Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2015

Əliyevin nəticəsiz hədələri

Yaxud Əliyev niyə vədinə əməl etmir?


Bu ölkədə böyük balıqlar heç vaxt tora düşmür. Həmişə xırda balıqlar ova çevrilir. Cinayəti törədənlər yox, cinayətə etiraz edənlər həbs olunur. Məsələn, uzun illərdi Azərbaycan korrupsiyanın səviyyəsinə görə dünyada ön sıralarda gedir. Amma bir qayda olaraq hansısa həkimin, müəllimin, dövlət qulluqçusunun həbsi baş verir və bunu korrupsiyaya qarşı mübarizə kimi təqdim edirlər.
Hər dəfə hansısa neqativ hal baş verəndə ölkə başçısı müşavirə keçirir və günahkarları hədələyir. Nəticə isə nəticəsizliklə müşahidə olunur.
Bir müddət əvvəl ölkə başçısı plyonkalı avtomobil sürənləri hədələdi: “O plyonkalı maşınlar, onları başqa cür cəzalandıracam. Onların arxalandıqlarını cəzalandıracam”- deyə prezident vəd verdi.
Sonra yumurtanın qiymətinə görə qəzəbləndi: “Yumurtanın qiymətini süni şəkildə şişirdənlər cinayət məsuliyyətinə cəlb olunsunlar”- deyə tapşırıq verdi.
Sonra harınlığa “müharibə” elan etdi: “Təmtəraqlı toylar, ad günləri, bahalı hədiyyələr, bunu yığışdırın, bəsdirin”- deyə Ilham Əliyev barmaq silkələdi.
Ardınca avtoşları hədəf seçdi: “Şəhərin mərkəzini yarış meydanına çevirənlər hamısı həbs olunacaq, vəssalam”- deyə yekun qərarını verdi.
Daha sonra məmurlara səsləndi: “Bəzi məmurlar vətəndaşa yuxarıdan aşağı baxır. Qudurğanlıq edirlər. Bir daha xəbərdarlıq edirəm”- deyə səsini yüksəltdi.
Ölkədə qiymət artımı baş verəndə də prezident hərəkətə keçdi: “Süni şəkildə qiyməti artımaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcək. Bu, natəmizlikdir”- deyə Ilham Əliyev özündən çıxdı.
Amma illər, aylar ötsə də bu vədlərə əməl olunmadı. Nə qiyməti süni şəkildə qaldıran məmur, nə harınlamış məmur övladı, nə də qudurğanlıq edənlər cəzalandırıldı. Əksinə, bu neqativ tendensiyalar artmağa başladı.
Bir neçə gün öncə isə ölkədə ağır faciə baş verdi və bu yanğın nəticəsində 15 insan həyatını itirdi. Vəziyyət o həddə çatdı ki, Ilham Əliyev müşavirə keçirmək məcburiyyətində qaldı və günahkarların ciddi cəzalandırılacağını vəd verdi. Amma bu hadisədən 8 gün keçsə də günahkarlar azadlıqda istirahət edir. Və belə məlum olur ki, ölkə başçısı “günahkarlar cəzalandırılacaq” deyib “JEK” müdiri ilə icra başçısının keçmiş müavinin həbs etdi. Sanki 100 milyonlarla vəsaitin mənimsənilməsi, binalara vurulan üzlüklərə sertifikat verilməsi, materialı istehsal edən şirkətin fəaliyyəti “JEK” müdirinin nəzarətində imiş.
Həmişəki kimi hakimiyyət vətəndaşı arxayın salmaq, vəziyyəti nəzarətə götürmək yolunu seçdi. Çünki, başa düşürlər ki, hadisənin üzərindən bir müddət keçəndən sonra təzyiq aşağı düşür, gündəm dəyişir. Məhz buna görə də Ilham Əliyev növbəti dəfə cəmiyyətlə zarafat etdi.
Əvvəlki təcrübələr də göstərir ki, “köhnə hamam, köhnə tas”dır. Ən böyük faciələrdə belə günahkarlar cəzalandırılmır. Səbəb isə sadədir. Çünki, bu ölkədə hakimiyyətin yuxarı eşalonunun razılığı olmadan heç bir iş görmək olmaz. Bütün neqativlər hakimiyyətin zirvəsindən qaynaqlandığı üçün cinayətkarlar cəzalandırılmır.
Görəsən, Ilham Əliyev nə vaxtsa dediklərinə əməl edəcəkmi? Yaxşı olar ki, prezident bir dəfə əyani nümunə göstərsin. Kabinetdən günahkarları hədələyib, reallıqda günahkarların sahib olduğu obyektlərin lentini kəsmək ənənəsinə son qoyulmalıdır.
Ümumiyyətlə, ölkə başçısı cəmiyyətə açıqlama verəmlidir ki, “cəzalandıracam” deyəndə nəyi nəzərdə tutur? Bəlkə bu cəza üsulu şillə vurmaqdan, təpikləməkdən, başa çırtma vurmaqdan ibarətdir və buna görə biz cəzaları görmürük.
Bəlkə, bu, yumurtadan başlayıb, yanğınla bitən “vəd”lərn hikmətini bizə açıqlayasınız?/azadlıq/
728 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber