Şrift ölçüsü:
A+
A
A-
Kr
18 May 2015

İmişlinin “ədəbxana” problemi

Sakinlər ictimai yerlərdə təbii ehtiyaclarını ödəmək üçün yer tapa bilmir

İmişli əhalisi və bu şəhərə gələn qonaqlar “ayaqyolu” sarıdan əziyyət çəkir. İnsanlar ictimai yerlərdə təbii ehtiyaclarını ödəmək üçün yer tapa bilmir.

infom.az-a danışan yerli mənbəmiz bildirir ki, şəhər bələdiyyəsi yarandığı vaxtdan bəri 2 dəfə tualet tikdirib və bu müqsədlə hesabından xeyli miqdarda vəsait silib.

Amma hər iki halda obyekt üçün seçilmiş yer uyğun hesab edilmədiyindən sökülüb, onların altındakı torpaq sahələri isə ayrı-ayrı şəxslərin mülkiyyətinə verilib.

Ən acınacaqlı vəziyyət şəhərin Sabir adına istirahət parkında yaşanır. Burada çoxaylı çayxana, pivəxana var və hər səhər əksəriyyəti təqaüdçü olan yüzlərlə adam vaxtını nərd, domino oynamaqla keçirir. Amma ərazidə olan bələdiyyə tualetinin sökülməyi insanları çarəsiz duruma salıb.

Xudiyev adına “Araz” mədəniyyət sarayının “ədəbxana”sına insan axınını görən yerli mədəniyyət idarəsi “qıfıl rejimi”nə keçib.

Kafe-restoranlar da kənar şəxslərin obyektə yalnız bu məqsədlə daxil olduğunu görüb, sanitar qovşağın qapısını bağlı saxlayırlar.

Rayonun təhsil, rabitə müəssisələrində və poliklinikadakı “ədəbxana”larda anti-sanitariya hökm sürür.

Özünə hörmət edən və sağlamlığını düşünən şəxs bu yerlərə ayaq basmaz.

Rayon İcra Hakimiyətinin başçısı Vilyam Hacıyev bu vəzifəyə təyinat aldığı ilk günlərdə İmişlini Paris, London kimi Avropa şəhərinə çevirəcəyini bəyan etmişdi.

Avropa ölkələrində hər 350 nəfərə 1 ictimai tualet düşür. Əhalisi təxminən 35 min nəfər olan İmişlidə bu hesabla 100 “ədəbxana” olmalıdır. Amma şəhərdə əhalinin təbii ehtiyaclarını rahatlıqla ödəyə biləcəyi vur-tut 3 məkan var: Heydər Əliyev adına park, dəmiryolu stansiyası, bir də “Cümə” məscidi.

Adamlar bu ünvanlara üz tutmaq üçün bəzən 1 kilometrdən artıq məsafə qət etməli olur.

Son illər şəhər ərazisindəki sıx ağaclar olan yaşıllıq sahələrinin məhv edilməyi də problemi dərinləşdirib. İndiyədək bir çox eyibləri bu ağaclar örtürdü.

İndi özünü saxlaya bilməyənlər hamının gözü qabağında bir küncə çəkilib “yanğınsöndürənlik” edir...
789 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber