Şrift ölçüsü:
A+
A
A-
Kr
22 May 2015

Xəbərsiz prezident

Onun nələrdən xəbərinin olduğunu necə öyrənmək olar?

İndi hamı günahkar axtarır. Cəmiyyət hər il ağlagəlməz qurbanlar verir. İntihar edənlər, ölkədən didərgin salınanlar, həbsə atılanlar, Vətən xaini elan edilənlər,.. Bunlar hamısı bu cəmiyyətin verdiyi qurbanlardır. Susqunluğun, mütiliyin verdiyi qurbanlardır. Azərbaycan insanı bütün fəlakətlərini özü ssenariləşdirir. Bunu kimsə bacarmazdı. Kimsə bu qədər qanlı və ağır faciələrlə zəngin olan bir dramı səhnələşdirə biləzdi. Azərbaycanda 20 ildən artıqdır ki, bu dram səhnəyə qoyulub. Bu, bir xalq teatrıdır. Hər kəs müəllif olduğu kimi hər kəs də tamaşaçıdır.
İctimai qınaq mexanizmi işləmir, elə deyilmi? Səbəb aydındır: hər kəs belə hesab edir ki, səhnə bu cür qurulub. Biz bir cəmiyyət olaraq öz fəlakətlərimizə teatr tamaşaçısı kimi baxırıq, ondandır.
Hətta tamaşaçı olaraq da rola girən bu qədər nəhəng auditoriyanı heç yerdə tapmaq mümkün deyil.
İnsanlar narazıdır, amma rola girərək razılıq edirlər. İnsanlar yaşaya bilmirlər və bu zaman tamaşaya müdhiş bir əlavə kimi özlərinə od vururlar, körpülərdən, yüksək mərtəbəli binalardan, arabir tarixi də lənətləmək üçün Qız Qalasından atılıb özlərini öldürürlər.
Arabir baş verən bu cür hadisələr ki, Binəqədidə baş verdi,- hamı bunu tamaşaya kənar müdaxilə hesab edir və başlayır günahkar axtarmağa. Hesab edirlər ki, ssenaridə bu yazılmamışdı…
Amma yazılıb. Bundan daha ağır fəlakətlər yazılıb.
Bir neçə il əvvəl əsgər ölümləri gənc azərbaycanlıları bir-birinin dalınca udurdu. O zaman da bunu ssenaridən kənar saymışdıq. Amma o da ssenarinin içindəydi. Bizim cəmiyyətə ölüm dozası tədricən verilir. İmmunitet möhkəmləndirilir. Pisliyin, şərin, əclaflığın, satqınlığın immuniteti artırılır.

Ölkədə kəndbəkənd daşınan alov bir yerləri yandırmalıdır, əlbəttə

Gözünüzün qabağında bütün ölkə boyu murdar bir teatrın səhnəcikləri oynanılır. Birinci Avropa Oyunlarının məşəli gəzdirlir. Harda baş verib bu rəzalət? Heç yerdə baş verməyib! Azərbaycan kənd müəllimləri ilə, məhəllə ağsaqqalları ilə,akademiklərlə, universitet müəllimləri ilə, ə bilim daha hansı qalstuklu-qalstuksuz intelligentlərlə doludur. Bu təbəqədə bir nahamarlıq hiss edən olmadı. Bu görməmişliyi cəmiyyətin şüuruna yeridən bir kimsəyə rast gəlinməz. Hər kəs bunun görməmişlik, ədabazlıq, kütləvi yaramazlıq olduğunu bilir, amma hər kəs bilir ki, bu tamaşaların da müəllifi ölkənin ən müqtədir adamı olan prezidentdir və kirimişcə avtobusun bir küncünə sıxılıb oturur. Biletini alır, pulunu verir və yolsuzluğuna davam edir…

Onun xəbəri varmı ki, prezidentdir, yoxsa, onu aldadırlar?

Amma prezidentin xəbəri yoxdur. Əvvəllər bunu cəmiyyətin dibində olan insanlar deyirdilər. Sonra prezident özü də bu yalandan istifadə etməyə başladı: «Mənim xəbərim yoxdur»,- deyə kütlə qabağına çıxmağa başlayıb. Bir halda ki, bütün millət onun boynuna bu qafilliyi qoyub, o halda adam niyə özünü aqil kimi aparsın axı? Xəbəri yoxdur. Talanan neft pullarının onun adına açılan bank hesablarına necə yığıldığından, ölkənin bütün xəritəsi boyu onun adına yaradılan fabrik-zavodlardan, inək və qoyun fermalarından, onun adına tikilən rezidensiyalardan, onun adına alınan şəxsi təyyarələrdən, offşor zonalarda onun adına yatırılan onlarla milyard kapitaldan… Onun xəbəri yoxdur. Şünki o, yaxşı biznesmen ola bilməyib və ən pis biznemsmenlərdən biri kimi uğurlarını inzibati hakimiyyət hesabına əldə edib.
Onun xəbəri yoxdur ki, Konstitusiyanı dəyişdirərək onu üçüncü dəfə prezident elan ediblər. Onun xəbəri yoxdur ki, ölkədə onun qohum-əqrabasının adına qurulan böyük-böyük şirkətlər vasitəsilə gətirilən saxta dərmanlar millətin yarısını da o şəkildə məhv edir. Onun xəbəri yoxdur ki, son 150 ildə Azərbaycan xalqının yaratdığı bütün maddi sərvətlərin 70 faizindən artığına onun adı ilə əl qoyublar. Hətta mənəvi sərvətlərin də. Çünki onun xəbəri yoxdur, ölkənin muzeylərindən çırpışdırılan bahalı eksponatlar Britaniyada, Fransada, Türkiyədə,.. açıq hərraca çıxarılıb. Onun prezident olduğundan da xəbəri yoxdur! O, bu posta gəldiyi gündən prezidentliyin nə demək olduğunu bilmir. Ona elə gəlir ki, prezidentlik ölkənin sərvətlərini br ailənin inhisarına almaqla başqaları üzərində ağalıq qurmağa deyilir. Çünki, o belə oxuyub.Daha doğrusu, zamanında təhsilində qüsur olub.
Onun xəbəri varmı ki, Azərbaycanın bir hissəsi olan Dağlıq Qarabağ işğal altındadır. Bəlkə, onu aldadırlar? Müdafiə nazirləri aldada bilər, milli təhlükəsilik nazirləri aldada bilər, bütün cəmiyyət onu aldada bilər.Bəyəm, bu, həmin cəmiyyət deyilmi ki, «onun xəbəri yoxdur» deyə-deyə onun özünü də inandırıblar ki, onun xəbəri yoxdur.

Ah, yaramaz Pifaqor!

O, prezident olduğunu bilmir. Elə bilir ki, zavod direktorudur, kolxoz sədridir, obyekt sahibidir, nə bilim, nədir… Amma kəsinliklə və qəti olaraq aydındır ki, o, prezidentliyin nə olduğunu bilmir.
Millət isə günahkar axtarır. Kəmaləddin belə gəldi, Zakir Qaralov elə getdi, JEK müdiri hardan pırtlayıb çıxdı, penoplast nədir-filan…
Millət xəbəri olmayan adamlar düzəldib özünə təskinlik verməlidir, axı. Qoy, bir də xəbərsiz bir JEK müdiri qurban getsin. Cəhənnəmə ki!
Prezident Bakıda tikilən villaların sahiblərini tapıb üzə çıxara bilmir. Deyir ki, «sökün, görək, arxasından kim çıxacaq». Bu, dəhşət deyilmi? Ona başa salan olmayıbmı ki, villanın arxasındakı adamın kimliyini bilmək üçün villanı sökmək lazım deyil, keçib onun arxasına baxmaq lazımdır. İndi neyləyək ki, bu adam bütün dünyanı, cəhənnəmə, bütün ölkəni bom-boş və dümdüz bir müstəvi kimi görə bilsin. Ona «rentgen-eynək»mi geyindirək?
Onun işi tutdurmaqdır, öldürməklə hədələməkdir və öldürməkdir, qorxutmaqdır… İdarəetmə məntiqi budur.
Baxın, bu adam bilir ki, ölkədə Vergilər Nazirliyi var, amma vergini polisin və ordunun hesabına yığdırır. Belə prezidentmi olar?
Belə prezidentmi olar ki, çıxıb açıq-aşkar desin ki, məni aldadıblar, mənə yalan deyiblər və bununla da işini bitmiş hesab etsin. Necə yəni, mənə yalan deyiblər? Sənə yalanı o JEK müdirimi demişdi ki, sən onu dama basırsan? Səni aldadan olubsa, o adamdan hesabını sor, axı…

Onu aldatmasalar, nə baş verərdi?

O, bilirsinizmi, niyə «məni aldadırlar» deməyə başlayıb. Çünki, bütün yollar tükənib. İndi bütün hökumət aparatına bərk-bərk tapşırıb ki, hamınız belə deyin: «Məni aldadıblar».
Necə də məsum səslənir, elə deyilmi? «Ah, fağır kişi, o, yaxşı adamdır, onu işləməyə qoymurlar»! Bəlkə, onu işləməyə qoysaydılar, bütün Bakını indiyə qədər yandırıb qurtarardı? Hələ işləməyə qoymurlar, ölkə bu qədər fəlakətləri həzm etmək zorundadır. Dua edəkmi ki, onu aldadırlar?!

12 il sonrakı yalan

Onunla bağlı məsələ aydındır. Əgər prezidentliyinin birinci ilində deyil, 12-ci ilində «mənə yalan deyiblər, məni aldadıblar» deyirsə, deməli bundan heç vaxt, heç nə çıxan deyil.
Özünüzə gün ağlayın. Beş-altı yalançının, adam aldadanın əlində girinc qalmaq istəmirsizsə, siyasətə qarışın...Görürsünüz, axı, siyasətə qarışmayanları hansı oda-alova salırlar!
Bu sözlər həm də, «mən siyasətə qarışmıram» deyən ziyalılara aiddir. Sel gələndə, alov asimana bülənd olanda, siyasətə qarışanları da, qarışmayanları da cənginə alır. Görmürsünüzmü, hətta İlham Əliyev də «mənim xəbərim olmayıb» deməklə yaxasını qırağa çəkməyə çalışır. Halbuki, ölkədəki bütün faciələrin altından onun yaramaz və yarıtmaz idarəetməsinin pəstahaları görükür, başqa heç nə görükmür.

Azərbaycan oda-alova düşüb. Yanan Binəqədidəki 16 mərtəbəli bir bina deyil. Ölkə yüz mrətəbə aşağı, yüz mərətəbə də yuxarı yanıb-tökülür. Bu yanıq izini yüz il o tərəfə, yüz il də bundan belə təımizləmək çox çətin olacaq. Amma lazımdır. Cəmiyyətin bütün vicdan daşıyıcıları rola girməkdən əl çəkib ölkəni teatrlaşdıranların qarşısına çıxmalıdır. Yoxsa, nə gün olacaq, nə də dirrik…
Binəqədi yanğınında isə yalnız bircə nəfərin günahı var. Bütün başqaları epizodik rollardadır.

Qənimət Zahid/azadlıq
761 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber