Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Dekabr 2013

Asim Məmmədovun ölüm yolu

Gənc tələbənin ölümü ətrafında müəmma gündən-günə tündləşir

Noyabrın 25-də Xəzərdən meyiti tapılan BDU-nun tələbəsi, gənc fəal Asim Məmmədovun ölümü ilə bağlı müəmmalar davam etməkdədir. Asim Məmmədovun ölümü ekspertizanın və onun anası Samirə xanımın açıqlamalarına görə nöqtələnmiş hadisədir.

Anası Asimin hansısa türk qızına görə intiharında israr edir, başqa heç bir varianta eyham belə vurmur. Ekspertiza isə meyitin üzərində heç bir zorakılıq əlaməti olmadığını bildirir.

Bəs o zaman gəncin ölümündə qaranlıq qalan, müzakirəyə səbəb olanlar nədir?

Birinci: intihar versiyasını şübhə altına alan amil Asim Məmmədovun intizamlı dini bağlılığıdır. O, namaz qılırdı, oruc tuturdu, bir sözlə, dinin əksər rituallarına sadiq adam idi. Intihar dinə görə, böyük günahlardandır. “Facebook” yazışmalarına inansaq, Asim, hətta keçənlərdə bir nəfəri iki dəfə intihardan çəkindirib. Bu haqda həmin şəxs özü status yazmışdı.

Ikincisi: intiharın üslubu şübhə yaradır. Bu barədə mütəxəssis rəyi sayılacaq bir fikirlə tanış olaq: “Əvvəla, kişilər arasında intihar üsulu kimi suya atılma azlıq təşkil edir. Daha çox özünüasma, güllələmə, zəhərləmə, hündürlükdən atılma və s. yayğındır. Ikincisi, suda üzə bilən, ələlxüsus da yaxşı üzə bilən kişilər intihar niyyətində olarkən, ölüm üsulunu qətiyyən su hövzəsində axtarmırlar. Çünki suya atılınca bədəninin batıb-boğulmağa qarşı avtomatik müqavimət göstərmək (üzmək) imkanında olduğunu bilir. Bilir ki, suya atılıb boğulmaq dəhşətilə üz-üzə qaldığı anda fikrindən daşına bilər, üzüb sudan çıxar, bununla da intihar niyyəti baş tutmaz. Qəti intihar etmək niyyəti o deməkdir ki, adam sağ qala biləcəyinə dair hər hansı ehtimalı tam istisna etməyə çalışır. Məsələn, lüləni ürəyinə yox, beyninə tuşlayır, çünki bilir, güllə ürəkdən yan keçə bilər, nəticədə ölümə səbəb olmaz. Yaxud, zəhər içən adam bunu elə bir dozada qəbul edir ki, sağ qalmaq şansı sıfra bərabər olsun. Hündürlükdən atılan adam 5 mərtəbəli binadan deyil, 9 və ya daha yuxarı mərtəbədən atılır ki, ani ölüm baş versin və s.”

Üç: Intiharın motivi də ağlabatan deyil. Anasının dediyinə görə, avqustda Asim bir türkiyəli qızla internetdə tanış olub. Qızın ardınca Türkiyəyə də gedib, amma “yox” cavabı alıb geri dönüb. Intihara da guya, bu səbəbdən əl atıb.

Bu sual sizi düşündürürmü?

Gəlin, özümüzə sual verək: axırıncı dəfə nə vaxt belə bir xəbər eşitmisiniz ki, qızdan aldığı rədd cavabına görə adam intihar edib? Həm də burada heç də sıradan bir gəncdən söhbət getmir. Savadlı, müəyyən əqidəyə sahib, ictimai fəaliyyəti olan adamdan danışırıq.

Asim Məmmədovun qıza görə depressiyaya girdiyinə cəmi iki adam şahidlik edir: Elnur adlı “facebook” dostu və anası.

Qəribədir, bu necə ölümünə eşq olub ki, ondan Asimin dostlarının, qrup yoldaşlarının xəbəri olmayıb?

Intihar edən adamlar son mənzilə gedənə qədər xeyli işarələr qoyur. Zamanında bunu çoxu sezməsə də, fəlakətdən sonra hər şey yada düşür. Hərə bir şey xatırlayır, deyir, bah, filan vaxt mənə filan söz dedi, heç demə, bu, intiharına işarə imiş və s.

Indilikdə Asimin intiharın təsdiqləyən fakt kimi, dostuna yazdığı məktubu (onun Asimin can dostu olduğu ikinci, yəni, başqa bir mənbədən təsdiqlənmir. Bundan başqa, məktunun əsli ictimaiyyətə hələ də təqdim olunmayıb) “facebook”da yazdığı son statusunu və telefonunun ekranına qoyduğu məzar fotosunu göstərirlər.

“Facebook”un şahidliyi ilə Asim sonuncu dəfə statusuna “Qoyun qılım namazımı,

Sonra kəsin boğazımı..."

yazıb. Bundan bir neçə saat əvvəl isə o, Iran Islam inqilabının lideri Ayətullah Xomeyninin vəsiyyətindən istinadsız bir paylaşım edib. Bir nəfər dostunun, “Nə baş verir?” sualına isə o, gülüş işarəsi qoyaraq, “Bir şey yoxdur, Ayətullah Xomeyninin vəsiyyətindəndir” cavabını yazıb.

Biz indi buradan bəzi ciddi suallarla yola çıxaq. Asim yoxa çıxandan iki gün sonra - noyabrın 19-da “facebook” səhifəsində status peyda oldu. Mobil telefonla yazılan o status beləydi: “Yox-yox, bu, Asim deyil... Bu, onun yolunu gözləyən valideynidir”.

Həmin anda çoxları belə fikirləşdi ki, Asim yeniyetmələrə xas oyunbazlıq edir, özü üçün bir həsrət, müəmma yaradır. Axı Asimin anası telefondan onun yerinə necə yaza bilərdi? Özü də söhbət texniki bacarığı yüksək olmayan evdar bir xanımdan gedirsə...

Asimin meyiti tapılan gün isə internet istifadəçiləri daha bir şok yaşadılar. Meyit dəfn olunmamış mərhumun profilində növbəti bir status yazıldı. Bu dəfə telefondan yox, kompüterdən. Bu dəfə də Asimin dostlarına anası xitab edirdi: “Asim daha yoxdur... Dənizdə əbədiyyətə qovuşub. Bala itirmək necə də böyük dərd imiş... Ümid edirdim ki, qayıdacaq... Yenə də günəş kimi parlayacaq... Yanıldım... Əfsuslar olsun ki, yanıldım...”

Əlbəttə, tarix öz övladının ölümünə mətanətlə tab gətirən insanları çox görüb, ancaq bizim ölkədə bir ananın öz övladının faciəli ölümünü isti-isti “facebook” müzakirəsinə çıxarması fantastikadır.

Bu gün çoxları əsaslı olaraq, “facebook”da Asimin yerinə yazan şəxsin onun anası Samirə xanım olmadığını iddia edir. O yazan şəxs kimdirsə, hələ ki, “burada yazan doğrudanmı Asimin anasıdır?” tipli verilən israrlı sualları da cavabsız qoyur. Ancaq Samirə xanım mətbuata açıqlamasında Asimin “facebook” hesabının şifrəsini qıraraq onun hesabına daxil olduğunu deyib.

“Facebook” şifrəsini qırmaq hər adamın işi deyil, bunun asan olduğunu düşünürsünüzsə, bir özünüz yoxlayın, görün alınırmı?

Ən incə məqamlardan bir də budur ki, Asimgilin evində kompüter yoxdur, bəs bu ikinci status kompüterdən necə yazılıb?

Daha ağır sual isə budur: “facebook”da Asimin yerinə yazan ana deyilsə bəs kimdir? Onun marağı nədir?

Şübhəsiz olan isə budur ki, o yazan adam hər kimdirsə, ana onu tanıyır. Yoxsa, çıxıb çoxdan fəryad edərdi...

Iki oxşar tale

Asimlə bağlı diqqətə alınası bir fakt da var. Əldə etdiyimiz məlumata görə, o, bu yaxınlarda Iranda, qonşu ölkənin mühüm dini tədris mərkəzlərindən sayılan Qumda bir həftə olub. Asimin Irana xüsusi rəğbəti vardı, o, Iranın indiki və keçmiş dini liderlərinə simpatiya bəsləyirdi. Asim həm də seçki dövründə “Dindarlar Milli Şurayladı” (https://www.facebook.com/DindarlarMilliShurayladir?fref=ts) səhifəsinin yaradıcısı, admini idi.

Bu faktları nəzərə alaraq, bəziləri düşünür ki, Naxıvanda hüquq-mühafizə orqanlarında qətlə yetirilən Turac Zeynalov kimi Asim də qurbandır. Simvolikdir ki, Turacı da Iranla əlaqəsini müəyyən etmək üçün öldürmüşdülər.

Mümkün versiyalardan biri də budur ki, Asim də hər hansı əməkdaşlığa cəlb etmə prosesinə çəkilib, razılıq əldə olunmayanda zorakılığa məruz qalıb və bu ölümlə nəticələnib.

Açığı, hökumətin birbaşa qətli planlaşdırması inandırıcı gəlmir, Asimin sadaladığımız siyasi və ictimai keyfiyyətlərindən dəfələrlə sərt mövqe sərgiləyənlər var, lakin hələ hökumət onları öldürmür, sadəcə, uzun müddətə həbsə atır. Amma ehtiyatsızlıqdan öldürmə mümkün variant sayıla bilər. Ananın israrlı “intihar” deməsi də bu variantı gücləndirir. Axı biz şahidik ki, risk qrupuna daxil olan adamlar, hətta təbii ölümlə həyatdan gedəndə yaxınlarının dilində min bir “öldürdülər, zəhərlədilər, ürəyini partlatdılar” hekayələri olur. Asimin anası isə onların heç birini yaxına buraxmır. Niyə?

Məgər ana öz oğlunun qətlinə susa bilərmi? Çox təəssüf ki, yaxın tarix Azərbaycanda baş verən inzibati terrorun, səhlənkarlığın qurbanı olan çox adamın qanının batırılmasında valideynin rol oynamasına şahid olub. Bu halda, pulla ələ alma da sözünü deyib, hədələr də...

***

Asimin “facebook”da sələfilərlə də tez-tez “atışması” olurdu. Ancaq onun bu mübahisələrə qurban olduğunu demək çox çətindir. Ən azı, ona görə ki, Asim belə diskussiyaların əlbəyaxa müstəviyə çıxmasına tərəfdar olmayıb. O, belə bir qarşıdurmanın qurbanı olsaydı, hökumətin bu işi obyektiv, hətta nümayişkəranə şəkildə çözməsi də gözlənilən idi. Bütün bunlar isə ortada yoxdur.

Xülasə, bizim burda yazdıqlarımızın hamısı versiyalardır, həqiqəti isə Asim özü ilə apardı...

Natiq Güləhmədoğlu/azadlıq
2198 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP