Şrift ölçüsü:
A+
A
A-
Kr
03 İyun 2015

Başına torba keçirilən Azərbaycan

Xarakter-yetki baxımından iyirmi ildən bu yana xeyir-şər məclisinə çevrilmiş milli məclisdə bir deputat ulusal nədənli çıxışda bulunub. Onun dediyinə görə, Ulu Öndərimiz, Ulusal Liderimiz M.Ə.Rəsulzadənin Gəncədəki büstünün başına torba keçirilib. Bu şıxışdan sonra xeyir-şər məclisində, Mirzə Cəlil demiş, dünyalar qarışıb, aləmlər mayallaq aşıb; məclis ayağından başınacan bir qaynayıb, bir coşub-daşıb, qardaş, gəl görəsən! Nə olsa da, şair-deputat ulusal dəyərlərdən çıxış edib, bəlli kimsələrsə onun üzərinə mafiya qanunlarından, mafioz prinsiplərdən çıxış edərək yeriyiblər: al ha, gəldi! Sonra onlara da qarşılıq verənlər tapılıb.
Beləcə, Rəsulzadənin adıyla başlayan dartışma bütünlüklə yönünü-xarakterini dəyişməklə gedib çıxıb... Nəqliyat nazirliyinə! Nə üçün? Necə “nə üçün”, ağzında xeyir-şər yeri deyirsən, axı, mafiya qanunlarına uyğun olaraq bu yerdə oturdulanların hər birinin, eləcə də bir çoxunun (qrupla!) bağlı olduğu bir yer var. Ölkənin bu başından o başına, indilikdə Nəqliyat nazirliyindən Gəncəyədək. Hə, Gəncədə Rəsulzadənin büstünün başına keçirilən torba qalıb bir qıraqda, hərə başlayıb öz torbasının yırtığını yamamağa. Bütünlüklə mafiya qanunlarına uyğun bir görsəniş!
Rəsulzadə adında ulusal dəyər belə yerdə kimin nəyinə gərək?! Bu dəyər 1993 çevrilişindən bu yana ardıcıllıqla dəyərsizləşdirilib gözdən salınmaqdadır. Bu isə bütövlükdə Rəsulzadə ideyalarının, Rəsulzadə ideallarının dəyərsizləşdirilib gözdən salınması deməkdir. Bu baxımdan da 1993 çevrilişi ilə Azərbaycanın özünün başına böyük bir TORBA keçirilib! Rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya DÖVLƏT SIYASƏTINƏ çevrilən ölkədə bir belə azman TORBANI qoyub cıqqılı bir torbadan danışmaq nəyə gərək?! Belə bir gərəksizliyi gərəyincə anlayan mafioz qruplaşmalar yerindəcə cıqqılı torbanı gözardı edərək azman TORBA dartışmasına girişiblər. Biz bu dartışmaya qarışmırıq, qarışa bilmərik; axı, bu bir dövlət sorunudur - korrupsioner dövlət sorunu!
Son illər, ən çox da son aylar, sevimli ölkəmizdə bir torba kabusu yaşanmaqdadır. Pulluları, gerçəyi desək, öz pullularını başına torba, qoluna qandal keçirməklə tutub “bandotdelə” salır, sonra da onlardan böyük-böyük torbalarla pullar alıb buraxırlar. Biz bu ilginc torba-qandal görsənişlərinə də qarışmırıq, qarışa bilmərik - öz işləri, işdəkləridi, özləri bilərlər. Ortada qarşılıqlı yardımlaşma var: onlar bunlara torba-qandal hakimiyəti qazandırıblar, bunlar onlara... pul! Indi nə olubsa, necə olubsa bunlar pullarını, başqa cür desək, qazandırdıqlarını geri qaytarırlar. Ancaq bizim üçün ilginc olanı budur: nə üçün torba-qandalla? Hələ görün Nehrəmin dünyalarca ünlü IŞ adamı, hacılar hacısı Ibrahim Nehrəmli nə deyir: “Eşitdim mənimlə maraqlanırlar, getdim gərəkən yerə (”bandotdelə") məni ikinci mərtəbədə saatlarla gözlədəndən sonra qollarımı qandallayıb birinci mərtəbəyə düşürdülər". Sonra da, bildiyiniz kimi, azman torbalarla pullarını alıb buraxıblar. Özü də sevmədikləri bir gün - 28 May günü!
Görəsən, öz ayağıyla gərəkən yerə yollanaraq “buyurun, gəlmişəm” deyən adamı az-çox sayğıyla ikinci qata qaldırıb saatlarla gözlətmək, sonra da qollarını qandallayıb birinci qata endirmək nədən ötrüymüş? Sözsüz, qorxudub daha çox nəsə qoparmaqdan ötrü! Yada üç-dörd il qabağın bir milyonçu Zülfüqarlısı düşür: “Başıma torba keçirib, məni ”bandotdelə" apardılar, ölüm qorxusuyla zavodlarımı əlimdən aldılar". “Zavodlarımı” ha, sən kimsən zavodun da ola: bu ölkə özü 1993-dən bir zavoddu, yiyəsi də bəlli! Pul var, ağıl-düşüncə, gerçəyi görmək bacarığı yox. Başqaları bir yana, Rusiyada, Ukraynada, başqa yerlərdə qazandıqlarını gətirib bu ölkədə-bu rejimdə artırmağa çalışanlar korrupsioner-repressiv rejim ortaqları olaraq üzləşdikləri torba-qandal görsəniş-davranışlarına görə özgələrini deyil, özlərini qınamalı, özlərindən küsməlidirlər; onlar illərlə xalqı tapdayıb əzən bir rejimlə ortaqlıqda bulunublar - özləri də xalqı tapdayıb əzməklə!
Təhsilin ulusal güvənlik faktorundan ulusal qorxu faktoruna çevrildiyi ölkədə idman korrupsiya-repressiya faktoru ulə yanaşı dövlət siyasətinə çevrilir. “Bizdə həbsxanada jurnalist yoxdur” deyə aşıq-açığıma yalan danışam Ailə-idman naziri görün necə bir daşdan keçən “arqumentə” söykənir: “Jurnalistlər həbsdədirsə, bu qədər qəzet haradandır?”. Adama danışmaq göstərişi verilib, danışır: ağına-bozuna, düzünə-əyrisinə baxmadan - təki tüstüsü düz çıxsın, başqa cür desək, total soyğunçuluq yoluyla ölkəni böyrü üstə qoyan Avropa oyunları baş tutsun! Özlərinin dililə desək, idmançılara “gərəkən hər şeyi verən” rejim ölkənin topraq bütünlüyü uğrunda canından-qanından keçən Qarabağ savaşçılarına dolanlşıq nədənilə yalnız özünü öldürmək hüququ tanıyır. Bəri başdan 10 milyardlıq itkiylə başa gələn Avropa oyunları da, bu kimi bir çox başqa oyunlar da Azərbaycanın başına keçirilən daha bir TORBAdır!

Xalıq Bahadır/azadlıq
645 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber