Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2015

Sosial müdafiə mərkəzi dilənçilər üçün deyil - Məmurdan əlilə ədəbsiz cavab

Gözdən əlil İlham Əliyevə müraciət etdi:
 
"Xahiş edirəm ki, Ucar rayonu Əhalinin Sosial Müdafiə Mərkəzinə təyin edilmiş Elxan Rəhimov haqqında ciddi tədbir görəsiniz. O insanın işi-gücü o idarədə mənim kimiləri ələ salmaqla məşğul olmaqdır..."
Ucar rayonu Qazian kənd sakini, I qrup əlil Qədirov Rafiq İsrayıl oğlu Analitik.az-a şikayət məktubu ünvanlayıb. Məktubda Ucar rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Elxan Rəhimovun özbaşınalığından şikayətlənən R. Qədirov, saytımız vasitəsilə Azərbaycan respublikasının prezidenti İlham Əliyevə müraciət edir: "Mən Qədirov Rafiq İsrayıl oğlu Ucar rayon Qazian kənd sakini, I qrup gözdən əlil vətəndaş kimi mətbuatla ölkə Prezidenti İlham Əliyevə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova müraciət edərək onlardan xahiş edirəm ki, iki gözdən tam kor olan bir insanın səsin eşitsinlər. Neçə illərdir ki, aldığım travmadan gözlərim görmə qabiliyyətini tamam itirib və uzun illərdir dünya işığına kor baxıram. Mən kasıb və sosial problemlər içində dərdlərimlə mübarizə aparan bir insanam. İki övladım var idi. Biri kasıblıqdan müalicəsi düzgün aparılmadığı üçün vəfat etdi..."
 
I qrup əlil məktubunda qeyd edir ki, Ucar rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Elxan Rəhimovun qəbuluna düşmək Səlim Müslümovun qəbuluna düşməkdən çətindir. Belə ki, R.Qədirov bir ay ardıcıl olaraq dəfələrlə şöbəyə getdikdən sonra müdirin qəbuluna düşə bilib:
 
"Bir ay dayanmadan idarəyə dəfələrlə getdikdən sonra nəhayət, Elxan müəllim məni qəbul etdi. Ondan xahiş etdim ki, mənə Baki şəhərindən Gözdən Əlillər Cəmiyyətindən deyiblər ki, gözdən əlillərə yardım verilməsi üçün sənədlərimi hazırlayıb təqdim etməliyəm. Müdirdən həmin sənədləri hazırlamaqda mənə köməklik etmələrini xahiş etdim. Cavabında isə Elxan müəllim bildirdi ki, sənə lazımdısa 5 manat çay pulu verim get evinə, mənim işim-gücüm var. Boş şeydən ötrü məni narahat etmə. Dilənçilərin müdafiə mərkəzi deyil bu idarə."
 

R. Qədirov onu da yazır ki, iş bununla da bitməyib. Elxan Rəhimov Ucar rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müdir təyin olduqdan sonra aldığı sosial yardım azaldılıb: "Bundan əlavə mən birinci qrup əlil olduğum üçün mənə baxılması üçün qəyyumun və himayəçinin təyin edilməsi məqsədilə müayinə aktının tərtib edilməsi üçün müraciətimi isə Elxan Rəhimov cavabsız qoyub. Birinci qrup əlil, iki gözü görməyən, sosial problemlər içində boğulan kasıb vətəndaş kimi ölkə rəhbəri İlham Əliyevdən xahiş edirəm ki, Ucar rayonu Əhalinin Sosial Müdafiə Mərkəzinə təyin edilmiş Elxan Rəhimov haqqında ciddi tədbir görəsiniz. O insanın işi-gücü o idarədə mənim kimiləri ələ salmaqla məşğul olmaqdır. Sizdən çox xahiş edirəm ki, azaldılmış sosial yardımım yenidən əvvəl neçə manat alırdımsa bərpa edilsin, mənə baxılması üçün qəyyumluğun müayinə aktı tərtib edilməsinə yardım edilsin. Gözdən Əlillər Cəmiyyətindən müəyyən yardım almağım üçün sənədlərin hazırlanmasında mənə köməklik edilsin."


744 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:45