Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2015

15 nəfərin ölümünə bais şirkətin rəhbərilə bağlı şok faktlar

Miryusif Mahmudovun «M-line» MMC-si dövlət qurumlarının mebel təchizatında monopolist imiş
 
Binəqədidə baş verən dəhşətli yanğın faciələr gətirməsiylə yanaşı bir çox qaranlıqlara da işıq saldı. Bu hadisə Azərbaycanda Korrupsiyanın ən yüksək səviyyələrdə himayə olunduğunu bir daha ortaya qoydu. Ilk qurbanlardan biri kimi iş adamı “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov həbs olundu; istehsal etdiyi malın keyfiyyətsizliyi ucbatından. Ancaq bu həbs onun başqa özəlliklərini üzə çıxardı. Onun hakimiyyətin himayəsi altında olan bir çox şirkətlərə rəhbərlik etdiyi bilindi. Belə şirkətlərdən biri “M-line” MMC-dir. Bu şirkət hələ bir neçə il əvvəl “Azadlıq”ın diqqətini cəlb etmişdi. Səbəb isə Ilham Əliyevin bu şirkətə xüsusi diqqət yetirərək onun açılışında iştirak etməsi idi. Həmin vaxtdan başlayaraq “M-line”la bağlı araşdırma apardıq. Həmin araşdırmanı  oxuculara təqdim edirik:
 
Əliyev üçün 8 əsgərin həyatından da önəmli fabrik
 
 
“İlham Əliyev Abşeron rayonunun Hökməli qəsəbəsində ”M-Line" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) mebel fabrikinin açılışında iştirak etmişdir.
Fabrikin kollektivi dövlətimizin başçısını hərarətlə qarşıladı.
İlham Əliyev fabrikin rəmzi açılışını bildirən lenti kəsdi və müəssisə ilə yaxından tanış oldu...".
Həmin gün Azərbaycan ordusunun 8 əsgəri həyatını itirmişdi. Birinci xəbər bu olmalıykən, yenə də prezidentin qırmızı lent kəsməsini qabağa salmışdılar. Bütün telekanallar bu açılışdan geniş reportaj verdi. Hətta onu da deməyi unutmadılar: “əsası Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası Ilham Əliyev tərəfindən uğurla davam etdirilir”. Qulaqları yağır eləmiş bu sözlərin, yalançı lentkəsmələrin oxucuları, tamaşaçıları bezdirdiyinin fərqindəyəm, amma yeni kimi təqdim olunan “M-line” diqqətizi çəkdi və bu MMC ilə bağlı kiçicik bir araşdırma aparmaq qərarına gəldik. Nədənsə, nə telekanallarda, nə də açılış xəbərini yayan agentlik, sayt və qəzetlərdə MMC rəhbərinin adı çəkilmədi. Niyəsini bilmirik. Bəlkə yiyəsiz qurumdur. Yox, kimsə prezidentin yanında gəzir, fabriklə bağlı ona məlumatlar verirdi. Bir də bu MMC-nin Sahibkarlığa Kömək Milli Fondundan ötən il 5 milyon manata yaxın güzəştli kredit aldığını eşidəndən sonra onun sahibsiz olması fikrini unutduq. Həm də ona görə ki, reportajlarda ağız dolusu dövlətin sahibkarlara atalıq qayğısından danışdılar və bu fabrikin açılmasını da onun nümunəsi kimi qələmə verdilər. “M-line” MMC-yə 5 milyon manata yaxın güzəştli kredit verilib. Hansı həqiqi sahibkar indiyə kimi fondun böyük kreditlərindən faydalanıb? Varmı beləsi? Qalıbmı sahibkar? Belə sahibkar tanıyırsınızmı? Var belə sahibkarlar - Ilham Əliyev, Kəmaləddin Heydərov, Ziya Məmmədov, Ramiz Mehdiyev, Zakir Qaralov, Allahşükür Paşazadə, Paşayevlər, Hacıbala Abutalıbov, Bəylər Əyyubov və başqa sizin də yaxşı tanıdığınız çoxlu “sahibkar” var bu ölkədə. Güzəştli kreditlər də onlara verilir. Şübhə etmirik ki, ölkə başçısının açılışında iştirak etdiyi fabrik də bu “sahibkar”lardan birinə məxsusdur...
 
“M-line” üçün milyonlarla manat güzəştli kreditlər
 
Gəlin fabriklə yaxından tanış olaq. Yox, qabaqca açılışda səslənən məlumatlardan bəzilərini də diqqətinizə çatdıraq: “...dövlətin güzəştli krediti və şirkətin vəsaiti hesabına inşa olunmuş fabrikin tikintisi 2010-cu ilin yanvarında, avadanlığın quraşdırılması isə bu ilin yanvarında başa çatdırılmışdır. Fabrikin ümumi dəyəri 7,8 milyon manatdır ki, bunun 55 faizini güzəştli dövlət krediti təşkil edir.
Fabrikdə hamısı yerli olmaqla 102 nəfər işləyir ki, yaxın gələcəkdə onların sayının 150-ə çatdırılması nəzərdə tutulmuşdur". Göründüyü kimi, son illər xaricilərin - ucuz işçi qüvvəsinin Azərbaycanda yerliləri üstələməsi ilə bağlı yazılanlar təsirsiz ötüşməyib. Fabrikdə işləyənlərin yerli olması məlumatlarda, reportajlarda xüsusi vurğulanır. Keçək fabriklə bağlı öyrəndiklərimizə.
Bu məlumatlar “M-line” MMC-nin saytında (www.m-line.az) yerləşdirilib. Özləri öz əlləriylə yazıblar:
Fabrikin yaradılma tarixi - 2004
Fabrikin əhatə etdiyi ərazi - 50 000 m2
Istifadə olunan maşın və avadanlıqlar - Homag (Almaniya), Cefla (Italiya), Rover (Italiya), Lato (Italiya), Brandt (Almaniya).
Istifadə olunan materiallar - Massiv, MDF, DSP, Təbii və Süni Şpon, Laminat.
Istehsal olunan mebel və qapılar:
- Mənzil və yaşayış evləri üçün;
- Inzibati binalar üçün;
- Mehmanxana və konfrans zalları üçün;
- Məktəblər üçün;
- Teatrlar üçün;
- Tibb mərkəzləri üçün".
Gördüyünüz kimi, bütün sahələr əhatə olunub. Yalnız “muzeylər” sözü yaddan çıxıb. Son illər Azərbaycanda dəbdə olan tikintilərdən biri də muzeylərdir. Hər rayonda, qəsəbədə tikilən bu muzeylərin mebellə təchizatı da mühüm, həyati məsələlərdəndir. Lap rayonların heykəllə təchizatı kimi. Əsası 2004-cü ildə qoyulan fabrikin yaradılmasının məqsədi yaxşı düşünülüb. Ölkədə geniş vüsət alan “Heydər Əliyev Muzeyi”nə “töhfə” vermək təkcə mənəvi məsələ deyil, burda təsəvvürə gəlməyən maddiyyat da var ki, “M-line” MMC bunu vaxtında görüb. Heç yerdə yazılmayan və bəlkə də heç vaxt da yazılmayacaq böyük məbləğlər, korrupsiya yoluyla xalqdan oğurlanan milyonlar bu yolla ciblərə axıdılır. Aşağıdakı siyahı bəlkə də oxucular üçün bezdirici, darıxdırıcı ola bilər, amma korrupsiyanın miqyasını öyrənmək baxımından bunu gərəkli sayırıq. Bilirsiniz ki, dövlət sifarişi ilə tikilən obyektlər, alınan avadanlıqlar yalnız tender yolu ilə reallaşdırılmalıdır. Tenderlərin necə keçirilməsini iqtisadçılar, lap elə ən müxtəlif tenderlərdə iştirak edən şirkətlər də yaxşı bilir. Siyahıdakı obyektlərin mebellə təchizatı ilə bağlı tender keçirilib-keçirilməməsini deyə bilmərik, belə elanlar gözümüzə dəyməyib. 
 
Fabrik hansı qurumları mebellə təchiz edib?
 
Amma MMC-nin saytında göz deşən aşağıdakı siyahıda adları çəkilən obyektləri mebellə “M-line” təchiz edib, buna şübhə yoxdur. Bu siyahıda 17 Heydər Əliyev Muzeyi var. Həmin muzeylərin ərazisi ilə maraqlandıq. Saatlıdakı muzeyin ərazisi 223, Sabirabaddakı 480, Lənkərandakı 300, Tovuzdakı 200 kv.m-dir. Mebellərlə bağlı təxmini təsəvvür yarandığını güman edirik. Başqa böyük obyektlərin - Olimpiya Komplekslərinin, xəstəxanaların, hərbi hissələrin ərazisi daha böyükdür. Siyahı ilə yaxından tanış olun. Saytda yazılanları olduğu kimi təqdim edirik:
Ismayıllı şəhəri Heydər Əliyev muzeyi;
Bakı şəhəri Onkologiya Mərkəzinin Cərrahiyyə Şöbəsi;
Haciqabul şəhəri Heydər Əliyev muzeyi;
Azərbaycan Respublikasının Ali Məhkəməsinin muzeyi;
Minqəçevir şəhəri Heydər Əliyev muzeyi;
Yevlax şəhəri EL-TV reqional televiziya;
Yevlax şəhəri Xalq teatrı;
Yevlax şəhəri şaxmat məktəbi;
Bərdə şəhəri, Sərhəd Qoşunlar N saylı hərbi hissə;
Bakı şəhəri Türkan qəsəbəsi Dövlət Sərhəd Xidməti sahil mühafizəsinin yeni binası;
Bakı şəhəri Qala qəsəbəsi 29 nömrəli birləşmiş şəhər xəstəxanası;
Bakı şəhəri Qala qəsəbəsi 63 saylı uşağ bağçası;
Lənkəran şəhəri Uşağ Sağlamlıq Mərkəzi;
Lənkaran şəhəri Səpnəkəran kənd orta məktəb;
Lənkaran şəhəri Heydər Əliyev muzeyi;
Qusar şəhəri Olimpiya Idman Kompleksi;
Sabirabad şəhəri Gənclər evi;
Sabirabad şəhəri Heydər Əliyev muzeyi;
Saatlı şəhəri Heydər Əliyev muzeyi;
Tovuz şəhəri Heydər Əliyev muzeyi;
Zaqatala şəhər stadionu;
Zaqatala şəhəri Heydər Əliyev muzeyi;
Qax şəhəri Heydər Əliyev muzeyi;
Cəlilabad şəhəri Zərifə xanım Əliyeva adına orta məktəb;
Cəlilabad şəhəri Heydər Əliyev muzeyi;
Xızı şəhəri Heydər Əliyev muzeyi;
Bakı şəhəri Zirə qəsəbəsi şadlıq sarayı;
Bakı şəhəri Zirə qəsəbəsi Mədəniyyət evi;
Bakı şəhəri Binə qəsəbəsi uşağ bağçası;
Samux şəhəri Heydər Əliyev muzeyi;
Ağcabədi şəhəri Heydər Əliyev muzeyi;
Yevlax şəhəri YAP-ın inzibati binası;
Yevlax şəhəri Heydər Əliyev adına saray;
Yevlax şəhəri Heydər Əliyev muzeyi;
Yevlax şəhəri Karvan idman kompleksi;
Bakı şəhəri Dövlət Yol Polis Idarəsinin yeni inzibati binası;
Qazax şəhəri Olimpiya Idman kompleksi;
Qəbələ şəhəri Heydər Əliyev muzeyi;
Daşkəsən şəhəri Heydər Əliyev muzeyi;
Lənkaran şəhəri Osman Mirzəyev adına qarışıqtipli internat evi;
Ucar rayonu Qazıqumlaq kənd orta məktəb;
Ağdam rayonu Soltanbud kənd orta məktəb;
Bərdə şəhəri Heydər Əliyev muzeyi;
Siyəzən rayon Mərkəzi Xəstəxana;
Yardımlı rayon Zərifə xanım Əliyeva adına uşağ bağçası;
Xaçmaz şəhəri “N-KAY M klinik” özəl tibbi klinika;
Bərdə şəhəri Zərifə xanım Əliyeva adına orta məktəb.
Bundan başqa Respublika Prokurorluğuna 190 min manat dəyərində mebel dəsti verilib./azadlıq/
569 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu