Şrift ölçüsü:
A+
A
A-
Kr
11 May 2015

Təsirsiz şok terapiyası

Son iki günün “vur-çatlasın, çal-oynasın” havası açıq şəkildə belə təsəvvür yaradır ki, hökumət xalqı ələ salıb. “Sizin işsizliyiniz borclarınız, ehtiyac və sıxıntılarınız bizim vecimizə deyil” mesajı verilir insanlara. Yoxsa iqtisadi depressiyanın bu tüğyan edən vaxtında milyonların havaya sovurulması hansı məntiqə və mənəviyyata sığır ki? Keçən gecə şəhərin hər yerində 10 dəqiqəlik “salyut”-atəşfəşanlıq oldu. Əminəm ki, o gecə böyük çoxluq mənim kimi gurultudan tir-tir əsən evində oturub lənət yağdırırdı bu qədər pulu havaya sovuranların ünvanına. Dünənki gül bayramına edilən görünməmiş israfçılığın da hüdudu, sərhədi yox. Biriləri ya doğrudan cəmiyyəti cənginə alan böhranın fərqində deyil, ya da beyinlərinə “pul sahibi özü bilər hara xərcləyər” düşüncəsi hakimdir sözün əsl mənasında...
Biz gerçəkdən qəribə xalqıq. Başımıza gətirilən inanılmaz müsibətlərə şok durumunda reaksiya verməklə işimizi bitmiş sayırıq. Bu durumdan çıxmağımız da bir xeyli vaxt aparır və sonra növbəti “seans” gəlir. Belə təsəvvür yaranır ki, biz heç şokun təsirindən ayılmırıq. Yəni ayıq olsaydıq, normalda baş verənlərin mahiyyətinə varıb, yanğın çıxışını axtarmağa cəhd edərdik, ən azından. Ekspertlər yaxın zaman üçün ölkədə iqtisadi depressiyanın dərinləşəcəyini, yeni devalvasiyanın olacağını bildirirlər. Amma biz ayılıb, olanlara adekvat reaksiya verə bilmirik.
Son zamanların dərinləşən tənəzzülü mənə nəyi xatırladır? 2010-cu ildə Yunanıstanda yaşanan iqtisadi iflas zamanı küçələrə axışan yüz minlərin hökumətin kəmər sıxma siyasətinə etiraz partlayışını. O zaman bezmiş insanlar hökumətə, onun “şok doktrinası”na etiraz olaraq qarşısına çıxanı dağıdıb tökmüş, acıqdan BVF-nin sədrini belə tutub döymüşdülər. O zaman ölkəyə 3 ildə gələn 110 milyard Avro kreditin 30 milyonu BVF-nin payına düşürdü. BVF-nin rəhbəri isə üsyan edən xalqa: “Biz bura yardıma gəldik. Dəvət edilmədiyimiz heç bir yerə getmərik. Həkimlə dava etməyin. Bəzən həkimlər sizə sevmədiyiniz dərmanları verir, amma dərmandan xoşlanmasanız da, həkim sizə yardım üçün ordadır,”- demişdi.
Burada işin mahiyyətini, borc verənlərin günah dərəcəsini peşəkar iqtisadçılar bilir, təbii. Amma bütün hallarda bir ölkənin düşdüyü çıxılmaz duruma görə vətəndaşın hesab soracağı ilk ünvan mövcud hökumətdir. O ki, qaldı bizdəki kimi milyardları heçdən havaya sovuran israfçı bir hökumət ola. Məntiq və müqayisə ilə baxsaq, bizdə yüz minlərin birdən küçələrlə çıxıb etiraz etmək səbəbləri yunanlardan qat-qat çoxdur. Ancaq görünən o ki, bizim xalqın qan qrupunda yuxu gətirən bir şey var, tətbiq olunan terapiyalar da təsirsiz qalır. Elə şok terapiyalarının özü də...
“Şok terapiyası” tibbi termin olsa da, artıq o, iqtisadi və siyasi anlamda da gen-bol istifadə olunur. Deyilənə görə, tibbdə şok terapiyası daha çox şizofreniya və dərin depressiya hallarında tətbiq olunur. Bu üsulla müalicə zamanı beyindən elektrik axını keçirilərək süni epilepsiya effekti yaradılır. Elektroşok xəstənin gicgahlarına tətbiq edilərkən elektrik axını təxminən yarım saniyə içində vücuda yayılır. Bu zaman tipik elektroşok krizində olduğu kimi şüur dərhal yox olur və ümumi bir qıcolma meydana gəlir. Müalicənin müsbət və əks təsirləri də şok effekti keçdikdən sonra məlum olur. Azərbaycan cəmiyyətinin durumu təxminən şok effektini keçib, müalicəyə müsbət reaksiya verə bilməyən xəstənin durumuna bənzəyir...

Səadət Cahangir /azadlıq
796 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat