Şrift ölçüsü:
A+
A
A-
Kr
27 May 2015

Gözə qansızmanın səbəbləri

Bu problemlə insanların əksəriyyəti üzləşir. Gözdə kapilyarların partlamasının səbəbləri müxtəlif ola bilər:

- Arterial hipertoniya

Yüksək təzyiq gözlərdə qansızmaların əsas səbəblərindən biridir. Xüsusilə bu arterial təzyiqin kəskin qalxması zamanı tez-tez baş verir. Çox incə göz damarları təzyiqin yüksəlməsinə tab gətirmir, partlayır və qansızma baş verir.

Əgər hipertoniyadan əziyyət çəkən insanda bu hal tez-tez təkrarlanırsa, bu çox təhlükəlidir, bu SOS siqnalıdır. Növbəti dəfə damar gözdə deyil, beyində partlaya bilər ki, nəticədə insult kimi ağır pozulma inkişaf edəcək.

- Şəkərli diabet

Şəkərli diabet zamanı orqanizmdə olan bütün kiçik kapilyarlar zədələnir. Buna "mikroangiopatiya" deyilir. Bu proses bütün kapilyarları əhatə edir. Nəticədə xəstənin ayaqlarında qanqrena, böyrəklərdə - böyrək çatışmazlığı inkişaf edə bilər. Gözlərin şəkərli diabetlə zədələnməsi isə görmənin tədriclə pisləşməsinə və hətta korluğa gətirib çıxarda bilər.

Əgər sizdə şəkərli diabet varsa və gözlərinizdə tez-tez qansızmalar olursa, bu çox təhlükəli simptomdur. Mütləq endokrinoloqa və oftalmoloqa müraciət edin.

- Göz yorğunluğu

Bu hala çox tez-tez təsadüf edilir. Göz damarları çox zərif və nazikdir. Gözlərin uzunmüddətli yüklənməsi zamanı (kompüterdə işlədikdə, kitab oxuduqda və ya sənətlərlə işlədikdə) göz damarları qanla dolur ki, nəticədə onların nazik divarları partlaya bilər və qansızma inkişaf edə bilər.
Bu çox təhlükəli olmasa da, insan öz iş rejimində dəyişikliklər etməli, gözlər üçün olan xüsusi gimnastika etməli, dincəlməlidir.

Əgər göz yorğunluğu xroniki xarakter alarsa, bu görmənin zəiflənməsinə və s. pozulmalara təkan verə bilər.

- Ağır fiziki yüklənmələr

Ağır fiziki yüklənmələr (məsələn, ağır çəkilərin qaldırılması ilə bağlı olan idman növlərində və ya peşələrdə) gözlərdə damarların partlamasına səbəb ola bilər.

- Qan xəstəlikləri

Bir çox qan xəstəlikləri zamanı insanda tez-tez qansızmalar baş verir. Bu xəstəliklər arasında: qanın laxtalanması sistemi xəstəlikləri, onkohematoloji xəstliklər, trombositopatiyalar. Bu xəstəliklər zamanı gözlərdə tez-tez qansızmalar, bədəndə göyərmələr əmələ gəlir, dəridə olan kiçik sıyrıntılar, kəsiklər zamanı qanaxma gec kəsilir, dəridə səpgilər olur.

- Kəllədaxili hipertenziya (kəllədaxili təzyiq)

Gözlərdə damarların partlaması tək ümumi arterial təzyiqinin yüksəlməsi zamanı dəyil, kəllədaxili təzyiqin yüksəlməsi zamanı mümkündür. Bu hal miqren, beyin şişləri zamanı baş verə bilər.

- Damar xəstəlikləri

Orqanizmdə damarlar divarlarının zədələnməsi ilə müşayiət olunan istənilən xəstəliklər (Vegener qranulematozu, Takayasu xəstəliyi, Bexçet sindromu və s.) gözlərdə qansızmalara səbəb ola bilər.

- Göz və baş travmaları

Həm göz, həm də kəllə-beyin travmaları göz damarların partlamasına səbəb ola bilər.

- Oftalmoloji xəstəliklər və patologiyalar

Gözlərin xoş və bədxassəli xəstəlikləri, keratit, konyuktivit, blefarit və s. kimi gözlərin infeksion xəstəlikləri və iltihabları zamanı gözlərdə damarların partlamasına və qansızmalara rast gəlinir.
Kəskin qlaukoma tutması, "quru göz" sindromu (kompüterdə daim işləyən insanlarda inkişaf edir) zamanı da gözlərdə qansızmalar ola bilər.

Digər səbəblər arasında: allergiyalar, bəzi dərman preparatların qəbulu, spirtli içkilərin qəbulu, meteohəssaslıq, ümumi infeksion xəstəliklər, bəzi vitaminlərin çatışmazlığı (xüsusilə A və C vitaminlərin).

Beləliklə, gözlərdə qansızmalar tez-tez baş verirsə, mütləq həkimə müraciət etmək lazımdır. Bəzi hallarda bu ciddi xəstəliklərin və pozulmaların əlaməti ola bilər.

Əksər hallarda qansızmanın özü heç bir xüsusi müalicə tələb etmir və bir neçə gün keçdikdən sonra özü-özündən yox olur. Müalicə isə qansızmalara səbəb olan amillərin aradan qaldırılmasına yönəldilməlidir.

Həkimlə məsləhətləşmədən heç bir göz damcısı, xalq təbabəti üsullarından istifadə etmək olmaz. Bu təhlükəli ola bilər./saglamolun/
700 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 16:51