Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2015

Müxalifət “faciəyə sevinmək” ittihamına ağır cavab verdi

Arif Hacılı: “Bu müddət ərzində YAP-ın bu faciə ilə bağlı hər hansı ciddi reaksiyasının şahidi olmadıq”; Sərdar Cəlaloğlu: “Siyavuş Novruzov cavab versin görək təmsil olunduğu komanda niyə insanları yandıraraq qırır”

İqbal Ağazadə: “Kimsə xəstədirsə, getsin özünü müalicə elətdirsin, insanların faciəsinə sevinməkmi olar?”

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov müxalifətdəki bir sıra qüvvələri insanların faciəsinə sevinməkdə ittiham edib. Report.az saytına açıqlamasında S.Novruzov deyib ki, həmin qüvvələr bina yanması nəticəsində baş vermiş faciədən belə sevinirlər və bundan öz məqsədləri üçün istifadə edirlər: “Özgəsinin faciəsindən istifadə edərək hadisəni başqa cür təqdim etmək düzgün deyil.

Binəqədidə baş verən hadisə dünyanın hər yerində yaşana bilər. Azərbaycan dövlətinin strukturları buna operativ reaksiya verdilər. Kimlərinsə öz məqsədləri üçün bundan istifadə etməsi azərbaycançılığa zidd hərəkətdir. Bəzi müxalif qüvvələr insanların faciəsinə sevinir. Belə insanlardan xalq, millət üçün nəsə gözləməyə dəyməz. Belə adamlardan nə desən gözləmək olar”.

Müxalifətin faciədən sevindiyi barədə ittihamlara bir neçə partiyanın sədri “Yeni Müsavat”da cavab verib.

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirdi ki, 19 mayda baş verən məlum hadisə bütün Azərbaycanı sarsıdan hadisədir: “Bu yanğın zamanı orada olmuşam, dərhal bu hadisəyə reaksiya vermişəm. Həlak olanların yaxınlarına Müsavat Partiyası başsağlığı verib. İlk olaraq Müsavat Partiyası bəyanat verərək hakimiyyətdən bu hadisə ilə əlaqədar ölkədə matəm elan olunması təklifini irəli sürüb. Amma bu müddət ərzində Yeni Azərbaycan Partiyasının bu faciə ilə bağlı hər hansı ciddi reaksiyasının şahidi olmadıq. Bu hadisəyə ilk olaraq operativ reaksiya verən, ilk olaraq təəssüfünü bildirən və bu hadisənin bütün təqsirkarlarının cəzalandırılmasını bəyan etməklə yanaşı, onun nəticələrinin aradan qaldırılması istiqamətində təkliflər verən təşkilatı bu faciəyə görə sevinməkdə günahlandırmaq böhtandır və baş verən hadisələrə verilən qeyri-adekvat reaksiyadır”.

ADP sədri Sərdar Cəlaloğlunun isə ittihama münasibəti belə oldu ki, Siyavuş Novruzov müxalifəti günahlandırmaq əvəzinə başda Bakı şəhərinin icra başçısı Hacıbala Abutalıbovun məsuliyyətə cəlb olunması tələbini qaldırsın. Çünki yanğın hadisəsində günahkar müxalifət deyil: “Əvvəla, insan faciəsindən sevinmək insanlıq deyil və müxalifət buna qətiyyən sevinmir. Bütün dünyada belədir ki, müxalifətin vəzifələrindən biri iqtidarın qüsurları, səhvləri üzərində siyasətini qurmaqdır. İqtidar kobud səhvlər edəndə müxalifətin bundan iqtidara qarşı istifadə eləmək haqqı var. Məsələn, Türkiyədə mədən hadisəsi və digər bu kimi hadisələr baş verəndə ölkə müxalifəti iqtidarı yerlə yeksan edir. Çünki insan faciəsinin arxasında hökumətin yarıtmaz siyasəti durur. Binəqədidəki faciədən sonra mediada yazılanlardan da bəlli oldu ki, əslində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıov qohumları vasitəsilə təhlükəli plastik materialı istifadə etdirib. Özü Bakı Şəhər İcra Hakimiyyəti olaraq həmin təhlükəli materialların sifarişini verib, sonra binaların həmin materialla üzlənməsinə şərait yaradıb. Beləliklə, vətəndaşların həyatını təhlükəyə atan bir set formalaşıb. Bu set müxalifət deyil, iqtidardakılardır. Azərbaycanda iqtidarla əlaqəsi olmayan adamların böyük bizneslə məşğul olması mümkün deyil. Həmin setdə iqtidarla bağlı olan adamlar da yer alır. Müxalifət də bunu deyir, müxalifət iqtidarın bu cür yanlışlıqlarını ona qarşı istifadə edirsə, bu, sevinmək deyil. Siyavuş Novruzov bir adamı vurub öldürsə mən desəm ki, Siyavuş həbs edilməlidir, bu o deməkdir ki, mən adamın ölümünə sevinirəm? İki məsələni bir-birinə qarışdırmaq lazım deyil. İqtidarı tənqid etmək nə zamandan faciəyə sevinmək olub? Siyavuş Novruzovun fikirlərindən görünür ki, faciədən sevinən odur. Siyavuş Novruzov YAP komandasının insanlara faciə gətirdiyini demir, bu faciəyə səbəb olanların cəzalandırılmasını tələb etmir, əksinə, müxalifəti günahkar elan edir”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirdi ki, kimsə xəstədirsə, getsin özünü müalicə elətdirsin, insanların faciəsinə sevinməkmi olar? Bu mümkün deyil: “Bu nə deməkdir, bu nə yanaşmadır axı!? Mən inanmıram ki, Siyavuş Novruzov o cür söz desin. Çünki siyasətdə kifayət qədər bişmiş adamdır. Belə bir fikir deyibsə, mənə çox qəribə gəlir. Xalqın faciəsinə kim sevinə bilər?! Biz bu xalqın nümayəndəsi deyilikmi?! Ayağına daş dəyən bir vətəndaşımızın belə ağrısı bizim ağrımızdır”. /musavat/
634 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 20:14