Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2015

İlham Əliyevin nədən xəbəri var?

Yaxud «prezident yaxşıdır, ətrafı pis» ssenarsinin davamı


Bir neçə gündür ki, ölkə yanğınla nəfəs alır. Bakıda baş vermiş dəhşətli yanğın hər kəsi kədərə bürüdü, insanlar göz yaşlarını saxlaya bilmədi, faciənin miqyası çox böyük oldu. 15 vətəndaşımız dünyasını dəyişdi. Amma bu hadisə baş verməyə də bilərdi. Hakimiyyət bundan öncəki yanğınlardan dərs çıxarsaydı, binalara penoplast üzlüklərin vurulmasından imtina edilsəydi, bu ağır hadisəyə şahidlik etməzdik. Insanları ən çox hiddətləndirən də hakimiyyətin vətəndaşa qarşı bu sayğısızlığı oldu.
Büdcədən daha çox pul oğurlamaq, şəxsi biznesi çiçəkləndirmək üçün zərərli materiallar binalara vuruldu və 10-larla insan bu acgözlüyün qurbanına çevrildi. Əvvəlki yazılarımızda da qeyd etmişdik ki, məlum materialların binalara üzlənməsinə FHN, Yanğından Mühafizə Idarəsi müsbət rəy verib, bütün işlər BŞIH-nin nəzarətində olub. Ölkə başçısı isə dəfələrlə belə binaların seyrinə çıxıb, bu materialın istehsalı ilə məşğul olan zavodun açılışını edib və s.
Amma yazının məqsədi bu deyil. Əsas məqsədimiz Ilham Əliyevin ötən gün baş tutan “yanğın müşavirəsi”nə diqqət çəkməkdi. Təbii ki, hakimiyyət insanların bu məsələyə həssaslığını, etirazını, diqqətini hiss etdi və “müdrik” tədbirlər görməyə çalışdı. Yəqin ki, çoxlarınız məlum müşavirəni izləmisiniz. Prezidentə edilən məruzələri və prezidentin nitqini dinləmisiz.
Belə ki, ölkə başçısı öz nitqində vəzifəli şəxsləri hədələdi, günahkarların cəzalandırılacağını vəd verdi və qanun qarşısında hamının eyni olduğunu vurğuladı. Açığı, bu hədələr heç kimdə müsbət fikir doğurmadı. Çünki, biz belə hədələri uzun illərdi eşidirik. Hər dəfə şahid oluruq ki, prezidentin barmaq silkələməsi sadəcə vərdişdir. Bir qayda olaraq 10-cu dərəcəli adamlar cəzalandırılır, səbəbkarlar isə harın həyatlarına davam edir.
Quba və Ismayıllı hadisələrindən sonra kimlər cəzalandırıldı? Bugün də Ismayıllı hadisələrinin səbəbkarları azadlıqda gəzir. Tofiq Yaqublu və Ilqar Məmmədov isə uzunmüddətli həbsə məhkum edilib. Yaxud Binə Ticarət Mərkəzində sahibkarlar etiraza qalxdılar, problemləri dilə gətirdilər. Nəticədə həmin sahibkarların bir qismi və prosesləri işıqlandıran “Azadlıq” qəzeti cəzalandırıldı. Yaxud Ilham Əliyevin hakimiyyəti dövründə Statistika Komitəsinin yanındakı hündürmərtəbəli yaşayış binası uçdu, xeyli insan həlak oldu. Amma nəticə binanın sahibinin həbs edilməsi ilə yekunlaşdı. Nə bu binanın tikintisinə rəy verənlər, nə də tikinti üçün külli miqdarda rüşvət alan dairələr məsuliyyətə cəlb olunmadı. Şübhəsiz ki, bu hadisəyə görə də 10-cu dərəcəli adamlar həbs olunacaq.
Qayıdaq ölkə başçısının müşavirəsinə. Sitat: “...Bu məsələdə bəzi qurumlar məsuliyyəti bir-birinin üzərinə atmaq istəyir. Ona görə də konkret araşdırma aparılmalı və günahkarların kimliyi üzə çıxmalıdır. Bir daha demək istəyirəm, mənə müxtəlif ziddiyyətli məlumatlar verilir. Müvafiq qurumların nümayəndələri məni inandırmağa çalışdılar ki, material keyfiyyətli və odadavamlıdır. Əslində birinci yanğından sonra tədbirlər görülməliydi. Çünki, Xətai rayonundakı bina qısa bir müddətə alovlanmışdı”.
Maraqlıdır, analoqsuz ölkənin dövlət qurumları niyə prezidentlə zarafat edirlər? Ölkə başçısını aldatmağa necə cəsarət edirlər? Açığı, prezidentin hər cümləsindən sonra ayağa qalxmağı özünə borc bilən Bakı merinin yalan məlumat verməsi inandırıcı deyil. Digər qurumların nümayəndələri də prezidenti aldatmağa cəhd etməzlər. Bu adamalr xalqı aldatmaqda peşəkardılar. Burda əsas məsuliyyət məhz prezidentin üzərinə düşür. Əgər hər 3 yanğından sonra müvafiq tapşırıqlar verilibsə və bu tapşırıqlara əməl edilməyibsə, istefa mütləq olmalıdır. Deməli, ya ölkə başçısı, ya da nazirləri yerində deyil. Ya prezident məlum tapşırıqları verməyib, ya da nazirlər bu tapşırığa əməl etmək zərurəti hiss etməyiblər. Amma bir sual da meydana çıxır. Necə olur ki, bütün dünya Ilham Əliyevə ölkədə siyasi məhbusların olduğunu, insanların şərləndiyini izah edə bilmir, amma hansısa dövlət qurumunun nümayəndəsi asanlıqla prezidenti inandıra bilir? Əgər Ilham Əliyev bu illər ərzində səslənən tənqidlərdən nəticə çıxarsaydı, indi bu pis nəticələr ortaya çıxmazdı. Bu ölkədə cəzasızlıq mühiti var. Məmurlar da başa düşür ki, hakimiyyət üçün əsas prioritet daha çox pul əldə etmək, daha çox talamaqdır. Yəni məmurlar arxayındılar ki, “cəza” ifadəsi onları təhdid etmir.
Diqqət etdinizsə, məlum müşavirənin əsas məqsədi “prezidentin xəbəri yoxdur” mesajını çatdırmaq idi. Ölkə başçısı qanunsuz tikililərdən, milyonluq villalardan, milyonluq hasarlama əməliyyatlarından, sintetik üzlüklərdən və digər baş verənlərdən xəbərsiz olduğunu vurğulayırdı. Hətta Hacıbala Abutalıbova villaları sökmək göstərişi verdiyini də söylədi. Guya, bu söküntü ilə həmin villaların sahibini üzə çıxarmaq istəyirmiş. Deməli, bu ölkədə həmin villaların kimə məxsus olduğunu bilən yox imiş. Ölkənin güc strukturları milyonluq villanın sahibini tapmaqda çətinlik çəkirmiş. Axı bu ölkədə milyonluq villaları, hasarları kim tikdirə bilər? Təbii ki, iri məmurlar. Con Kerrinin kabinetini, Sərkisyanın otağını dinləyənlər, mərkəzdəki villaların sahiblərini tapa bilmirlərmiş. Vətəndaşla bu qədər məzələnmək yalnız bu hakimiyətin ağlına gələ bilərdi.
Digər tərəfdən, Ilham Əliyev “dəfələrlə xəbərdarıq etmişəm” cümləsini tez-tez təkrarlayır. Görəsən, cinayətkar niyə dəfələrlə xəbərdar olunmalıdır? Əgər kimsə qanunsuluq, vəzifədən sui-istifadə, özbaşınalıq edibsə, dərhal cəzalandırılmalı deyilmi? Günahsız insanların həbsə atıldığı ölkədə günahkarlara niyə dəfələrlə xəbərdarlıq edilir ki? Prezidentin dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, öz “fəaliyyət”ini davam etdirənlər, sadə vətəndaşa qayğı göstərərmi?
Müxtəsər, Ilham Əliyev gözünün önündə baş verənlərdən xəbərsizdirsə, onu istənilən məmur aldada bilirsə, niyə istefa vermir? Bəs, Ilham Əliyevin nədən xəbəri var? Əslində, hər bir hadisədən xəbəri var. Əslində, milyonluq villanın sahiblərini də, monopolistləri də, süni qiymət artıranları da, büdcədən oğurlayanları da yaxşı tanıyır. Çünki, bu adamlar Ilham Əliyevin komandasıdır.
Sadəcə olaraq, “prezident yaxşıdır, ətrafı pis” təbliğatını gücləndirmək üçün belə müşavirələrə ehtiyac var. Hər faciəli hadisədən sonra məmurları hədələmək lazımdır ki, prezidentin narahat olduğu görünsün.
Artıq əvvəlki zamanlar deyil. Hamı bilir ki, Ilham Əliyevin hər şeydən xəbəri var. Görünür, Ilham Əliyev bu xəbərdən xəbərsizdi./azadlıq/
645 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı