Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2013

Aslan İsmayılov keçmiş məmurların sauna macəralarını açıb-tökdü

Tanınmış vəkil Aslan İsmayılov özünün facebook səhifəsində keçmiş məmurların sauna macəralarından yazıb.

Vəkilin paylaşdığı statusu olduğu kimi təqdim edirik:

“Bu konkret hal barədə yazmaq mənim üçün bir şəxsi həyatdan yazmaqdan çətindir. Ancaq nə qədər çalışsam da mümkün olmadı. Təxminən 4 ildir gecə-gündüz Həsən bəy Zərdabiyə, Mirzə Ələkbər Sabirə və Cəlil Məmmədquluzadəyə gündə bir neçə dəfə rəhmət oxudum, hər onlar yadıma düşdükcə utandım, onlardan üzr istəmək istədim.

Hayıf ki, mümkün olmadı. Biz susduqca mədəniyyətsizlik, tərbiyəsizlik, bir qarşısıalınmaz fəlakət kimi, üstümüzə gəldi. Ona görə də qərara gəldim ki, konkret halı, adlar çəkmədən nəzərinizə çatdıracağam.

Təxminən 5 il əvvəl səhhətimlə bağlı dostum məni “Hyatt Regency” otelinin “Oazis” idman və sağlamlıq klubuna abunə yazdırdı. Həmin gündən hər gün səhərlər ora gedib hovuzda 500 metr məsafəmi üzürəm. Şənbə, bazar günləri isə idman zalına və saunaya baş çəkirəm. İlk günlərdən hər yerdə bir dənə olsun belə Azərbaycan dilində yazılmış söz olmadığını, xadiməlik işindən başqa bütün işlərdə xaricilərin, xüsusilə hindlilərin, filippinlilərin işlədiyini gördüm.

Bu barədə, yəni dövlət dilinə və millətimizə qarşı hörmətsizlik olması barədə baş nazir Artur Rəsizadəyə məktub yazdım. Bir həftə keçməmiş bütün yazıları Azərbaycan dilində də yazdılar və tədricən üst işçiləri azərbaycanlılarla əvəz etdilər.

Hər şey də elə bundan sonra başladı... İdman adı ilə oraya çay içməyə, qeybət etməyə, bugünkü hakimiyyətin qanunsuzluqlarından, rüşvətxorluğundan danışmağa (ora məhz sağlamlığım üçün gəldiyimdən bir dəfə də bu mövzuya qarışmadım, bir də ki, həmin şəxslərin vəzifədə olanda elə o işlərdə xüsusi bacarıqlarının olduğunu gözəl bilirəm) gələn təxminən 7-8 nəfərdən ibarət, bu gün işsiz olan, hamısı keçmiş polis rəisləri, icra başçısının müavini, Maliyyə Nazirliyinin rəhbərlərindən biri, 250 manat maaşla 250 min manatlıq dövlət nişanlı maşın sürən hüquq fakültəsinin müəllimi və s. də gəlirlər.

İlk günlərdən bəzilərinin murdar əməllərini görsəm də azərbaycansayağı hamını yola verməyə çalışırdım. İnsaf naminə onlar da mənə hörmətlə yanaşır və az qala zorla çay içməyə də dəvət edirdilər. Bu 7-8 nəfərin çay içmə mərasimi onlarla insanın istirahətini cəhənnəmə döndərdiyindən həmin şəxslər saunanın qarşısında olan istirahət otağında istirahət edə bilmirdilər.

Oranın o duruma düşməsində dolayısı ilə mənim də suçum olduğundan hər dəfə orada uzandıqda nə qədər xahiş etsəm də ki “uzanıb həzin, klassik musiqi sədaları altında 5 dəqiqəlik mürgüləmək istəyənlər var, yaxşı deyil, bura xaricilər də gəlir, burada hündürdən danışmaq, telefonla alış-veriş etmək, biznes problemlərini çözmək, rüşvət verib “yağlı” vəzifəyə gedən qohum-əqrəbanı telefonla hündürdən “xeyirli olsun” demək, bazarlıq üçün sürücülərə sifariş vermək” və s. burada yazmağa utandığım halları bağıra-bağıra demək olmaz, xeyri olmadı... 3-4 dəfə çay içmək istəməsəm də onlarla oturub (istirahət otağında oturmaq üçün yer nəzərdə tutulmayıb, ancaq uzanmaq üçün taxta çarpayılar var) hər dəfə hündürdən danışanda dostcasına “istirahət edənlər var” desəm də yenə xeyri olmadı.

Bir müddət ümumiyyətlə baş qoşmaq istəmədim. Ancaq idmana gələnlərin bir çoxu, o cümlədən elə orada çay içənlərin bəziləri də daxil olmaqla mənə yaxınlaşıb, yaxud mənə eşitdirmək üçün soyunma otağında ucadan həmin şəxslərin ardınca təhqiramiz ifadələr işlədirdilər.

Təxminən 2-3 ay əvvəl artıq ciddi şəkildə bildirdim ki, əgər burada bir daha çay dəsgahı düzəldib bağıra-bağıra danışsanız, otelin rəhbərliyinə şikayət edəcəm. Bundan əlavə, elə həmin şəxslərin bir neçəsinin üzlərinə dediyim oğurluğa bərabər halları isə burada sadalamaq istəmirəm.



Bir xeyri olmadığından axırı şikayət edəsi oldum. Həmin şəxslərə orada çay dəsgahı qurmağı qadağan etsələr də onlar öz əməllərini davam edir, mən isə şikayətimi davam edirdim. 5-10 manat bəxşiş alan gənc işçilər isə mənim şikayət etdiyimi israrla onlara təkrarlayırdılar.

Bu gün yenə uzanıb istirahət etmək istəyən kimi söz atmağa başladılar. Yenə onlara izah etmək istədim, alınmadı, sanki bir dəstə “giyena” (Azərbaycan dilində “kaftar” adlanır) mənə hücuma keçdilər, nələr dedilər... Orada baş verənlərdən gündə arxalarınca şikayət edənlər isə özlərini görməməzliyə vurdular. Necə deyərlər, maskalar cırıldı, sifətlər göründü.

Bacardığım qədər cavablarını verdim və düşündüm: İlahi, biz nə gündəyik, kimlər bizə rəhbərlik edir, kimlər gənc nəslə dərs deyir, kimlər professor adı daşıyır?! Hüquq fakültəsində dərs deyən 250 manat maaş alıb 250 min manatlıq dövlət nişanlı maşın sürən, “Vertu” telefon gəzdirən, bir paltar şkafının pulunu verib üçündən gizli şəkildə istifadə edən, hüquq elmləri doktoru adına iddialı olan, məndən 20 yaş cavan “müəllim”in bağıra-bağıra “Millət səni də, məni də yaxşı tanıyır” deməsi isə “aftafa görməyən”lərin kulminasiya nöqtəsi oldu!

Səmimi deyirəm: həyatımda birinci dəfə azərbaycanlı olduğumdan utandım. Axı məni təhqir edənlər mənim həm qanuni, həm mənəvi, həm də əxlaqi baxımdan düz irad tutduğumu bilirlər, susanlar isə yaranmış nisbi sakitliyə görə təklikdə mənə neçə dəfə təşəkkür ediblər. Əminəm ki, bu yazı paylaşılacaq və həmin şəxslər özlərini görəcəklər. Mən şəxsən düz olsam da baş verənlərdən vicdan əzabı çəkdim. Bəs onlar?! Ancaq vicdanı olanlar vicdan əzabı çəkərlər!

P.S. Gözümün qarşısında Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalında dərc olunan Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi və adlarını sadalamadığım digər ziyalıların yazıları, Əzim Əzimzadənin karikaturaları canlandı. Üstündən necə il keçib?! Cəmi yüzcə il...”/virtualaz/
2189 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
04.12.1