Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Noyabr 2013

Kasıb təcili ölməlidir... - Xəstəxanadan reportaj

Baş həkim bizi niyə qovdu?

Ölkəmizdə həkim terrorunun baş alıb getdiyi vaxtda bir də dövlət xəstəxanalarında bütün müayinələrin - həkim məsləhətindən tutmuş analizlərə qədər hər şeyin pullu olmasıyla bağlı şikayətlər daxil olur.
Xatırladaq ki, dövlət xəstəxanalarında vətəndaşlara göstərilən bütün səhiyyə xidmətləri dövlət hesabına həyata keçirilməlidir və Səhiyyə Nazirliyinin bu haqda sərəncamı 2008-ci il fevralın 1-dən qüvvəyə minib.
Bu sərəncama nə dərəcədə əməl olunur, şikayətçi vətəndaşlar nə qədər haqlıdır?
Vəziyyəti öyrənmək üçün M.A.Topçubaşov adına Klinik Cərrahiyə Elmi-Tədqiqat İnstitutuna üz tutduq.

Talan başlayır

Qapıdan içəri daxil olan kimi qeydiyyat şöbəsindəki xanım gəlişimin səbəbini soruşdu. Müayinə olunmaq üçün gəldiyimi dedim.
Şikayətimin daxili orqanlardan olduğunu bildirdikdən sonra qeydiyyat şöbəsində çalışan tibb işçisi heç bir sənəd tələb etmədən məni qeydiyyata aldı və birinci mərtəbədə yerləşən 8 nömrəli otağa, Mətanət həkimin yanına göndərdi.

Otağa keçib həkimə ağzımdan qan gəldiyini dedim. O da öz növbəsində bir-iki sual verib cavab aldıqdan sonra məni ağ ciyərimi yoxlatdırmaq üçün tomoqrafiyaya göndərdi.
Artıq xəstəxananın vahiməsinə qapılmışdım və özüm də inanmağa başlamışdım ki, vəziyyətim heç də yaxşı deyil. Görünür, narahatlığım üzümdə çox aydın əks olunmuşdu. Həkimin sual dolu baxışlarından sonra dilləndim: ”Çox ümidsiz bir vəziyyətdə gəlmişəm bura. Kaş ki, hər şey qaydasında olsun”.
Mətanət xanım da məni qeydiyyata saldı.
Qeydiyyatı bitirdikdən sonra ayağa qalxdım. Tomoqrafi olan otağa girmək istəyəndə həkim xanım dilləndi:

- 65 manat ödəməlisiz.

Niyəsini soruşdum? Üzümdəki narazılıq həkimi narazı saldı:

- Başqa xəstəxanada 80-100 manatdır, biz hələ ucuz edirik.

Pulsuz müayinə üçün arayış

Buranın dövlət xəstəxanası olduğunu və Səhiyyə Nazirliyinin sərəncamını xatırladıram.

Yenidən həkimin qəbuluna qayıdıram, 65 manatın çox olduğunu deyirəm. Həkim nə qədər imkanımın çatacağını soruşur, ümumiyyətlə pulum olmadığını deyirəm.

- Pulsuz müayinə və müalicə istəyirsənsə, arayış gətirməliyəm, - həkim bildirir.

Ümidsiz halda arayış gətirə bilməyəcəyimi bildirirəm və sağollaşıb ayrılıram.


Cavansız, bu yollara düşmüsüz

Mühafizəçidən baş həkimin otağını soruşuram. İkinci mərtəbəni göstərir.

Növbə tutub gözləyirəm.

Nəhayət, bir saatdan sonra baş həkim Yusif Əliyevin qəbuluna gedirəm.

Özümü təqdim edirəm və jurnalist olduğumu deyirəm.

- Dövlət xəstəxanasında həkim məndən 65 manat pul istəyir, bunu necə izah edə bilərsiniz?

Baş həkimin əsəbiləşdiyi dərhal sezilir:

- Təxmini olaraq mən sizi eşitdim, nə istədiyinizi başa düşdüm. Kim sizi öyrədib bura göndərib, çox təəssüf edirəm. Cavansız, bu yollara düşmüsüz. Əgər kimsə qanunu pozubsa, hüquq-mühafizə orqanlarına yazarsınız. Vəssalam, məsələ bitdi.

Həkim bunları deyəndən sonra qapını bağlayıb çıxır, mən isə onun ardınca. Və suallarımı davam etdirirəm:

- Burda konkret qiymətlər var. Məsələn, USM-in qiyməti 20 manatdır, buna nə deyə bilərsiniz?

- Elə bir şey yoxdur, bu, başdan-ayağa sizin uydurmanızdır.

- Deməli, verilən sərəncama burda məhəl qoyulmur?

- Heç kim qaydanı pozmur, qanunu pozan sizsiz ki, camaatı aldadırsız. De ki, jurnalistəm, özünü təqdim et. Oğurluq gəlib burda reportaj edirsən. 647 nəfər işçinin yanında baş həkim durub onların nə işlə məşğul olduğunu bilə bilməz. Sağ olun, mənim sözüm bu qədər.

Baş həkim əsəbi halda məndən canını qurtarmağa çalışır, çıxış qapısını göstərib çıxa biləcəyimə işarə edir.

Qan təhlili 10 manat, tomografiya 60

Xəstəxanada adam əlindən tərpənmək olmur. Yavaş-yavaş xəstələrə yaxınlaşıram.
Tomoqrafiyaya gələn xəstələrdən nə qədər pul ödədiklərini öyrənmək istəyirəm. Məlum olur ki, yanaşdığım ilk xəstə tomoqrafiya üçün 60 manat pul ödəyib.

Dəhlizdə üstünə “Qan təhlili” yazılan qapıya yaxınlaşıram. Qapının yanında iki xəstəni söhbətə tuturam.
Onlar da qan təhlilinə 10 manat ödəyəcəklərini deyirlər.
Başqa xanım xəstəyə yaxınlaşıram.
- Həkim müayinəsindən keçəndə pul ödəmisiz?
- Əlbəttə.
- Nə qədər?

Xanım ağzını açmaq istəyəndə ağ xələtli ucaboy bir xanım bizə yaxınlaşır, müsahibimlə arama keçir.

- Nə istəyirsiz? – acıqla, qışqıra-qışqıra soruşur. - Niyə bura gəlmisiz? Nə soruşursuz?

Xəstə olduğumu deyirəm. O isə mənim jurnalist olduğumu başa düşüb, bəlkə də artıq onlara xəbərdarlıq edilib. Əlilə mənə toxunmaq istəyəndə kənara çəkilirəm. Mühafizəçini çağırır. Mühafizəçi məndən xəstəxananı tərk etməyi tələb edir.
Xəstəxanadan çıxıb həyətdə oturan xəstələrə yaxınlaşmaq istəyəndə yenidən iki mühafizəçi və məni dəhlizdən çıxartmağa can atan ağ xələtli xanım qışqıra-qışqıra mənə tərəf gəlir.

Yaşamaq da, xəstələnmək də çox çətindir

Qadın çox əsəbi halda mühafizəçilərə məni xəstəxana darvazasına qədər təqib etməyi tapşırır. Oradan uzaqlaşıram. Darvazadan çıxanda bir xəstə mənə yaxınlaşır və danışmağa başlayır:

- Şəkidən gəlmişəm, boğazımda balaca bir şiş var. Amma səbəbini tapa bilmirlər. Neçə vaxtdır bura gəlib-gedirəm. Həkim müayinəsi 15-20 manatdı. Mədəmə boru salmışdılar (endoskopi – red.), 30 manat istədilər. Çox çətindir - yaşamaq da, xəstələnmək də... USM 20, tomoqrafiya 65, ümumi qan təhlili 10 manat... Hələ Allah bilir sonra hansı analizlərə göndərəcəklər. Bilmirsən altından necə çıxasan. Yox, deyəsən kasıb təcili ölməlidi.../axar.az/
1991 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı