Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2013

Elmar Vəliyevin də adının qarışdığı şok olay

Məmur oğlunun harınlığı qalmaqal yaratdı 

Yevlaxda avtoxuliqanlıq edən idarə müdirinin oğlunun DYP ilə mübahisəsinə icra başçısının müavini də qoşuldu; rəisi təhqir edən Namiq Süleymanov polis şöbəsinə aparılaraq altı saat orda saxlanıldı; hadisəyə Bakıdan müdaxilə edildi

Noyabrın 29-da Yevlaxda ciddi qalmaqal baş verib. Rayondan Gunxeber.com saytına verilən məlumata görə,  Dövlət Yol Polisinin  əməkdaşları son model “Toyota Land Cruiser”lə avtoxuliqanlıq edən avtomobilin sürücüsünü saxlamaq istəyiblər. Ancaq sürücü onlara  məhəl qoymayaraq öz əməllərini davam etdirib. Nəhayət Yevlax şəhərindəki 2 saylı məktəbin qarşısında həmin sürücünü saxlamaq mümkün  olub.


DYP əməkdaşları ilə kobud rəftar edən sürücü onlara tabe olmayaraq bildirib ki, heç kim ona “heç nə edə bilməz”. Bu zaman tərəflər  arasında mübahisə yaranıb. Məlum olub ki, həmin şəxs Yevlax Rayon Yaşıllaşdırma İdarəsinin rəisi Etibar Əliyevin oğlu olub. Onun  DYP əməkdaşları ilə mübahisə etdiyini görən Yevlax Rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanov hadisə yerinə  yaxınlaşıb və məsələyə müdaxilə edib. İcra başçısının müavini DYP əməkdaşlarından sürücünün buraxılmasını tələb edərək onların  ünvanına nalayiq ifadələr işlədib.


Bundan sonra mübahisə daha da böyüyüb. “Bu rayonda heç kim mənim bir sözümü iki edə bilməz. Dostumun oğlunu buraxın”, deyən  N.Süleymanovun Yevlax Rayon Polis Şöbəsinin rəisinin ünvanına təhqirlər yağdırdığı iddia olunur.

İcra başçısı müavinin bu hərəkətləri barədə dərhal polis rəisinə məlumat verilib. Rəis hadisə yerinə doqquz polis nəfəri göndərib.  Polislərə tabe olmaq istəməsələr də, icra başçısının müavini və E.Əliyevin oğlu Yevlax Rayon Polis Şöbəsinə aparılıb.


Məlumata görə, altı saat şöbədə saxlanılan icra başçısının müavininə  “səlahiyyətləri başa salınıb” və rayonda bir sözünün necə iki  olduğu göstərilib.

Məsələ böyüyüb və Bakıdan gələn müdaxilədən sonra N.Süleymanov sərbəst buraxılsa da, dünən axşam saatlarında E.Əliyevin oğlunun  hələ də polis şöbəsində olduğu və sənədlərinin məhkəməyə göndərilmək üçün hazırlandığı bildirilirdi.

“Yeni Müsavat” bu olayla bağlı bəzi təfərrüatlar əldə edib. Aldığımız məlumatlarda bildirilir ki, E.Əliyevin avtoxuliqanlıq edən  oğlunun 18 yaşı var. Bahalı model 10 BC 111 dövlət nömrə nişanlı maşında gəzən məmur oğlunun avtomobili DYP əməkdaşları tərəfindən  saxlanılmazdan öncə iki maşın əzib. Polislərlə mübahisə zamanı isə E.Əliyevin oğlunun onların üzərinə hücum etdiyi, DYP  əməkdaşlarını vurduğu, hətta bu zərbədən polislərdən birinin dişinin sındığı bildirilir.

E.Əliyevin oğlu polislərə Yevlaxın keçmiş icra başçısı, indi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı postunu tutan Elmar Vəliyevin  adamı olduqlarını deyib və DYP əməkdaşlarını Gəncənin rəhbəri ilə hədələyib.

Onu da qeyd edək ki, ölkə rəhbərliyi tərəfindən məmurların özlərinin, övladlarının və yaxınlarının harınlıqları nə qədər sərt  şəkildə tənqid olunsa da, zaman-zaman bu cür halların baş verməsi ilə bağlı xəbərlər yayılır.

Elə bir neçə gün əvvəl gecə saatlarında Zağulbadakı prezident iqamətgahının yaxınlığında avtoşluq edən bir qrup motosikletçinin  saxlanıldığını yazmışdıq. Həmin  xəbərdə hətta prezidentin gecə saatlarında yuxudan oyanmasına səbəb olan hərəkətlərə yol  verdiklərinə görə saxlanılanlar arasında gənclər və idman naziri Azad Rəhimovun oğlu ilə mədəniyyət və turizm naziri Əbülfəs  Qarayevin bacısı oğlunun da olduğu bildirilirdi.

O yazı dərc edildikdən bir gün sonra bir nəfər redaksiyamıza zəng edərək belə bir hadisənin baş verdiyini təsdiqlədi. Özünü iş  adamı kimi təqdim edən şəxs bildirdi ki, gecə saatlarında prezident iqamətgahının yaxınlığında motosikletlə saxlanılanlardan olub:  “Orda saxlanılanlar mən və dostlarıım olub.  Mən iş adamıyam, yanımdakılar isə dostlarım idi. Biz 13 nəfər idik, amma avtoşluq  etmirdik.  Bizim yanımızda nazir oğlu və nazir qohumu olmayıb”.

Göründüyü kimi, bizim müxtəlif mənbələrdən aldığımız bu xəbər orada iştirak edənlər tərəfindən təsdiqləndi. A.Rəhimovun oğlu ilə  Ə.Qarayevin bacısı oğlunun orada olmaması barədə iddialar isə başadüşüləndir. Həmin şəxsin bunu təkzib etmək üçün  “vəzifələndirildiyi” aşkar bilinir./musavat/
1938 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber