Şrift ölçüsü:
A+
A
A-
Kr
26 May 2015

Masallıda “hər evdə aclıq" aksiyası...

Rayon ziyalıları İ. Əliyevə müraciət etdi

Masallı Ziyalılar Birliyi rayonun icra başçısı Rafil Hüseynovun özbaşınalıqları ilə əlaqədar Ilham Əliyevə müraciət edib. Bu barədə Birliyin üzvləri dünən Beynəlxalq Mətbuat Mərkəzində keçirdikləri tədbirdə məlumat verib. Onlar bildirib ki, Masallıda icra başçısı Rafil Hüseynovun özbaşınalıqları artıq dözülməz həddə çatıb.
Masallı Ziyalılar Birliyinin sədri Məmmədağa Eynullayev deyir ki, icra başçısı Rafil Heseynov dövlət vəsaiti hesabına biznes qurmaqla, rayonda istədiyi özbaşınalığı eləyir: “Şəhərin kanalizasiya sistemindən tutmuş, elektrik naqillərinə qədər əksər sahələrdə vəziyyət bərbaddır. Prezidentin Masallıya səfəri ərəfəsində mərkəzi küçələrin birini təmir etdirməklə abadlıq olmur. Rafil Hüseynov, təkcə rayon sakinləri yox, həm də prezidenti aldadır. Masallı şəhərində çörək zavodu var və bütün mağazalara göstəriş verilib ki, yalnız bu zavodun çörəyinin satılmasını tələb edir. Mağaza sahibləri dəfələrlə şikayətləniblər ki, onlar təzyiq yolu ilə icra başçısının zavodundan çörək almağa məcbur edilirlər”.
Məmmədağa Eynullayevin sözlərinə görə, icra başçısı rayon camaatını saymır: “Rayon camaatı dəfələrlə icra başçısı ilə görüşməyə cəhd edib. Amma o, sakinləri qapıdan qovur. Rafil Hüseynovun özbaşınalıqları artıq dözülməz həddə çatıb”.
Masallı Ziyalılar Birliyinin üzvü, şəhər sakini AsəfÿƏliyev çıxışında bildirib ki, Rafil Hüseynovun Masallı sakinlərinə qarşı özbaşınalıqları haqda dəfələrlə Respublika Prokurorluğuna, Milli Məclisə və digər aidiyyəti qurumlara şikayət edilsə də, heç bir tədbir görülmür: “Yaşadığım beşmərtəbəli binanın yaxınlığında tikinti işi həyata keçirilir. Sakinlər binaya daxil ola bilmirlər. Mən çətinliklə də olsa, icra başçısı Rafil Hüseynovun qəbuluna düşüb xahiş etmişəm ki, binanın girəcəyindəki ərazini icarəyə verməsinlər. Bu həm sakinlərin binaya daxil olmasına problem yaradır, həm də xeyir-şər işlərində boş ərazi qalmır. Rafil Hüseynov məni eşitmədi. Məcbur olub rayon prokuroruna şikayət ərizəsi yazdım. Amma yenə də nəticəsi olmadı”.
Asəf Əliyev deyir ki, problem tək bununla bitmir: “Icra başçısı yaşadığımız binanı sudan və qazdan məhrum edib. Sakinlər çox çətinliklə su quyularına üz tuturlar. Rafil Hüseynovun işi Masallı əhalisini aldatmaqdır. Necə olur ki, bir adam qısa müddətdə asvalt zavodu, çörək zavodu, istixana sahibi olur, amma vətəndaşlar heç kiçik bir işlə də məşğul ola bilmir? Buna görə dəÿ xahiş edirik, hökumətimiz bu şəxs barəsində ölçü götürsün”.
Şikayətçi sakinlərin çıxışlarından sonra Masallı Ziyalılar Birliyi adından dövlət başçısı Ilham Əliyevə, Baş nazir Artur Rəsizadəyə, xarici ölkə səfirliklərinə ünvanlanmış müraciətin mətni elan edilib. Yüzdən artıq adamın imzaladığı müraciətdə icra başçısının özbaşınalıqları barədə müvafiq şəxslərə ətraflı məlumat verilib. Həmçinin onlardan Rafil Hüseynovun cəzalandırılması xahiş olunub.
Sizlərdən xahiş edirik, Rafil Hüseynovun qanunsuz əməllərinə, Masallı əhalisinə çoxsaylı zülmlərə son qoyulması tələbilə keçirəcəyimiz “Hər evdə aclıq” aksiyasını, ümumiyyətlə, Masallıdakı dözülməz vəziyyəti nəzarətinizdə saxlamaqla, səlahiyyətlərinizdən istifadə edib rayonumuzdakı bu rəzalətə “dur!” demək üçün lazımi addımlar atın, tədbirlər görün! Masallı əhalisinin buna çox ehtiyacı var!", - deyə müraciətdə qeyd olunur./azadliq.info/
619 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber