Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2015

Talançıların ASAN yanma xidməti

Bu təhlükəni hamı bilirdi, dəfələrlə yazılmışdı, dəfələrlə deyilmişdi. Bundan əvvəl Nobel prospektində binanın yanması da hər şey sübut etmişdi. O zaman bəlli oldu ki, tamah xatirinə insanların həyatını təhlükəyə atıblar, necə deyərlər, ASAN yanma xidməti yaradıblar. Kənddə-kəsəkdə otu-tayanı, taxtanı, odunu, ümumiyyətlə, yanan nə varsa, yaşanan evdən uzağa yığırlar. Hətta yandığı halda səmt küləyinin bunların külünü evə gətirməyəcəyini nəzərə alırlar. Daha bunlar kimi çağın çoxminli yaşayış binalarını “quru samana” - alışqan neft-kimya zibilinə bürümürlər. Bu qədər məsuliyyətsiz, bu qədər zalımdırlar.
Indi də günahı atacaqlar örtük istehsal edən şirkətin üzərinə. Axtarsan həmin şirkət də özlərininki çıxacaq, amma örtük istehsal edən şirkət ölkə vətəndaşına görə cavabdeh deyil ki. Tanınmış vəkil və ictimai xadim Qurban Məmmədov yaxşı sual qoyub bu barədə: “Istehsalçı örtük adıyla buraxılan materialı binanın fasadına vurmağa kimi məcbur edib ki? Bəlkə o bunu toyuq damı, it yuvasını örtmək üçün düzəldir...”
Bəli, milyonları bu saxta gözəlliyə xərcləyən, bu barədə qərar verənlər kimdir? Bakının gözəlliyini gözümüzə soxan kimdir? Kim binaların üzlənməsinə qərar verib ümumiyyətlə?
Yanma təhlükəsi bir yana qalsın, hamı yaxşı bilir ki, həmin örtüklər sağlamlığa ziyandır. Bina zəhərlə nəfəs alır, ikincisi, ikiqat pəncərələr yaradılıb, balkonlar örtülüb, mənzillərə işıq şüaları düşmür, düşən işıq isə ikiqat pəncərədən və rəngli şüşələrdən sınaraq keçdiyi üçün zəifləməklə yanaşı, ultrabönövşəyi şüalarını itirmiş olur. Deməli, sakinlər bəzədilmiş toyuq hinində yaşayır. Bunu eləməyə kim haqq verib bunlara! Örtük istehsalçısımı?!
Indi az diqqət ayırdığımız bir məsələ də var. Işıqlar. Vətəndaşların işıq pulu verməyə çətinlik çəkdiyi bir vaxtda, bunlar əsas küçələrdə olduqca şit işıqlandırma sistemi qurublar, binaların üzərinə də işıq toru çəkiblər. Şəhərin gecəsi bəlli qədər işıqlandırılmalıdır, bu zaman gözəllik də yaratmaq olar, amma şəhər gecə muzeyi deyil ki! Bu qədər israfçı işıq bəzəmələri həm də yanğın deməkdir, çünki onu da bilirik ki, bu tamahkarlar keyfiyyətli elektrik məlzəmələrindən istifadə etməyiblər. Binaların da üzü məlun alışqan bəzəklə örtülübsə, görün o işıqlar nədir. Israfçılıq və ölüm mənbəyidir, amma bunu gözəllik kimi tərif edirlər.
Ilham Əliyev bunları Bakının gözəlləşməsi üçün edir? Dünən yaşananlar idimi gözəllik? Hər kəs bilir ki, Bakıdakı gözəllik layihələri yalnız pərdədir, ölkəni talayıb xalqı bununla aldatmaq istəyidir. Həm pul silirlər, həm də inkişaf görüntüsü yaradırlar. Bunlar böyük talan olmaqla yanaşı, həm də böyük hiylədir.
ASAN xidmət nədirsə, bunların bütün digər öyündükləri də odur. Ölkənin həyatını çətinləşdirib, utanmadan da qondarma ASAN xidmətlər açaraq bir neçə sənədalma xidmətini yüngülləşdiriblər və hələ bununla öyünürlər də. Əslində etiraf ediblər ki, ölkə çətinlikdə boğulur, dövlət qurumları çətinlik qapısıdır, ASAN isə qüsursuzdur...
Amma adamdan soruşarlar, bəs sevimli ASAN xidmətiniz nəyə yarayır? Bəlkə yersiz kimi görünür, amma soruşan olmalıdır: ASAN xidmətlər niyə binası yananların köməyinə çatmadı? Yanğını söndürmək üçün yox... Üzlüklərin keyfiyyətini əvvəlcədən niyə demədi bu ASAN? Niyə onların yanğına meylli olduğunu müəyyən etmədi? Binaların üzlənməsinin yanlış qərar olduğunu niyə anlatmadı? Niyə bu məsələdə doğru qərar çıxarmağa kömək etmədi? Əgər bunlar ASAN xidmətin işi deyilsə, onun nəyini xalqa minnət edirsiniz? Əsas dərdlər kənarda qalıbsa, nəyə gərəkdir bu ASAN xidmət?
Dövlət qurumları arayışı düzgün verə bilmirsə, bunun üçün ASAN xidmət qurmusunuzsa, bəs qalan məsuliyyətli və ağır işləri bu dövlət qurumları necə yerinə yetirir? 16 mərtəbəli binanı qana bulamaqlamı?

Şahvələd Çobanoğlu/azadlıq
737 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı