Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Dekabr 2013

Xətaidə evləri sökülən sakinlər qan ağlayır - Foto

«Evimizdən çıxmamış binanı sökmək istəyirlər. Faciəli bir hadisə baş versə kim buna cavab verəcək?»

Xətai rayonu, Cavanşir küçəsi 36 ünvanında yerləşən 6 saylı binanın sakinlərini icra hakimiyyəti bayıra atır. Əvəzində isə onlara 45 min manat kompensasiya verir. Sözügedən ünvanda yaşayan 200-dən çox ailə buna razı olsa da, hələlik 6 mənzil sahibi sona qədər hüquqlarını qorumaq niyyətindədir...

Üç ailəni bir tərkibdə qeydə alırlar

Cəbrayıl rayonundan olan məcburi köçkün Fərman Quliyevin iki oğlu ailə qurub. Övladlarından biri onunla yaşasa da icra hakimiyyəti bunu nəzərə almayıb: “Bizi biri ailə kimi qeydə alıblar. Övladlarım ailə başçısıdır. Biri ailəsiylə tək yaşayır. Halbuki hər üç ailəyə ayrı-ayrılıqda kompensasiya verilməlidir. Ancaq bu nəzərə alınmır. Deyirlər ki, 45 min manat veririk, çıxın. Bu pulla mənzil almaq olar? Üç ailədən birini ixtisara salsınlar. Oğlanlarıma kompensasiya versinlər ki, özlərinə mənzil ala bilsinlər. Mən də onlardan biriylə yaşayaram”.

Gülnarə Rəhimovanın mənzilinin sahəsi 37 kvadrat metrdir. Iki otaq sahibi olan şikayətçi deyir ki, evinin bütün sənədləri qaydasındadır: “Burada qeydiyyatdayıq, mənzilin ”kupça"sı var. Binada yaşayan bir qismi məcburi köçkün, başqa bir qismi isə yerli əhali idi. Indi 6 ailə qalıb. Hərəni bir adla çıxartdılar. Bəziləri normal pul alıb getdi. Ancaq bizi saxlayırlar". 

Gülnarə Rəhimova bildirir ki, bu barədə aidiyyəti qurumlara məlumat verib: “Icra hakimiyyətinin məsul işçilərinə dedik ki, verilən pul bazar qiymətlərindən qat-qat aşağıdır. Ancaq onlar narazı qalan 6 ailəni yox, 200 ailəyə diqqəti yönəltdilər. Dedilər ki, bu qədər insan evini tərk edibsə, nəyimizə lazımdır 5-6 ailə? Bu nə deməkdir? Elə məbləğ ödəsinlər ki, biz o pulla özümüzə ev ala bilək”.

“Camaat evindən çıxmamış onlar binanı sökmək istəyirlər”

Şikayətçilər məsələylə bağlı məhkəməyə müraciət etsələr də, hələlik heç bir nəticə yoxdur. Daha doğrusu məhkəmə prosesi davam edir, ancaq söküntü işini həyata keçirənlər də öz işlərindədir. Qanunvericiliyə görə, iş məhkəmədə olursa proses durdurulmalıdır. Ancaq hər şey əksinədir. Məhkəmənin qərarı olmamış fəhlələr tapşırıq əsasında binada köçürülmə işlərini həyata keçiririlər. Bu azmış kimi binanın üstünə qaldırılmış kiçik həcmli traktor da fəaliyyətdədir. Sakinlər etiraz edərək işi dayandırmağa müvəffəq olublar. 

“Camaat evindən çıxmamış onlar binanı sökmək istəyirlər. Faciəli bir hadisə baş versə kim buna cavab verəcək? Niyə insanları incidirlər? Məhkəmə qərar versin, ondan sonra çıxaq”, - deyə sakinlər iradlarını bildirirlər.

Burada artıq bir bina yerlə-yeksan olub. Sakinlərin dediyinə görə, onların da məskunlaşdıqları bina söküləndən sonra yerində “göydələn” tikiləcək: “Bizə gələndə isə vəziyyət başqa olur, pul verilmir. Onsuz da yeni tikilən binalardan qazanacaqlar. Camaatın çörəyinə niyə bais olurlar?”.

Nərminə Quliyeva da verilən kompensasiyadan narazıdır. Deyir ki, qardaşı ailəsiylə başqa ünvanda yaşasa da bu nəzərə alınmayıb: “Qardaşım ailəlidir. Başqa ünvanda yaşayır. Deyirlər ki, ikinizə birlikdə 45 min manat verəcəyik. Bizimlə bir yerdə yaşamadığını desəm də bunu nəzərə almırlar. Necə olur ki, Rusiyada yaşayan adamı çağırıb ona yarı qiymətə pul verirlər. Kiminsə imkanı varsa ona böyük məbləğdə kompensasiya verilməlidir, başqalarına yox? Bu harada görünüb? Hansı qanunda yazılıb?”.

“Verilən pula burada ev almaq mümkün deyil”

Zəngilan rayonundan olan məcburi köçkün Gülçöhrə Ağayeva 205, oğlu 192 nömrəli mənzildə yaşayır: “Bizi də bir yerdə qeyd ediblər. Icra başçısının müavini Zaməddin Əkbərov deyir ki, gedin bir yerdə yaşayın. Bizim ayrı-ayrılıqda mənzilimiz ola-ola niyə bir ev almalıyıq? Hansı ki, verilən məbləğə bu ətrafda ev almaq mümkün deyil”.

Nahidə Quliyevanın başına gətirilən müsibət isə lap dəhşətdir. Vətəndaşlara veriləcək kompensasiya siyahısında onun adı yoxdur. Səbəb isə anormaldır; mənzilləri qeydiyyata alan zaman o, rayonda yasda olub. Gələndən sonra isə aidiyyəti qurumlara müraciət etsə də kimsə ona diqqət yetirməyib. Deyiblər ki, siyahıyaalınma başa çatıb.

“Mənzilimin sahəsi 20 kvadrat metrdir. Pul verməyəcəklərini deyirlər. Mən iki körpə uşaqla hara gedim? Qonşular da təsdiq edər ki, neçə illərdir burada yaşayıram”.

Rəna Ibrahimovanın mənzilinin sahəsi 22 kvadrat metrdir: “Işimiz məhkəmədə ola-ola bizə deyirlər ki, çıxın. Güc göstərib evimizdən çıxartmaq istəyirlər”.

Həmzə Həmzəyev bərbərdir. Sözügedən binaya bitişik obyekti var. Indiyə qədər kimsə onunla söhbət etməyib: “Burada işləmək olmur. Hər yeri sökürlər. Ancaq heç kim mənimlə söhbət etmir. Nə kompensasiya barəsində danışırlar, nə də başqa bir söz deyirlər”.

***

Sakinlərin dediyinə görə, bir müddət öncə evlərini tərk edən 80 ailənin hamısına mənzil verilib.

“Ailə tərkibi 3 nəfərə qədər olana 1, 4-6 nəfər olana 2, 6 nəfərdən çox olan ailələrə isə 3 otaqlı mənzillər veriblər. Bizə də dedilər ki, sizə ev veriləcək. Ancaq indi deyirlər ki, 45 min manat kompensasiya alacaqsınız. Bu pul bizi qane etmir. 45 min manata heç yerdə ev almaq olmaz. Bu azmış kimi iki, üç ailəni bir tərkibdə qeydə alırlar” - vətəndaşlar söyləyirlər.

Söküntü işləri başa çatandan sonra yaşayış kompleksi tikiləcək. Əvvəlcə sakinlərə “ərazini abadlaşdırırıq” deyiblər. Bir müddət sonra isə işin üstü açılıb.../azadlıq/

1776 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 10:41