Şrift ölçüsü:
A+
A
A-
Kr
20 May 2015

İlham Əliyev hansı azadlıqdan danışır?

Artıq bütün dünya həqiqətləri bilir

20 ildən artıqdır hakimiyyətin həvəslə danışdığı yalanları dinləyirik. Bütün yalanların ifşa olunmasına baxmayaraq, hakimiyyət yalana sədaqətlə xidmət edir. Bugünlərdə Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edən Ilham Əliyev qeyd edib ki, Azərbaycan siyasi və iqtisadi islahatlara sadiqdir: “Anladıq ki, enerji resursları davamlı inkişaf üçün yetərli olmayacaq. Ona görə də azadlıqlar diqqət mərkəzimizdədir. Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur, din azadlığı var. Bu, bizim inkişafımız üçün əsasdır”- deyə Ilham Əliyev bildirib.
Maraqlıdır, Ilham Əliyev konkret olaraq hansı azadlıqlardan danışıb?
Söhbət iqtisadi azadlıqlardan gedirsə, vəziyyət olduqca şəffafdır. Bu ölkədə iqtisadiyyatın bütün sahələri məmurların inhisarındadır. Dərman pereparatlarından tutmuş, banana qədər bütün məhsulları hakimiyyət nümayəndələri aralarında bölüşdürüb. Azərbaycanda gömrük sisteminin, vergi sisteminin insanları müflisləşdirməsi də faktdır. Elə bir sistem qurulub ki, vətəndaş qazancının 80 faizini hakimiyyətin yaratdığı kassaya ödəməli olur. Xırda sahibkardan o qədər qeyri-rəsmi ödənişlər tələb edilir ki, həmin sahibkar peşəsindən əl çəkməyə məcbur olur. Bu ölkədə sıradan iş adamının tenderdə qalib gəlməsi, rüşvətsiz iş qurması mümkünsüzdür. Sadə vətəndaş da şəhərdəki obyektlərin, şadlıq saraylarının, şirkətlərin hansı məmura məxsus olduğunu bilir.
Mətbuat azadlığından söhbət gedirsə, Ilham Əliyevin hakimiyyəti dövründə müstəqil mətbuat qətlə yetirilib. Ölkənin ən tanınmış jurnalistləri tənqidi yazılarına görə uzunmüddətli həbsə məhkum edilib. Xədicə Ismayıl, Seymur Həzi məhz Ilham Əliyevi tənqid etdiklərinə görə şərlənərək həbs olunublar. Faktiki olaraq 100-lərlə qəzet hakimiyyətin mədhi, vicdanlı insanların şərlənməsi ilə məşğul olur. Beynəlxalq təşkilatlar Ilham Əliyevi “mətbuat yırtıcısı” adlandırıb. Bu ölkədə jurnalistin öldürülməsi, bıçaqlanması, döyülməsi təcrübəsi var. Təkcə “Azadlıq” qəzetinə qarşı aparılan siyasət, hakimiyyətin azad sözə, fərqli fikrə münasibətini göstərir.
Siyasi azadlıqlardan söhbət gedirsə, bu sahədə də vəziyyət aydın görünür. Ölkədə 100-ə yaxın siyasi məhbus var. Müxalifətçilər təqib olunur, təzyiqlərə məruz qalır və müxalif fikirli insanlar yaxınları ilə şantaj edilir. Real müxalifət uzun illərdi televiziyaya buraxılmır. Əksinə, bütün telekanallar vicdanlı insanları şərləməyə, müxalifət liderlərini “vətən xaini” çıxarmağa köklənib. Ölkədə keçirilən bütün seçkilər saxtalaşdırılıb. Avropa Məhkəməsində 100-lərlə seçki şikayətləri var və onlarla insan hakimiyyət üzərində qələbə qazanıb. Yəni beynəlxalq məhkəmə də bu saxtakarlıqları sübuta yetirib. Bütün dünya siyasi məhbuslara azadlıq tələb edir. Məsələn, ölkənin real müxalifət partiyası olan AXCP-nin qərargahı yoxdur. Icarəyə götürülmüş souncu qərargah isə partladıldı. Partiya sədrinin yaxın qohumu şərlənərək həbs edilib, partiya sədrinə xarici posport verilmir.
Konstitusiyada nəzərdə tutulmuş sərbəst toplaşma azadlığı təmin edilmir. Mitinq keçirmək üçün razılıq veriləndə isə, hakimiyyət bütün vasitələrlə icazəli mitinqlərə əngəl törətməyə çalışır. Mitinq öncəsi və sonrası fəallar müxtəlif ittihamlarla həbs olunur. Faktiki olaraq ölkədə repressiya hökm sürür. Məhkəmələr sifarişlə qərarlar çıxarır, hakimlər Prezident Aparatının işçisi rolunda çıxış edir. Yəni bu ölkədə siyasətin özü qadağan olunub. Illər öncə Ilham Əliyev vəd vermişdi ki, Azərbaycanda müxalifət qalmayacaq. Bugünlərdə isə real müxalifəti tarixdən sildiklərinin anonsunu verdi.
Din azadlığına gəlincə, vəziyyət daha da ağırdı. Ölkənin ən nüfuzlu din xadimləri narkotika, silah ittihamı ilə həbs edilib. Müsəlman ölkəsi olan Azərbaycanda hicab məhbusları var. Bütün dini proqramlar efirdən yığışdırılıb. 100-lərlə insan namaz qıldığına görə işdən çıxarılıb. Yəni inanclı insanlara qarşı da qeyri-rəsmi bir hücum var.
Bir sözlə, bu ölkədə Ilham Əliyevin israrla təkrarladığı azadlıqları tapmaq mümkün deyil. Azərbaycanda korrupsiya, yaltaqlıq, ədalətsizlik, talançılıq azadlığı var.
Ümumbəşəri, fundamental azadlıqlar isə bu ölkədən qovulub. Azərbaycan bütün dünyada avtoritar ölkə kimi tanınır və bütün demokratik dünya YAP hakimiyyəti ilə savaş içindədir.
Bir halda ki, yerli ictimaiyyət, beynəlxalq aləm Azərbaycandakı vəziyyətdən halidir, o zaman Ilham Əliyev “azadlıq nağılı”nı kimə danışır?/azadlıq/
1089 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber