Şrift ölçüsü:
A+
A
A-
Kr
15 May 2015

Eldəniz Quliyevə sabaha qədər vaxt verildi

Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, görkəmli ziyalı Eldəniz Quliyev daxili işlər naziri Ramil Usubovla məhkəmə çəkişməsi sonucunda ona kəsilən 1140 manatlıq cərimə cəzasını ödəmək üçün ona sabaha qədər vaxt verildiyini bildirib:
“Nəsimi Rayon Məhkəməsi tərəfindən kəsilən 1140 manatlıq cərimənin 500 manatını ödəmişəm. Bu məsələdə mənə Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri kömək edib. Lakin bu gün mənimlə əlaqə saxlayan məhkəmə icraçısı Ramiz Quliyev mənə bildirdi ki, sabah cərimənin qalan hissəsini ödəyib qurtarmalısan. Əks təqdirdə sənə qarşı daha ciddi addımlar atılacaq. Mənsə indiki vəziyyətdə bu vəsaiti ödəyə bilmədiyimi, bunun üçün bir az zamana ehtiyac duyduğumu bildirdim. R.Quliyev isə qeyd etdi ki, sabah pulun ödənməsi üçün son müddətdir. O, açıq şəkildə etiraf etdi ki, cərimənin ən qısa zamanda ödənilməsi ilə bağlı ona “yuxarıdan” göstəriş verilib və onun məhkəmə icraçısı kimi bu məsələdə edə biləcəyi bir şey yoxdur.
İndi belə çıxır ki, mən sabaha qədər həmin pulu tapıb verə bilməsəm, mənə qarşı əlavə təzyiqlərə start veriləcək. Görünən odur ki, mövcud hakimiyyət öz opponentlərinə qarşı ən iyrənc üsullardan istifadə etməkdən, onların maddi sıxıntılarından faydalanmaqdan çəkinmir.
Mənə gəlincə, cərimənin qalan hissəsini sabaha kimi ödəməyim mümkün deyil. Bu isə o deməkdir ki, hakimiyyət sabahdan etibarən mənə qarşı yeni təzyiq və təqib mexanizmlərini işə salacaq”.
Məlumat üçün qeyd edək ki, daxili işlər naziri Ramil Usubov 2014-cü ildə Eldəniz Quliyevə qarşı Cinayət Məcəlləsinin 147 və 148-ci (təhqir və böhtan) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırmışdı. İddiaya səbəb Eldəniz Quliyevin yol polisi barədə Ramil Usubova yazdığı müraciət olub. Eldəniz Quliyev “Feysbuk” şəbəkəsində yazdığı, “Moderator.az” saytında da dərc olunan həmin müraciətində bəzi yol polisi əməkdaşlarının öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyini bildirib və naziri konkret addımlar atmağa səsləyib. Nəsimi Rayon Məhkəməsinin təyin etdiyi linqvistik ekspertiza Eldəniz Quliyevin yazdıqlarında təhqir məqamlarının olduğu barədə rəy verib. Beləliklə də ötən il 30 oktyabr tarixində Nəsimi Rayon Məhkəməsi Eldəniz Quliyevin 480 saat müddətində ictimai işlərə cəlb olunması və 1000 manat məbləğində cərimələnməsi ilə bağlı qərar çıxardıb. Məhkəmə zamanı keçirilən ekspertizanın xərci də E.Quliyevə kəsilən cərimənin üzərinə əlavə edilib və bununla da tanınmış ziyalının ödəməli olduğu məbləğ 1140 manata çatıb./moderator/
601 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber