Şrift ölçüsü:
A+
A
A-
Kr
14 May 2015

İmişli məmurlarından rüşvətin yeni icadı - Pulu corabında gətir

Dövlət tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına ən yüksək səviyyədə qayğı göstərilir. Bildiyiniz kimi, son illərdə dövlət büdcəsindən ayrılan irihəcmli vəsaitlər hesabına həm paytaxtda, həm də bölgələrdə şəhid ailələri, müharibə əlilləri üçün mənzillər tikilərək onların istifadəsinə verilib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) açıqlamasına görə, nazirlik tərəfindən inşa etdirilmiş yaşayış evlərindəki mənzillərin bölgüsü rayon (şəhər) icra hakimiyyətlərindən məktubla təqdim olunmuş növbəlilik siyahıları üzrə və nazirlikdə yaradılmış müvafiq Xüsusi Komissiya tərəfindən həyata keçirilir. Şəffaflığın daha da artırılması məqsədilə komissiyanın tərkibinə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri, ayrı-ayrı əlil təşkilatlarının sədrləri də daxil edilib. Çoxmərtəbəli binalardan mənzillər Əfqanıstan, Çernobıl, "20 yanvar" və Qarabağ əlilləri, şəhid ailələri üçün nəzərdə tutulub. Bu kateqoriyadan olan vətəndaşlar yaşadıqları ərazi üzrə yerli icra hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülür. Komissiya müvafiq icra hakimiyyətinin təqdim etdiyi siyahıya baxır, iclasa onların nümayəndələri də dəvət olunur. İlkin olaraq mənzil almaq hüququ olmayan şəxslərin adları siyahıdan çıxarılır. Məsələn, hərbi xidmət, əmək əlili, Qarabağ savaşında həlak olanın qardaşı, bacısı, nəvəsi və digər qohumu bu imtiyaza malik deyil. İcra hakimiyyətlərinin siyahısında belə şəxslərin adlarının olmağı o demək deyil ki, həmin binadan onlara da mənzil veriləcək. Təəssüf ki, bir sıra hallarda bəzi məmurlar şəhid ailələrinə qarşı biganəlik göstərir, eyni zamanda onları süründürməçiliyə məruz qoyurlar. Ötən saylarımızda İmişli rayon sakini, həyat yoldaşını və bir neçə yaxın qohumunu Qarabağ döyüşlərində itirmiş Babaşova Adilə Novruz qızının şikayətini dərc etmişdik. Bildirək ki, o İmişli Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Rahim Zaidov və aqrar məsələlər şöbəsinin baş mütəxəssisi Cavad Musayevin qanuna zidd əməllərindən şikayət etmişdi. Dünən yenidən redaksiyamızla əlaqə saxlayan Adilə xanım hüquq şöbəsinin müdirinin özbaşına əməlləri ilə bağlı yeni faktları açıqladı: "Rahim müəllim nə şəhidlərin ruhuna, nə də bizə hörmət qoyur. Bu adam həm də İmişli İcra Hakimiyyətində mənzil komissiyasının katibidir. Rayondakı şəhid ailələri, müharibə əlilləri və mənzil almaq hüququ olan digər şəxslər böyük çətinliklə üzləşmək məcburiyyətində qalır. Bunun səbəbkarı hüquq şöbəsinin müdiridir. Bir neçə il əvvəl bizim ailəyə mənzil verildi. Hazırda həmin mənzildə oğlum yaşayır. Amma bu mənzili almaq mənə elə də asan başa gəlmədi. Müvafiq qanunvericiliyə əsasən, şəhid ailəsi olaraq bizə mənzil verilməli idi. Çox get-gəldən sonra Rahim Zaidov dedi ki, gətir "hörmət" elə sənə ev verək, yoxsa işin uzanacaq. Həmçinin bildirdi ki, "şirinliyi" corabının içərisində gətir heç kim görməsin. Mən də onun dediyi kimi etdim. Yalnız bundan sonra rayonda şəhid ailələri üçün tikilən binadan mənzil ala bildim. Halbuki, mənzillər pulsuz verilməli idi. İmişlidə güzəştli kateqoriyadan olan vətəndaşlar üçün tikilən mənzillər məhz bu kimi "şərtlər"in qarşılığında verilir. Kimliyindən və maddi vəziyyətindən asılı olmayaraq mənzil növbəsinə dayanan bütün şəxslər hüquq şöbəsinin müdirini görməlidir. Əks təqdirdə onlara mənzil verilmir". Şikayətçi onu da vurğuladı ki, R.Zaidov həyata keçirdiyi qanunsuz əməllərini bəzi səbəblərlə əlaqələndirməyə çalışır: "Mənzil alarkən o mənə demişdi ki, şəhid ailələri üçün nəzərdə tutulan bina rayon icra hakimiyyətinin öz vəsaiti hesabına tikilib. Buna görə də mənzil növbəsinə dayanan vətəndaşlardan pul tələb olunur. Sonradan isə öyrəndim ki, bu binalar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttilə, büdcədən ayrılan vəsaitlərlə tikilir. Şöbə müdiri camaatın savadsızlığından istifadə etməklə onları aldadır. Ailəmizin sosial durumu çox ağırdır. Oğlumun biri hərbi xidmət zamanı əlil olub. Onun yaşamağa yeri yoxdur. İcra hakimiyyətinə müraciət edib oğlumun adını mənzil növbəsinə yazdırmışdım. Şöbə müdiri isə qərəzli şəkildə oğlumun adını oradan sildirib öz övladının adını siyahıya əlavə edib. Sizcə, bu hansı qanuna sığır? Rahim müəllimin mənzilə ehtiyacı yoxdur. Çünki şöbə müdirinin bir neçə imarəti, obyektləri və daha nələri var. Həyat yoldaşım və yaxın qohumlarım Vətən uğrunda şəhid olub. Budur bizim ailəyə qoyulan hörmət? Qəzet vasitəsilə icra başçısı Vilyam Hacıyevdən kömək istəyirəm. Qoy başçı bilsin ki, şöbə müdiri mənim hüquqlarımı tapdalayır". Şikayətlə bağlı qarşı tərəfin münasibətini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticəsiz qaldı. İnanırıq ki, həm ƏƏSMN rəsmiləri, həm də İmişli Rayon İcra Hakimiyyətinin rəhbərliyi şəhid ailəsinin üzləşdiyi problemi tezliklə yoluna qoyacaq və şöbə müdiri layiqli cəzasını alacaq./teref.info/
623 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı