Şrift ölçüsü:
A+
A
A-
Kr
19 May 2015

Hakimiyyət öz “balalarını” necə yeyir

Ədalətsiz rejimə xidmət etmək təhlükədən sığortalamır

Son günlər ölkədə baş verənlər ibrətamiz mənzərə yaradır. Sahibkarların həbsi kimlər üçünsə adi hal kimi görünə bilər. Amma müşahidə etdiklərimiz hakimiyyətin mahiyyətini ifadə edir. Diqqət edin, “bandotdel”ə aparılanlar, biznesi çökdürülənlər kimlərdi? Təbii ki, hakimiyyətə ən yaxın olan insanlar.
Dünənə qədər bu hakimiyyətə səcdə edənlər, qazandıqlarının bir hissəsini hakimiyyətin imici üçün xərcləyənlər, heç bir siyasi iddia ortaya qoymayanlar, gözlərinin önündə baş verən ədalətsizliyə, cinayətlərə, şər-böhtana susanlar, yalanı alqışlayanlar, bugün cinayətkar qismindədilər. Yəni hakimiyyət öz yetirmələrinə, ona sədaqətlə xidmət edənlərə acımadı. Valyuta ehtiyatlarının azalması, maliyyə defisiti yaranması kifayət etdi ki, “lal xidmətçi”lər “maliyyə xəyanəti” ittihamı ilə üz-üzə qalsınlar. 70-dən artıq iş adamının canı və malı təhlükə altındadır. Uzun illər ərzində yığdıqları, əllərindən alınır.
Bir müddətdir “Amay Abdulla”nın məhkəmə prosesi gedir, hakimiyyət bu adamı “qara siyahı”ya salıb. Ancaq bir vaxtlar hakimiyyətə ən böyük dəstək verən, ən iri biznes layihələrinə imza atan, rejimin piarını aparan adam idi. Indi dəmir barmaqlıqlar arasından baxır.
Cahangir Hacıyev Beynəlxalq Bankın prezidenti idi. Bu bank ölkədəki pul dövriyyəsinin 65 faizinə nəzarət edirdi. Üstəlik, Cahangir Hacıyev hakim ailəyə yaxın adam idi. Əliyev xanədanının sevilən sakinlərindən sayılırdı. Bugün isə onun taleyindən xəbər yoxdur və bu adamın bütün iş ortaqları “bandotdel”ə yığışıb.
Hacı Ibrahim Nehrəmli ölkənin ən iri sahibkarlarından sayılır. Məhşur “Xəzər adaları” layihəsini həyata keçirirdi. Hakim ailənin dostu kimi təqdim edilirdi. Əliyevlərin süfrəsinin başında oturanlardan sayılırdı. Indi tez-tez “bandotdel”in qonağı olur.
Həsən Şərifov və Adil Quliyevi də çoxlarınız tanıyırsız. Məhşur “Riyad farm” şirkətinin prezidenti və icraçı direktoru. Indi onlar da həbs olunmaq təhlükəsi ilə üz-üzə qalıblar. Ancaq “Riyad farm” prezidentin əmisi oğlunun adı ilə tanınırdı. Bu şirkətin sahibi kimi Ilham Əliyevin mərhum əmisi Aqil Əliyev göstərilirdi. Sonrakı dövrdə Aqil Əliyevin oğlu Ilqar Əliyevin şirkətə rəhbərlik etdiyi bildirilirdi.
Bu siyahını uzatmaq da olar. Sadəcə bir neçə nümunəni göstərdik ki, təsəvvürləriniz geniş olsun. Bir ay öncəyə qədər heç kim təsəvvür etməzdi ki, Ibrahim Nehrəmli, Cahangir Hacıyev, Adil Quliyev, Həsən Şərifov və digərləri hakimiyyətin “qara siyahı”sına düşərlər. Çünki, bu adamlar hakimiyyətin qolları kimi tanınırdı. Biz kimisə müdafiə etmək fikrindən uzağıq. Bu adamların kifayət qədər günahları, qanunsuz əməlləri ola bilər. Amma bu adamlar qanunsuzluğa görə həbs edilməyiblər. Guya, dünənə qədər rejim başbilənləri onların fəaliyyətindən xəbərsiz idilər? Əlbəttə, xəbərdar idilər. Yəqin ki, bu adamlar ümumi kassaya da ianə verənlər siyahısında olublar. Sadəcə olaraq, yuxarıda da qeyd etdiyimiz kimi, hakimiyyət komandasını mənəvi dəyərlər, ülvi dostluq hissləri birləşdirməyib. Böhran yaranan kimi sədaqətindən, təmiz xidmətindən asılı olmayaraq, hər kəs cəzalandırıla bilər.
Əslində, baş verənlər yeni tendensiya deyil. Əvvəllər də Əliyev hakimiyyəti belə təcrübələrdən yararlanıb.
Məsələn, mərhum Bakı meri Rəfael Allahverdiyevi, keçmiş səhiyyə naziri Əli Insanovu, keçmiş Iqtisadi Inkişaf naziri Fərhad Əliyevi, Prezident Aparatı işlər idarəsinin müdiri Akif Muradverdiyevi, keçmiş xüsusi statuslu deputat Rza Ibadovu, keçmiş deputat Hüseyn Abdullayevi və digərlərini misal çəkmək olar. Bəli, bu adamlar Əliyev hakimiyyətinin əsas adamlardan olublar və kifayət qədər səlahiyyətləri olub. Amma hakimiyyət onları nəinki qiymətləndirdi, əksinə, “vətən xaini” kimi davrandı.
Şübhəsiz ki, bundan sonra da belə hallar olacaq. Onsuz da sadə vətəndaşdan almağa bir şey qalmayıb. Ölkənin yarısı kredit bataqlığında çabalayır. Yəni kasıb kütlədə sovurmağa qan qalmayıb. Ona görə də iş adamları, uzun illər rejimə xidmət edərək müəyyən imkanlar əldə edənlər hədəfə gələcək və onlara qarşı ən ağır ittihamlar səsləndirməkdən belə çəkinməyəcəklər.
Göründüyü kimi, Ilham Əliyev hakimiyyəti Şimali Koreya nümunlərini tətbiq etməyə başlayıb. Orda hökumətə yaxın şəxsi öldürdülər. Burda prezidentə yaxın olmuş adamları həbs edirlər, həm də uzun illərin sədaqətini “xəyəanət” ittihamı ilə qiymətləndirirlər.
Bütün bunları ona görə yazdıq ki, bu şər maşınının şütüməsinə təkan verənlər, kölə kimi rejimə xidmət edənlər ibrət götürsünlər. Başa düşsünlər ki, ədalətsiz cəmiyyətdə heç kimin sığortası yoxdur. Hətta əjdahaya qurban gətirənlərin də.
Hələ də gec deyil. Həqiqətə xidmət etmək haqqında düşünün, həm də dərindən düşünün.../azadlıq/
546 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı