Şrift ölçüsü:
A+
A
A-
Kr
25 May 2015

Bakının 4 kollecində şıdırğı rüşvət yığımı

Kolleclərdə şıdırğı rüşvət yığımı başlayıb. Bakı Yeyinti Sənaye Kollecində, Azərbaycan Maliyyə İqtisad Kollecində, Bakı Rabitə və Nəqliyyat Kollecində, Azərbaycan Dövlət Pedaqoji Kollecində vəziyyət xüsusilə biabırçı həddə çatıb.

Bu barədə göndərilən məktubda qeyd olunur ki, Bakı Yeyinti Sənaye Kollecinin direktoru Mikayıl Məhərrəmov və Azərbaycan Maliyyə İqtisad Kollecinin direktoru Həmzə Ziyadov təhsil ocaqlarına bazar açıb.
Uzun illərdən bəri hər iki direktor semestr imtahanları zamanı geniş miqyaslı rüşvət əməliyyatı həyata keçirir. Mənbə iddia edir ki, hər iki şəxs kolleci neçə illərdir talayır: “Avadanlığa qədər oğurlayıblar, kollecə ayrılan dövlət vəsaitini mənimsəyiblər. Normal araşdırılma aparılsa, bu hər iki şəxs məsuliyyətə cəlb olunar”.

Qaynağımız qeyd edir ki, Bakı Rabitə və Nəqliyyat Kollecinin direktoru Aydın Əliyev vəzifədən azad edilsə də, ona yaxın bir şəxsin sözügedən posta təyin edilməsi pulyığma kampaniyasının “uğurla” davam etdirilməsinə zəmin yaradır.

Azərbaycan Dövlət Pedaqoji Kolleci isə hər zaman Respublikamızda ən “bahalı” kollec kimi tanınıb. Bu kollec sanki xüsusi statusa malik olub və həmişə digərləri ilə müqayisədə bir pillə yuxarıda göstərilib. 10 ildən artıq adıçəkilən kollecə rəhbərlik edən Nurlana Əliyevaya “gözün üstündə qaşın var”, deyən olmayıb.

O, həmişə toxunulmazlıq statusu qazanıb. Bu səbəbdən kollecdə öz “qanun”larını tətbiq edir. Kollecin bütün müəllimləri və tələbələri həmin “qanun”lara əməl etmək məcburiyyətindədir. Adları çəkilən kolleclərlə bağlı araşdırmalarımız davam edir, daha ətraflı yazını yaxın vaxtlarda təqdim etməyə çalışacağıq.

Xatırladaq ki, bu ildən Təhsil Nazirliyinin qərarına əsasən, bütün tədris müəssisələrində dərslərin və imtahanların mayın 31-dək yekunlaşdırılması ilə bağlı qərar verilib. Bu qərar tələbə və şagirdlər üçün müəyyən çətinliklər törətsə də, əksər müəllimlər və təhsil müəssisələrinin rəhbərləri üçün yaxşı qazanc şansı yaradıb.

Ali və orta məktəblərlə müqayisədə orta ixtisas məktəblərində - kolleclərdə real vəziyyət xüsusilə acınacaqlıdır. Bu da ondan irəli gəlir ki, sanki kolleclər diqqət mərkəzindən, nəzarətdən bir qədər kənarda qalıb. Yaranmış vəziyyətdən faydalanmağa çalışan kollec rəhbərləri bu semestr imtahan qiymətlərini – rüşvətin həcmini daha da artırıblar./jam/
469 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber