Şrift ölçüsü:
A+
A
A-
Kr
29 May 2015

Azərbaycan ordusunda anoloqu olmayan faciə

Ərkinaz Məmmədova: “Süpürgəçilik etməklə oğul böyütdüm, bu da sonu...”

Aprelin 21-də 171 saylı hərbi hissənin Gədəbəyin Qartal II (Alagöllər) deyilən bölüyündə müddətdən artıq xidmət keçən (MAXE) hərbi qulluqçu, 25 yaşlı Miriyev Səməd Əli oğlu müəmmalı şəkildə dünyasını dəyişib. Yaxınları onun MAXE yoldaşları tərəfindən qətlə yetirildiyini iddia edirlər. 

Redaksiyamıza müraciət edən mərhumun anası, Şəmkirin Posanlı kəndi, Gəray Əsədov küçəsi ev 38-də yaşayan Məmmədova Ərkinaz Əli qızı oğlunun  ölümü ilə bağlı tükürpədici faktlar açıqladı.

O, oğlunun dörd nəfər tərəfindən öldürüldüyünü, faktın ört-basdır edilməsi üçün aidiyyəti orqanların onlara təzyiqlər etdiyini, 171 saylı hərbi hissənin komandiri, general Rövşən Əkbərovun onu polis vasitəsilə qovdurduğunu deyir:

“Oğlumu 4 nəfər MAXE öldürüb. Korpusun nümayəndələri şayiə buraxdılar ki, intihar edib. Oğlumun meyitini iki nəfər MAXE-nin əlinə verdilər. 

Meyitini belə yumağa imkan vermədilər. İcra başçısının təzyiqi ilə oğlum dəfn edildi. Dedilər ki, kömək edəcəyik, Səmədə şəhid statusu verəcəyik. Bunların heç birini etmədilər. Oğlum dəfn edildiyi günün səhəri Qazağın hərbi prokuroru Şahin Zamanovun qəbuluna getdim. Ekspertin cavabını almadan dedi ki, özü-özünü vurub. Dedim ki, nə üçün ekspert rəyi olmadan belə deyirsən? Oğlum ölməmişdən qabaq qardaşı Nicata mesaj yazıb. MAXE Hacıyev telefonu açaraq, mesajı silib.  Yazıb ki, mən ölürəm. Qanımı Cavadov, Əbilov, Hacıyev və Qarayevdən alarsan. Əsgərlikdə soyadla çağırdıqlarına görə adlarını müəyyənləşdirə bilməmişik.

 

 

Yalnız Camal Hacıyevi bilirəm. Ölümünə səbəb olanların bu şəxslər olduğunu oğlum mesajla bildirib. Mesajda oğlum yazıb ki, ”məni sındırmaq üçün birləşdilər, bacarmayanda dava saldılar". Ondan sonra oğlumun son cümləsi “məni bağışlayın”dır. Mayın 5-də toyu olmalı idi. Qəsdən məzuniyyətə göndərmədilər.

 

 

 

Nicat qardaşının mesajını 40 dəqiqədən sonra görüb. Korpusa çatanda deyiblər ki,  qardaşın ölüb. Telefona zəng edəndə Hacıyev götürüb. Oğlum soruşub ki, niyə sən telefonu götürürsən? Telefonu söndürüb. Oğlumun yazdığı mesaj isə telefondan silinib. Şahin Zamanova sual verirəm ki, nəyə görə oğlum öləndən sonra mesaj onun telefonundan silinir? Deyir ki, özü silib.

Dəhşətə gəlirəm ki, insan öləndən sonra mesaj silir? Bu qədər vicdansızlıq olmaz. Sonra Şahin Zamanov deyir ki, Hacıyevin öz telefonu yox imiş, sənin oğlunun telefonu ilə danışırmış, əli dəyib mesaj silinib. Sual verdim ki, bəs niyə bu şəxslərin adını mesajda yazıb? Savab vermədi".

Şikayətçi qadın Rövşən Əkbərovun onu qovdurmasından danışdı:

“Korpusun komandiri Rövşən Əkbərov polis vasitəsilə məni qovdurur. Mehdiyev mənə deyir ki, nə şou çıxarırsan? Oğlumun ölümünü şou hesab edirlər. Əbilov deyir ki, dağdan yıxılıb, başı göyərib. Deyirəm ki, ölən adamın başı göyərir? Hətta dedilər ki, meyiti dağdan endirəndə, qucağımızdan yerə düşüb. Oğlumun bədənində göyərti izləri var idi. Hərbi komissar da görüb. Amma deməyə cəsarəti çatmadı. Deyirlər ki, bədənindəki göylər ölü ləkəsidir. Saat 5-də ölən adamın, gecə 2-də bədənində ölü ləkəsi qalar? Rövşən Əkbərov məni korpusdan qovdurdu.

Şahin Zamanovun ikinci dəfə qəbulunda oldum. Deyir ki, oğlun söyüşə görə özünü öldürüb. Söyüşə görə insan özünü öldürərmi? Oğlum bankdan 1200 manat kredit götürüb, MAXE işinə girdi”.

 

 

Mərhumun anası oğlunun bu ilin fevralında başına gələn hadisədən sonra daim hədələndiyini də qeyd etdi. Ana iddia edir ki, övladının ölümünə bu amil səbəb olub:

“Bu ilin fevralında Səməd kursa getmək üçün dağdan düşəndə dumanda itmişdi. Bunun qabağına leytenant Elməddin Əzizov adlı birisi çıxmalı imiş. O da çıxmayıb. Nəticədə oğlum gecə saat 2-də tapılır. Bu vaxta qədər özünü qorumaq üçün bütün mülkü paltarlarını yandırır. Tapandan sonra sistem qoyub, özünə gətirirlər.

Elməddin oğluma deyib ki, komandirə demə, qarşına çıxmadığımı. Səməd deyib ki, niyə mən ölməliydim? Elməddinə şiddətli töhmət verirlər. Elməddin oğluma deyib ki, gör sənin başına nə oyun açacam. Kursdan oğlum Saratovka kəndində yerləşən hərbi hissəyə qayıtdı. Mənə zəng etdi ki, burada Elşən Zeynalov adlı qərargah rəisi məni incidir. Bu hadisələri törədənin hamısı Elməddin Əzizov olub. Qərargah rəisini də öyrədib. Oğlumu məzuniyyətə göndərməyən də bu olub.

Qazağın hərbi prokuroru Şahin Zamanov, Şəmkirin icra başçısı Alimpaşa Məmmədov və Rövşən Əkbərov bu işi ört-basdır etmək istəyirlər. Yazdığım məktublara cavab verən yoxdur. Oğlumun gözünün altında və belində döyülmə izləri var idi. Bu qədər qanunsuzluq olmaz. Oğlumu öldürüb, üstümə göndərdilər. Noyabrın 27-də oğlum hərbi hissəyə gedib.

 


Beş ayın MAXE-si idi. Oğlumun başını yedilər. Əsgərliyini il yarım Naxçıvanda çəkdi. Şəmkirin icra başçısı Alimpaşa Məmmədov mənə deyir ki, bu iş hərbidə olub, get, onlar sənə kömək etsin. Sonra gedəndə isə qəbula buraxmadılar. Oğlum dəfn olunanda icra başçısı mənim yanıma adam göndərdi ki, sakitləş, vicdanımla bu işə baxacam. Çörək qazananımı öldürdülər. Süpürgəçi işləyirəm, kasıb adamam. Öldürənlər puldan verib, oğlumun qanını batırırlar. Şahin Zamanov pul alıb susur.

Bu bir ananın fəryadıdır. Dövlət məmurları oğlumun ölümündən istifadə edib, pul qazanmaq istəyirlər. Süpürgəçilik etməklə oğul böyütdüm, bu da sonu... Vətəni qoruyan snayperə, idmançıya qoyulan hörmət budur? Əlbəyaxa döyüş üzrə yarışmada oğlum diplom almışdı. Hərbi hissədə onun aldığı ”Fəxri fərman"ı oğurlayıblar".

 

Ə.Məmmədova oğluna şər atıldığını söylədi:

“Deyirlər ki, oğlun hərbinin qanunlarına hörmət etmirdi. Belə idisə, niyə həbs etmirdilər? Şəmkirdə qanunsuzluq baş alıb gedir.  Küçədən keçən narkomanı belə, 3-4 min alıb MAXE götürüblər. Əsl snayperçini isə öldürdülər. Cənab prezidentə müraciət edirəm. Mənə kömək etsin. Bu qədər qanunsuzluğu görməmək olmaz. Korpus komandiri imicinə xələl gəlməsin deyə, oğlumun qanını batırmaq istəyir. Polis çağırıb məni qovdurur. Niyə Rövşən Əkbərov? Oğlumun qatilini istəyirəm, ona görə? Açıqca mənə deyirlər ki, günahı var idi. Sonra sözlərini danırlar.

Günahı olanı öldürmək lazımdır? Oğlumun təhsil aldığı bütün yerlərdən müsbət xarakteristikası var. Ümumiyyətlə, 171 saylı hərbi hissədə ölənlərin hamısına eyni sözü deyirlər, özü-özünü öldürüb. Hərbidə ölənlərin hamısı özü-özünü vurur? Heç kəs maraqlanmır”.

Mövzuda adı keçən şəxslərin mövqeyini dərc etməyə hazırıq.  /Musavat/

2362 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi