kimi, hakimiyyətin arqumentləri tükənib və çıxış yolu kimi yenə də xalqı hədəf seçiblər. Guya, insanların məcburən yollara çıxarılıb, məşələ əl çalmaları xalq- hakimiyyət birliyini göstəricisi imiş. Əslində hamı bilir ki, məktəblilər, müəllimlər, ümumiyyətlə, dövlət sistemində çalışanlar məcburən bu prosesə cəlb olunur. Yaxud hər rayonda bir neçə nəfər adamdan münasibət öyrənirlər və AzTV bunu xalqın sevinci kimi təqdim edir. Reallıq bundan ibarətdir ki, Avropa Oyunları xalqı ən çox qıcıqlandıran tədbir oldu. Insanlar dərk edir ki, bu qədər sosial problemlərin olduğu halda milyardlarla vəsaiti havaya sovurmaq hakimiyyətin yanlış addımıdır. Üstəlik, bu oyunlara görə yollarda məhdudiyyət yaranır, qeyri-rəsmi ödənişlər tələb olunur, xırda ticarətlə, taksi fəaliyəti ilə məşğul olanlar sıradan çıxarılır və s.
Yəni vətəndaş başa düşür ki, bu tədbirin nə şəxsinə, nə də dövlətə xeyri yoxdur. Sadəcə olaraq hakimiyyət dünyaya “şot” verərək, özünə imic qazanmaq və pul “yumaq” məqsədi güdür.
Bir sözlə, Ziyafət Əsgərovun 3-cü arqumenti də yaşamaq şansı qazanmadı. Deməli, Avropa Oyunlarının təqdimatı üçün heç bir müsbət arqument yoxdur. Hakimiyyət özü də bilmədən bu oyunların iflas və geriləmyə xidmət etdiyini təsdiqlədi./azadlıq/
584 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
02.12.16, 10:11