Şrift ölçüsü:
A+
A
A-
Kr
30 May 2015

Abadlıq adı altında milyardlar göyə sovurulur

Təkcə Bakı Şəhər Icra Hakimiyyətinə 2 milyard manata yaxın vəsait verilib

Orta və kiçik layihələrdə podratçıların kimlərdən ibarət olması ümumiyyətlə, açıqlanmır


Bakıda çoxmərtəbəli binanın yanması paytaxtın necə abadlaşdırılması məsələsini gündəmə gətirdi. Dövlət büdcəsindən milyonları udan bina üzlüklərinin indi keyfiyyətsiz olduğu üzə çıxır, ona görə də hamısı sökülür və təzələri ilə üzlənəcək. Yeni üzlüklərin isə keyfiyyətinə zəmanət yenə də yoxdur. Bir binanın yanması Bakının abadlaşdırılması işində aşkar olunan yalnız bir “yeyinti” faktıdır.
Bu gün abadlaşdırma adı altında tək binaların siması tez-tez dəyişilmir, eyni zamanda bir avtomobil yolunun bir neçə dəfə təmirinin, salınan yaşıllığın qısa müddətdən sonra qurumasının, işıq dirəklərinin tez-tez dəyişdirilməsinin, yaşıllıqların “park salma” adı altında məhv edilməsinin, yüz milyonlar udan nəqliyyatın intellektual idarə edilməsi layihəsinin fiaskoya uğramasının və sair hadisələrin şahidi oluruq. Əlbəttə, bütün bu layihələrin hamısı büdcədən böyük pullar yeyir. 2006-cı ildən ölkəyə gələn neft pullarının həcminin artması hesabına ərsəyə gələn bu korrupsiya çarxı həm xalqın cibinə, həm də ekoloci mühitə böyük zərbələr vurur. “Paytaxtın abadlaşdırılması” planı Bakı əhalisinin artıq 10 ilə yaxındır ki, gərgin həyat yaşamasına sövq edib.
“Bizim Yol” qısa araşdırma apararaq bu illər ərzində paytaxtın kosmetik təmiri üçün nə qədər pul xərcləndiyini öyrənməyə çalışıb.
Paytaxtda aparılan təmir-tikinti işlərinə bir neçə istiqamətdə vəsait ayrılır. Bu sırada Bakı Şəhər Icra Hakimiyyəti ilk sırada gəlir. Daha sonra ən böyük pay Nəqliyyat Nazirliyinə düşür. Bundan əlavə “Bakı şəhəri və ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramı çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərenerji”, “Azərsu”, Dövlət Neft Şirkəti, Gənclər və Idman Nazirliyi dövlətin böyük vəsaitlərini xərcləyir.
2006-2014-cü illərdə Bakı Şəhər Icra Hakimiyyəti vasitəsilə paytaxtın təmir-tikinti işləri üçün dövlət büdcəsindən aşağıdakı həcmdə vəsait istifadə edilib.
2006-cı ildə - 1,8 milyon manat
2007-ci ildə - 64 milyon manat
2008-ci ildə - 40 milyon manat
2009-cu ildə - 15 milyon manat
2010-cu ildə - 25 milyon manat
2011-ci ildə - 350 milyon 634 min manat
2012-ci ildə - 327 milyon manat
2013-cü ildə - 644 milyon manat
2014-cü ildə - 276 milyon 153 min manat?
Bu istiqamətdə ən böyük investisiya xərclərini isə “Bakı şəhərində binaların təmiri, işıqlandırılması, abadlaşdırılması, əhalinin köçürülməsi” adlı bölmə “udur”. Belə ki, sözügedən bölmə üzrə 2011-ci ilə 198,1 milyon manat, 2012-ci ildə 125 milyon manat, 2013-cü ildə 114,5 milyon manat, 2014-cü ildə 100 milyon vəsait xərclənib. Daha sonra vəsaitlər müxtəlif obyektlərin əsaslı təmirinə, avtomobil yollarının çəkilməsinə, “Ağ şəhər” layihəsinə, Zooparkın köçürülməsinə və sair sahələrə yönəldilib.
BŞIH-lə yanaşı, paytaxtın ayrı-ayrı rayonlarının icra hakimiyyətlərinə də abadlıq işlərinin görülməsi məqsədilə büdcənin əsaslı vəsait qoyuluşundan pullar ayrılıb. Burada diqqət çəkən məqamlardan biri budur ki, Nərimanov rayonu ərazində abadlıq işlərinin qurulması üçün BŞIH-nə 2011-ci ildə 38 milyon manat ayrılmasına baxmayaraq, eyni xərc bölməsi üzrə Nərimanov Rayon Icra Hakimiyyətinə 2013-cü ildə yenidən 20 milyon manat vəsait yönəldiblər.
Paytaxtın yenidən qurulması üçün digər xərclər istiqamətlərindən biri də, dediyimiz kimi, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının” həyata keçirilməsi ilə bağlı ayrılan vəsaitlərdir. Belə ki;
- Proqramın icrası üçün 12-yə yaxın dövlət qurumuna 300 milyon 308 min manat ayrılıb.
- Dövlət Neft Şirkəti isə təkcə qazlaşdırmaya 80 milyon manat xərcləyib. Neftli torpaqların təmizlənməsinə ayrılan vəsait isə göstərilmir.
Paytaxtın abadlıq işlərinin aparılması zamanı ən böyük xərc bölmələrindən biri də bulvarın təmiri, Bayraq Meydanının tikintisidir. Beləliklə, bulvarda yenidənqurma işlərinin aparılması və genişləndirilməsi üçün Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar Idarəsinə;
2011-ci ildə 30,1 milyon manat
2012-ci ildə 18 milyon manat
2013-cü ildə 53 milyon manat
2014-cü ildə 50 milyon manat verilib.
Dövlət Bayrağı Meydanının tikinitisinə və ətrafında abadlıq işlərinin qurulmasına isə;
2011-ci ildə - 65 milyon manat
2012-ci ildə - 40 milyon manat
2013-cü ildə isə - 39 milyon manat
2014-cü ildə - 5 milyon manat istifadə edilib.
Ən böyük xərc istiqamətindən birini də Nəqliyyat Nazirliyi təşkil edir. Təəssüf ki, Nazirliyin Bakının avtomobil yollarına sərf elədiyi vəsaitin dəqiq statistikası təqdim edilmir.
Dövlətin milyardlarla vəsaiti xərclənmiş bu abadlaşdırma işinin necə həyata keçirilməsi, hansı şirkətlərə tapşırılması, tenderlərin şəffaflığı və sair kimi məqamlar mətbuatın daim gündəmində duran məsələlərdir. Tenderdə “qalib gələn” şirkətlərin adları yalnız hansısa faciələr meydana çıxanda məlum olur. Iri həcmli layihələrdə bu şirkətlərin adları müəyyən qədər məlum olsa da, orta və kiçik layihələrdə podratçıların kimlərdən ibarət olması ümumiyyətlə, açıqlanmır./azadlıq/
556 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber