Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2015

Rəşad Məmmədovla bağlı yeni məlumatlar

Bayraq Meydanı Idarəsinin sabiq rəisinin 300 manat maaş alan müsahibi Bakıda otellər inşa etdirirmiş

Səbail rayonunun Xanlar və Qurban Abbasov küçələrində, həmçinin paytaxtın bütün məşhur və dəbdəbəli hissələrində bir-birinin ardınca lüks saray və imarətlər ucalır. Bəs bu otellərin, torpaq sahələrinin, yeni lüks tikililərin sahibi kimdir? Virtalaz.org saytı yazır ki, sənədlərdə bir adamın adı keçir - Niyaz Ravil oğlu Orucov.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Səbuhi Hüseynov vəkil Kamandar Nəsibovun sorğusuna göndərdiyi 20 fevral, 2015-ci il tarixli cavabında Bakının mərkəzindəki ən bahalı tikililərin sirli sahibinin kimliyi məsələsinə nəhayət ki, aydınlıq gətirir: “Niyaz Ravil oğlu Orucov 2009-cu il, sentyabrın 1-dən etibarən ”AzImport" şirkətinin mühasibi vəzifəsində çalışır. Onun aylıq maaşı isə 300 manat təşkil edir".
2014-cü il, iyunun 26-da Niyaz Orucovla “Feniks AA” MMC şirkətinin direktoru Raqif Rafiq oğlu Həbibov arasında tikinti işlərinin başlanmasına dair müqavilə imzalanır. Aylıq maaşı cəmi-cümlətani 300 manat olan mühasib podratçı kimi çıxış edərək Xanlar küçəsində ofis mərkəzinin tikintisini sifariş edir.
Sayt yazır ki, bu məsələdə ən maraqlı detal odur ki, həmin binanın tikintisi müqavilənin imzaladığı günlərdə artıq ildırım sürəti ilə gedirdi. Başqa sözlə, burada tikinti hələ 2013-cü ilin sonlarında, yəni podratçı ilə tikintiyə dair müvafiq müqavilənin imzalanmasından yarım il əvvəl başlamışdı. Və bu tikinti işləri Hacıbala Abutalıbovun 13 sentyabr, 2013-cü il tarixli sərəncamına zidd olaraq aparılırdı.
Bakı meri özünün 357 saylı sərəncamı ilə aylıq maaşı 300 manat olan mühasib Niyaz Orucova Xanlar küçəsindəki köhnə tikililəri sökmək və yerində yeni yaşayış binasını layihələndirmək icazəsi verir (özü də Səbail Rayon Icra Hakimiyyəti başçısının sərəncamı əsasında). Beləliklə də Orucov yeni bina tikmək yox, yalnız yeni binanın layihəsini hazırlamaq icazəsi alır.
Daha bir qanun pozuntusu. H.Abutalıbov öz sərəncamında açıq-aydın şəkildə qeyd edirdi ki, burada söhbət yaşayış binasının layihəsinin hazırlanmasından gedir. Qeyd etdiyimiz kimi, N.Orucovun “Feniks AA” MMC ilə müqaviləsində isə söhbət ofis kompleksinin tikilməsindən gedirdi. Sonda meydana yenə də yaşayış evi yox, ofis kompleksi çıxır!
Lakin daha bir dəhşətli qanun pozuntusu ilə müqayisədə hətta bu da xırda məsələdir. H.Abutalıbov 2013-cü il, sentyabrın 13-də Xanlar küçəsindəki köhnə, uçuq-sökük tikililərin söküntüsünə icazə vermişdi. Halbuki bu küçədəki bütün tikililər “AzImport” şirkəti tərəfindən hələ 2012-ci ildə sökülüb yerlə-yeksan edilmişdi. Yəni adıçəkilən şirkət bütöv bir küçədəki tikililəri BŞIH başçısının icazəsi, sərəncamı olmadan söküb dağıtmışdı!
Lakin bu şirkətin tarixçəsindəki daha bir dəhşətli faktın müqabilində hətta bu da xırda-xuruş məsələdir. Məsələ burasındadır ki, “AzImport”un yenicə meydana çıxmış milyarder mühasibi Niyaz Orucov FHN-dən “tikinti pasportu” deyilən sənəd, yəni inşaat işlərinə icazə verən arayış da alıb. Amma nə vaxt? Yalnız 2014-cü il, fevralın 14-də. Yəni bu və digər binalar artıq tikilib başa çatandan xeyli sonra!
Qeyd edək ki, “AzImport” şirkətinin sahibi Bayraq Meydanı Idarəsinin keçmiş rəisi Rəşad Məmmədovdur. Rəşad Məmmədov bir neçə gün əvvəl tutduğu vəzifədən azad edilib. Onun həbs olunduğu barədə də məlumatlar var. Rəşad Məmmədovun hədəfə gəlməsinin dəqiq səbəbi bəlli deyil.
Sözsüz ki, Niyaz Orucovun “milyarderliyinin” arxasında Rəşad Məmmədov dayanır. Lakin bir məsələ də var ki, Rəşad Məmmədov özü xırda bir idarənin rəisi olub. Onun biznes imperiyası qurmasına heç şübhəsiz hakimiyyətin ən yuxarı səviyyəsində “yaşıl işıq” yandırılıb. Indi Rəşad Məmmədov hasısa səbəbdən etimadını itirib. Bu baxımdan da qanunsuz əməlləri, obyektləri, villaları “üzə çıxıb”.
680 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:10