Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2013

Astara gömrüyündə görünməmiş rəzalət

Yaşlı qadının aldığı 1 kilo bananı müsadirə ediblər; hadisənin şahidi olan jurnalist sərhəddə bütün məhsulların müsadirə olunduğunu deyir

İrandan Azərbaycana ərzaq və bir sıra məişət əşyaları buraxılmır. Bu ölkədən qayıdan Azərbaycan vətəndaşlarının alıb gətirdiyi məhsullar gömrük və Sərhəd Xidməti əməkdaşları tərəfindən müsadirə olunur.
Bu barədə bir gün əvvəl İran-Azərbaycan sərhədində baş verənlərin şahidi olmuş xeber.info saytının redaktoru Cavid Alışov məlumat verib. Jurnalist “facebook” statusunda yazıb ki, sərhəddə insanların əlindən hətta 1 kiloqram bananı belə müsadirə ediblər.
Sitat: “Dünən İrandan gəlirdim, gömrükdə çox dəhşətli hadisələrin şahidi oldum. Yük yoxlanan yerdə bir xanımın çantasından beş ədəd banan çıxdı. Xanıma dedilər ki, banan aparmaq olmaz. Xanım ”həkimdən gəlirəm, nəvəm qapıda məni gözləyir. Bütün pullarımı iynə-dərmana verdim, nəvəmin yanına əliboş getməyim deyə əlimdəki pul ancaq bir kilo banan elədi" dedi. Amma xeyri olmadı. Qəlbi daşlaşmış yırtıcılara bu sözlər heç bir təsir eləmədi. Xanım beş ədəd banana görə bir az yalvarandan sonra bananları onların əlindən alıb özü yeməyə başladı. Bir nəfəsə hamısını millətin gözü qabağında yedi. Sonuncunu yeyəndən sonra özünü saxlaya bilməyib ağlamağa başladı. Görünür, xanım çox cəsarətli qadın idi. Özünü sındırmayıb gömrük işçilərinə dedi: “Eybi yox siz burda qudurğanlığınızı davam edin. Mən nəvəmə göz yaşlarımı apararam. Amma bilin ki, bu göz yaşları o qədər çoxalacaq ki, sizi də olmasa balalarınızı qərq edib boğacaq!”
“Yeni Müsavat”a gömrükdə şahidi olduğu hadisə ilə bağlı danışan C.Alışov bildirdi ki, Astara gömrük-keçid məntəqəsində İrandan qayıdan azərbaycanlıların aldıqları bütün məhsullar, əşyalar müsadirə olunub: “Toyuq, yağ (bütün növləri), qənd, şəkər tozu, çay, birdəfəlik istifadə olunan qablar, güldanlar, banan, kartof, soğan və sair məhsulların hamısını müsadirə edirdilər. Bir nəfər bir qutu çay gətirirdi, onu da qoymadılar. Həmin şəxs də əsəbiləşərək çay paketini cırıb dağıtdı. Mənimlə gələn dostlardan biri kağız stəkan almışdı. Onu da qoymadılar, dedilər ki, bu qadağandır. Mən də gedib rəislə danışdım, mənə dedi ki, birmənalı olaraq qadağandır. Heç bir əsas gətirmədən insanların əllərindəki məhsulları müsadirə edirdilər. Hətta mənim sual verməyim xoşlarına gəlmədi, pasportumu aldılar və gördüm ki, məni ilişdirmək istəyirlər sonra pasportumu rəisin əlindən alıb çıxıb gəldim”.
Cavid Alışov deyir ki, malları əsasən gömrük əməkdaşları müsadirə etsə də, sərhəd xidməti zabitləri də canfəşanlıq edib, bütün məhsulların müsadirəsi göstərişini verib. C.Alışov onu bildirdi ki, etiraz edən insanlara gömrük işçiləri “gedin Azərbaycandan alın” deyiblər.
Qeyd edək ki, zaman-zaman İran-Azərbaycan gömrük postunda bu kimi hallar qeydə alınır. Monopolistlər İrandan Azərbaycana ucuz ərzaq və meyvə gətirilməsinin qarşısını məhz bu yolla almağa çalışırlar.
1722 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
Go to TOP