Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2015

Pulu erməniyə yox, ona güllə atana xərcləyin!

Qarabağ əlili: Mümkün deyilsə, məni bu ölkədən deportasiya edin!

«Qarabağ əlilləri və şəhid ailələrinə ev və avtomobillər pulsuz verilmir»!


Bu sözləri Sumqayıt şəhəri Nizami küçəsi 19C, məh 6-da qeydiyyatda olan 2-ci qrup Qarabağ əlili Muradxanov Imran Sahib oğlu bildirir. Sumqayıt şəhər Icra Hakimiyyətinin başçısı Eldar Əzizova, Mənzillər Uçotu və Qeydiyyatı şöbəsinin müdiri Sədaqət Əsədovaya dəfələrlə müraciət etməsinə baxmayaraq, mənzil probleminin həlli və işlə təmin olunması haqqında heç bir tədbir görülməyib.
2-ci qrup Qarabağ əlili illərdir çarəsizlikdən bütün instansiyalara üz tutsa da, onun acınacaqlı vəziyyəti ilə maraqlanan olmayıb.
Imran Muradxanovun qəzetimiz vasitəsi ilə ölkə başçısı I.Əliyevə müraciət göndərib:
“Hörmətli Prezident, 43 yaşım var, subayam, evsizəm. 2-ci qrup əlilliyə görə 160 manat təqaüd alıram. Təqaüdümün 100 manatını ev kirayəsi ödəyirəm. Heç də, bu ölkədə hər şey Sizin dediyiniz kimi gözəl deyil. Acınacaqlı durumdayam. Tanrının verdiyi ömrün böyük hissəsini artıq başa vurmuşam.
1992-ci il oktyabr ayında Ağdərə uğrunda gedən döyüşlərdə çənə və boyun nahiyəmdən güllə yarası alaraq, 8 ay Bakı şəhərində Hərbi hospitalda müalicə almışam. Sol çənə və dişlərimdən məhrum olmuşam. Yemək yeyəndə əziyyət çəkirəm. Ona görə də duru xörəklər yeməliyəm. Həmin yeməkləri isə hazırlayanım yoxdur. Uzun illərdir valideyn himayəsində yaşayırdım. Evli qardaş və bacılarım olduğundan evimizin darısqallığı səbəbindən ev kirayələmək məcburiyyətində qaldım.
Hörmətli Prezident, 2007-ci ildən Sumqayıtda 2-ci qrup Qarabağ əlili kimi ev növbəsinə qeydiyyata alınmışam. Məndən sonra ev növbəsinə qeydiyyata alınanlar ev alıblar.
Ev və maşın alanlar arasında elələri var ki, Azərbaycan coğrafiyasında Qarabağın harada yerləşdiyini bilmir. Məlumunuz edim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin keçmiş başçısı Füzuli Ələkbərov Qarabağ əlilləri üçün ayrılan ev və maşınları təmənnasız vermirdi. Bütün şikayətçiləri nazirlik ətrafında dolaşan dəllallar qəbul edirdi. Müxtəsər, açıq bazar idi. Pulun varsa, maşın və mənzil ala bilərdin. Şükürlər olsun ki, ƏƏSMN Füzuli Ələkbərovdan xilas oldu, ancaq hər şey dəyişməz olaraq qalır.
Pasport qeydiyyatında olduğum Sumqayıt şəhəri Nizami küçəsi 19C, məh 6-da Sumqayıt 4-cü Polis Bölməsi yerləşir. Qeyd edim ki, məni o ünvana qeydiyyata alıblar.
Hörmətli Prezident, Qarabağ və şəhid ailələri üçün 2013-cü ildə evlər paylanarkən müşahidə etdim ki, məndən sonra ev növbəsinə duranlara mənzil verilir. Etirazımı bildirdim. Buna əhəmiyyət verən olmadı. Avtomobil növbəsinə yazılmaq istəyərkən mənə bildirdilər ki, əlin-ayağın sağ-salamatdır. Səni avtomobil növbəsinə qeydiyyata götürə bilmərik. Indi mən neyləməliyəm ki, yağı düşmən ayağımdan yox, gicgahıma yaxın çənə və boyun nahiyəmdən vurdu. Necə olur ki, Qarabağı tanımayıb əlinə silah almayanlar ev və avtomobil alır? Bu ayrı-seçkilik deyil, bəs nədir?
Mənzil və avtomobillə təmin olunmağım haqqında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova göstəriş verməyinizi Sizdən xahiş edirəm. Bu mümkün deyilsə, mənim bu ölkədən deportasiya olunmağıma yardımçı olmağınızı istəyirəm"./azadlıq/
583 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber