Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyun 2015

YAP-çı deputatın şər kolleksiyası

Yaxud, normal ölkədə Siyavuş Novruzov harda olardı?

Bu ölkədə bütün dəyərlər tərsinə dövran edir. Bu ölkədə vəzifə tutmaq, mandat daşımaq məsuliyyət tələb etmir. Əksinə, vəzifə yüksəldikcə istənilən cinayəti etmək, istənilən şəxsi şərləmək, istənilən adamı həbs etdirmək, istənilən ziyalını təhqir atəşinə tutmaq asanlaşır. Çünki, məhkəmələr sifarişlə işləyir, digər aidiyyatı qurumlar Prezident Aparatının filialı kimi fəaliyyət göstərir və.s
Ümumiyyətlə, YAP hakimiyyəti dövründə qanunun, hüququn ayaqlar altına atılması ənənə halını aldı və hesabatsızlıq yarandı. Belə bir reallıqda isə Siyavuş Novruzov kimilər ağzına gələni danışa bilir.
Belə ki, mayın 30-da Milli Şura “Xilas olaq” mitinqi keçirdi və ölkədəki neqativ hallara işıq saldı. Normalda iqtidar nümayəndələri səslənən tənqidlərə ağıllı cavab verməli, mahiyyəti üzrə fikir söyləməli və müxalifətin yalan danışdığını sübuta yetirməlidir. Amma bu ölkədə müxalifət hansı havanı ifa etsə də hakimiyyət “heyvagülü” oynayır.
Milli Şuranın mitinqində karrupsiyaya, talançılığa, təhsilsizliyə, son günlər baş verən yanğın hadisəsinə, əsgərlərin öldürülməsinə, Qarabağ qazilərinin intihar həddinə çatdırılmasına, söz azadlığının pozulmasına, vicdanlı insanların şərlənərək həbs edilməsinə, manapoliyalara və digər neqativ hallara etiraz edildi. Hakimiyyət isə həmişəki kimi arqumentsizlikdən əziyyət çəkdi və yenə də şər-böhtan maşının işə saldı.
Əslində, hakimiyyət komandasında da bu şər-böhtanın ikrah hissi doğurduğunu başa düşürlər. Ona görə də hər dəfə Siyavuş Novruzovu qabağa verirlər. Yəni, bütün ağır ifadələri bu adam həzm eləməyə hazır olduğunu göstərib. YAP-ın siması, təyinatlı deputat Siyavuş Novruzov əvvəlcə Milli Şuranın mitinqinə gedənləri təhqir etdi və bu adamları “ağıldankəm” adlandırdı. Amma bununla da ürəyi soymadığı üçün, ikinci “quş”u buraxdı. Bu dəfə də dedi ki, Əli Kərimlinin rəhbərlik etdiyi partiya xarici kəşfiyyatın təsiri altındadır. Ümumiyyətlə, bu adam lazım gəlsə, ABŞ-dakı 11 sentyabr hadisələrini, Binəqədidəki yanğın olayını, lap eramızdan əvvəl baş verənləri də Əli Kərimlinin adı ilə bağlıya bilər. Bu adam üçün mandat, hakimiyyətin iyrənc maraqlarının qorunması ən ali dəyərdir.
Amma Siyavuş Novruzov həmişəki kimi bu dəfə də hakimiyyəti ifşa edib. Sual meydana çıxır. Əgər, Əli Kərimlinin rəhbərlik etdiyi təşkilat xarici kəşfiyyata işləyirsə, bu hakimiyyət nəyi gözləyir? Niyə Əli Kərimli dərhal həbs olunmur? Bir müxalifət partiyası sərbəst şəkildə xarici kəşfiyyata işləyirsə, deməli dövlətin təhlükəsizliyi qorunmur. Deməli, nu hakimiyyətin aidiyyatı strukturları iflic vəziyyətdədir. Digər tərəfdən, AXCP-nin xarici kəşfiyyata işlədiyini bilə-bilə heç bir addım atmayan hakimiyyət də xəyanətlə məşğuldu. Necə olur ki, cəbhəçilərin cibinə narkotika atıb tutduran hakimiyyət, AXCP-nin xarici kəşfiyyata işləməsini səbrlə qarşılayır? Belə bir şansı niyə əldən buraxırlar?
Təbii ki, bu ölkədə Siyavuş Novruzovu ciddi qəbul edən 10 adam tapmaq olmaz. Amma bu adam mandat daşıyır, millətə vəkillik etmək məsuliyyətini üzərinə götürüb. Amma reallıqda bu mandat yalnız yalana vəkillik etmək üçün verilib. Normal ölkə olsaydı, AXCP Siyavuş Novruzovu məhkəməyə verə bilərdi və ən azı bu adam mandatdan məhrum edilərdi. Amma Siyavuş Novruzov arxayındır ki, təmsil olunduğu hakimiyyət məhkəmə-hüquq sistemini qətlə yetirib. Bilir ki, bu böhtanlara görə nəinki töhmət almayacaq, əksinə “Şöhrət” ordeni alacaq. Bəli, vicdanlı insanları ləkələməyin “Şərəf”, “Şöhrət” kimi qarşılığı var.
Prezidentliyə namizəd kimi Hafiz Hacıyevi cəmiyyətə təqdim edən hakimiyyət, millət vəkili kimi də Siyavuş Novruzovu təqdim edir. Yəni, məqsədyönlü şəkildə ən pis nümunələri ən yaxşı dəyər kimi təqdim edirlər.
Amma Siyavuşdan incimək lazım deyil. Artıq insanlar dəqiq bilirlər ki, ən sağlam qüvvə, hakimiyyətin gecə-gündüz şərlədiyi qüvvədir. Siyavuş Novruzov şər kolleksiyası yığır
P.S Belə getsə ermənilər də Siyavuş Novruzova orden verəcəklər. Çünki, hər gün erməniləri zikr eləyir. Bu adamın çörəyi daşdan çıxmır. Amma mandatı “ermənipərəst” axtarmaqdan çıxır./azadlıq/
510 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber