Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2015

Villaları sökdürən prezident

Ölkə prezidenti - dövlət başçısı adlanan Ilham Əliyev villa söküntüsünə girişib. Dəniz qırağında, Şıx çimərliyi yörəsində sökdürdüyü villalardan danışır. Danışır, öyünür. O villalar neçə ildi oralarda sıralanıb dururdu. Bir, iki, üç villa yox, çoxlu villa. Onları sökdürən prezident, bəs onların arxasında sıralanan villaları nə üçün sökdürmürsən? Hə, onları sökdürmək olmaz, axı, onlar hansısa prezidentin lap yaxın çevrəsindəki oliqarxlardan birinin villalarıdır. Görəsən, hansı prezidentin, onun hansı yaxınının? Başında durduğun ölkədə illərdən bəri böyük ədalətsizlik ortamı yaradasan, sonra da dünyadakı ədalətsizlikdən danışasan!
Bakının çıxacağında, gediş-gəlişin axınlı yerində sıralama villalar tikilir, prezident bundan “xəbər tutmur”, çox-çox sonra “xəbər tutur”, onda da villaları uçurub-dağıtmaq buyruğu verir! Bircə Bakıda minlərlə gənc evsizlik üzündən ailə qura bilmir; bircə Bakıda minlərlə gənc ailə kirayələrdə çürüyür; ikicə ayda - yanvar-fevral aylarında - ölkədə 2 min (iki min!) ailə dağılıb. Çoxu da evsizlikdən, işsizlikdən. Sənsə, milyonlara başa gələn villaları sökdürürsən. Xalqın puluna tikilən villaları! Xalqdan oğurlamaqla başa gələn milyonluq villaları!! Bu, düşmənçilik deyil, nədir? Illərlə onların tikilməsinə niyə göz yumulurdu? Oralarda villa tikintisinə yerlər ayrılmasına, yaşıllıqların qırılmasına kimlər sorumludur? Nə üçün onlar tutulub türməlik edilmirlər? Başqa bir yandan, prezidentin istənilən faktla bağlı məhkəmə funksiyası daşımaq hüququ varmı? Sözsüz, onun belə bir hüququ yoxdur. Yoxdursa, prezidentin villaları öz yanından sökdürməsi nə deməkdir?
Polisin, prokurorluğun, məhkəmə-hüquq sistemində işləyənlərin, eləcə də bir çox başqa dövlət qulluqçularının aylığının qat-qat artırılmasından sonra belə, ölkədəki bu qanunsuzluq, özbaşınalıq, rüşvət-korrupsiya sökə-sökü nə deməkdir? Bütün bunların üstündən prezident adlanan adamın “xəbərim olmayıb”, “bilməmişəm” deməyi nə deməkdir? Ölkəni qanunlarla yönətə bilmirsən, qoy get! Bu gün gerçəyi yazan “Azadlıq” qəzetindən başqa bütün qəzetlərə dövlətin-xalqın cibindən böyük pullar verilir. Eləcə də televiziyalara. Təkcə AzTV-yə ötən il 54 milyon manat pul verilib. Nədən ötrü? Yalana qulluq etməkdən, ölkəni yalanla yatırmaqdan ötrü! Dövlətin-xalqın cibindən gedən pullar yalana, yaltaqlığa geniş meydan vermək üçündür. Bütün bunlardan sonra, sözsüz, istənilən prezident-dövlət başçısı belə deməlidir: “xəbərim olmayıb”, “bilməmişəm”. Bizim - “Azadlıq” qəzetinin yazdığı gerçəkləri bir dənə də olsun qəzet yazmır, teleradio səsləndirmir - balıq başdan iyləndiyi üçün!
Bizim yaşadığımız Yasamal rayonu başda olmaqla Bakının bütün rayonlarında icra hakimiyətlərinin alverə qurşanması üzündən yaşıllıqlar qırılıb yox edilir, yerində verdiyi pula uyğun olaraq kim nə gəldi tikir. Yaşayanlar qalxıb səslərini çıxarınca Icra hakimiyətləri polisləri onların üstünə tökür. Təkcə bizim Yasamalda dönə-dönə belə olay baş verib. Adamlar evlərinin böyür-başında, yaşadıqları binanın bir addımlığında yaşıllıqların qırılmasına, tikinti işləri aparılmasına qarşı çıxırkən anındaca əli dəyənəkli polislə qarşılaşırlar. Kimdir bu ölkədə hərbi-polis diktaturası quran? Ölkədəki bütün televiziyalar diktatura televiziyaları, rejimə bağlı qəzetlər diktatura qəzetləridir. Onların başlıca missiyası prezidentə “xəbərim olmayıb”, “bilməmişəm” qorunması yaratmaqdır. Ölkədə baş verən bir belə qanunsuzluqdan, özbaşınalıqdan soraqsızsansa, bu, dövlətə-xalqa bağlı milyonların, milyardların aylıq-maaş adına boş-boşuna paylanması, göyə sovrulması deməkdir! Prezidentin televiziyalarda yağlı verilişlərə baxıb xalqın yavan yaşayışından soraqsız olması olduqca acınacaqlı durumdur - gerçək prezidentiliyin baş tutmaması durumu!
P.S.Bu yazını yazırkən küçənin (Bünyadzadə k.) qarşı üzündə yenə yaşıllıq qırılır, tikinti üçün yer qazılır. Korrupsiya beləcə ölkəmizə DAĞ çəkir...

Xaliq Bahadır /azadlıq
1207 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber