Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2013

“Qoy rüşvət hesabına yaşayanlar utansınlar”...

Əməkdaşımızın süpürgəçi Zahid kişi ilə söhbəti

“Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan ”. Əsl sənətə və əsl peşəyə xüsusi qiymət verən böyük Azərbaycan şairi Nizami Gəncəvi, görəsən, XXI əsrdə yaşasaydı, bu sözləri deyərdimi? 

Məncə, deməzdi. Çünki XXI əsrin öz qanunları, öz ölçü-meyarları var. Bu əsrin ən böyük ölçü vahidi pul və bir də onun digər forması olan kapitaldır. Azərbaycan kimi şahlıq üsul-idarəsinin bərqərar olunduğu ölkələrdə isə kapitala, milyonlara və ən əsası normal insan kimi yaşama sahib olmaq üçün kamil palançı və yaxud kamil bir süpürgəçi olmaq yox, vəzifə sahibi olmaq gərəkdir. 
Azərbaycan kimi ölkələrdə belə peşə sahiblərinin nə dəyərini verən var, nə də onların problemləri ilə maraqlanan. Ən əsası isə belə insanlara heç salam verən də yoxdur. Aldıqları maaşlar isə...
“Ayda 145 manat pul alıram. Bu 145 manat isə onların (onlar deyərkən burada məmurları nəzərdə tutur - H.K.) heç bir günlük cib xərcliyi də deyil. Amma biz bu 145 manata bir ay yaşamalıyıq, amma necə?”
Bu sözləri bizimlə söhbətində yay-qış, isti soyuq demədən küçə süpürən Zahid Kərimov deyir. 20 ildir süpürgəçi işləyən 58 yaşlı Zahid kişinin sözlərinə görə, aldığı 145 manat pul onun heç dərman xərclərini də ödəmir: “Özüm xəstəyəm, ürəyimdə ciddi problemlər var. Aldığım 145 manat heç dərman xərclərimi ödəmir. Amma nə edim, işləməyə məcburam. Ümumiyyətlə, mən boş-bekar dayanmağı xoşlamıram. Uşaqlığımdan zəhmətlə yaşamağa alışmışam. Amma bu gün zəhmətimin bəhrəsini vermirlər. Hələ bu azmış kimi bəzən görürsən ki, kimlərsə bahalı maşınlarının pəncərəsindən biz süpürgəçilərə həqarətlə baxır. Ancaq bütün bunlar məni qətiyyən narahat eləmir. Kimin necə yanaşmasından asılı olmayaraq başa düşürəm ki, mən halal zəhmətim hesabına yaşayıram. Buna görə də heç vaxt süpürgəçi olduğum üçün utanc hissi keçirməmişəm. Mən nədən utanmalıyam ki? Qoy rüşvət hesabına yaşayanlar, xalqın var-dövlətini çapıb talayanlar utansınlar”.
Həmsöhbətimiz 20 illik iş təcrübəsi əsasında başına gələn əhvalatlardan, tapdığı qiymətli əşyalardan da danışdı: “Bir neçə il bundan öncə səhər tezdən ərazini təmizləyərkən gördüm ki, yerdə bir pul qabı var. Portmanatı açıb baxdım. İçində yüz manata qədər pul və bir də tələbə bileti var idi. Aradan bir az keçmiş gördüm bir oğlan nə isə axtarır. Yaxınlaşıb soruşdum ki, nə axtarırsan? Dedi portmanatımı itirmişəm. Dərhal bildim ki, mənim tapdığım portmanat onunkudur. Bir az söhbətə tutduqdan sonra çıxarıb verdim. Buna görə çox sevinirdi. Hətta mənə 5 manat pul da təklif etdi. Ancaq götürmədim. 
Ümumiyyətlə bu illər ərzində çalışmışam ki, tapdığım hər bir şeyi öz sahibinə qaytarım. Çünki həmişə halal yaşamağa çalışmışam. Bu həyatda kimisə aldada bilərəm, ancaq Allahı aldatmaq mümkün deyil. Ona görə də yaxşı olar ki, insanların halal haqqını yeyənlər, rüşvət hesabına yaşayanlar da bu haqda düşünsünlər". 
Söhbətimizin şirin yerində müsahibimdən prezident seçkilərində kimə səs verəcəyini soruşuram. O isə sualıma belə cavab verir: “Mənim kimə səs verməyimin heç bir əhəmiyyəti yoxdur. Onsuz da kimi istəyirlər, onu da seçirlər. Bizim səsimizi eşidən var məgər? Əgər xalqın səsini eşidən olsaydı, indi bu gündə yaşamazdıq. 2003- cü ilin prezident seçkilərində İsa Qəmbərə səs vermişdim. Amma nə dəyişdi? Ona görə də daha səsverməyə getmək istəmirəm. Onsuz da mənim kiməsə səs verməyim heç nəyi dəyişən deyil”.
Bu da Azərbaycan reallığı. Süpürgəçi olsa da, razılaşaq ki, qəhrəmanımızın sözlərində düşündürücü məqamlar çox idi...
/Müsavat/

  • “Qoy rüşvət hesabına yaşayanlar utansınlar”...  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir215/img1500368.JPG' target='_blank'>Yüklə</a>
  • “Qoy rüşvət hesabına yaşayanlar utansınlar”...  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir215/img1500369.JPG' target='_blank'>Yüklə</a>
1725 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:19