Şrift ölçüsü:
A+
A
A-
Kr
16 May 2015

Hakimiyyət Mehman Hüseynovun fəryadını eşitmədi

«Fəryad» filminin real obrazı biganəliyin qurbanı oldu

Dəfələrlə yazmışıq ki, Azərbaycan hakimiyyətinin “bizim Qarabağ kimi dərdimiz var” şüarı saxta vətənpərvərlikdən başqa bir şey deyil. Çünki, bu ölkədə Qarabağ qazilərinin, şəhid ailələrinin sosial problemlər səbəbindən dünyasını dəyişməsi, intihar etməsi adi hala çevrilib. Yaxud, illərlə aidiyyəti orqanlara müraciət edən, amma heç bir müsbət cavab ala bilməyən müharibə əlilləri var. Bəli, erməni ilə döyüşdən sağ çıxıb, hakimiyyətin biganəliyi səbəbindən dünyasını dəyişənlər çoxdur. Bugünlərdə baş verən bir hadisə isə bu mənzərəni daha da şəffaflaşdırdı.
Yəqin ki, “Fəryad” filminə hamınız baxmısız. Filmin baş qəhrəmanı ermənilərə əsir düşür və uzun işgəncələrdən sonra erməni əsirlə dəyişdirilir. Yəqin onu da bilirsiz ki, həmin film olmuş hadisələr əsasında çəkilib və Qarabağ qazisi Mehman Hüseynovun başına gələnləri əks etdirir. O Mehman Hüseynov ki, 3 gün öncə ürək çatışmazlığından dünyasını dəyişdi. Qeyd edək ki, Mehman Hüseynov uzun illər idi ağır şəraitdə yaşayırdı. Onun yaşadığı mənzili başqasına satmışdılar və bir müddət AXCP-nin Xaqani- 33 ünvanında yerləşən qərargahında məskunlaşmışdı. Mehman Hüseynov əsir düşdüyü vaxtlardan, ermənilərin ona işgəncə verməsindən çox danışmışdı. Adam onun danışdıqlarına qulaq asanda tükləri biz-biz dururdu. Amma erməni əsirliyindən sağ çıxmış bu adam, Azərbaycanda öz problemlərini həll edə bilmirdi. Qeyd edək ki, “Fəryad” filmində baş rolu canlandıran Ceyhun Mirzəyev sonradan filmə baxarkən ürək çatışmazlığından dünyasını dəyişmişdi. Indi həyatı “Fəryad” üçün ssenari olmuş şəxsin fəryadını eşidən olmadı və Mehman Hüseynov da ürək çatışmazlığından dünyasını dəyişdi. Milyardlarla vəsaitin dövr elədiyi bir ölkədə Qarabağ qazisinin dərdini dinləyən, problemlərinə işıq salan tapılmadı. Hakimiyyətin biganəliyi Mehman Hüseynovun ölümünü daha da sürətləndirdi. Dərdini, problemlərini içinə çəkə-çəkə dünyadan köçdü.
Mənasız layihələrə milyonlarla pul xərcləyən hakimiyyət, sağlamlığını müharibədə itirənlərə qarşı sanki kin bəsləyir və bu adamları ölümün ixtiyarına buraxır. 13500 şəhid ailəsinin, Qarabağ qazisinin 20 ildir sığorta pulunu ala bilməməsi də, hakimiyyətin “vətənpərvərlik” hissinin yüksək olması ilə əlaqədardı. Mehman Hüseynovun ardınca Cəlilabadda daha bir Qarabağ qazisi intihar etdi, başqa bir qazi isə intihar edəcəyinin anonsunu verdi. Əslində baş verənlər olduqca dəhəşətli reallıqdır. Vətən üçün canından keçən insanlar vətəndə yaşaya bilmir. Onların ağır vəziyyətdə ömür sürməsi hakimiyyəti narahat etmir.
Mehman Hüseynovun ölümü daha bir film üçün ssenari ola bilər. Bəli, Azərbaycanın ən məhşur müharibə filminin real obrazı, Azərbaycana rəhbərlik edən mənfi obrazların biganəliyinə qurban getdi. Düşmənin işgəncələrinə dözən adam, hakimiyyətin biganəliyinə, üzləşdiyi ədalətsizliklərə dözə bilmədi.
Bu da hakimiyyətin “Qarabaq sevgisi”nə daha bir sübut. Hakimiyyət vətəni sevənlərə, erməniyə güllə atanlara ölüm hədiyyə edir. Yəqin Mehman Hüseynovun əsirlikdən sonrakı həyatı da nə vaxtsa filmə çəkiləcək və bu filmin adı “Fəryad-2" olacaq./azadlıq/
896 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber