Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2015

Hakimiyətin “cərimə” siyasəti

Avropa oyunlarına xərclənən vəsait, xalqın cibindən çıxarılır

Artıq heç kimə sirr deyil ki, hakimiyyətin bayram kimi təqdim etdiyi Avropa oyunları, vətəndaşın fəlakətinə çevrilib. Hakimiyyət əcnəbilərin gözündə yaxşı görünmək üçün, vtəndaşın gözünü çıxarmaqla məşğuldu. Büdcəyə 8 milyard zərər vurmaq azmış kimi, üstəlik sadə vətəndaşların dolanışıq imkanları da məhdudlaşdırılıb.
Kiçikdən böyüyə qədər hər kəs “bizə Avropa oyunları lazımdır?” deyərək, şikayət edir. Hamı başa düşür ki, bu oyunlardan qazanan hakimiyyət, itirən isə dövlət və millət olacaq. Yuxarıda da qeyd etdiyimiz kimi bu tədbirə milyardlar xərclənsə də, gəlir götürmək mümkün olmayacaq. Çünki, hakimiyyət bütün əcnəbi idmançıarın xərcini öz üzərinə götürüb.
Amma həmişə olduğu kimi, bu dəfə də “çıxış yolu” tapıblar. Belə ki, xərclənən vəsaitin yerini, xalqın cibindəki qəpik-quruşlarla doldurmaq istəyirlər. Buna görə də qadağalar müəyyən ediblər və “oyunlar zolağı” na girənlər dərhal cərimələnir. Məsələn, sarı zolaqdan keçməyin cəzası 40 manatdır. Son 3 gündə 1500 sürücü artıq cərimələnib. Deməli, 60 min manat 3 günə geri qayıdıb. Üstəlik, bugünə qədər 100 minə yaxın piyadaya inzibati qaydada protokol tərtib edilib və 20 manat cərimə yazılıb.
Bu da Avropa oyunlarının vətəndaşa xeyiri. Təbii ki, qaydalara əməl etmək lazımdır və qaydanı pozanlar cəzalandırılmalıdır. Indiki halda isə hakimiyyət bu “qadağa”lardan sui-istifadə edərək, pul yığmaq qərarı verib. Sürücülərin böyük əksəriyyəti bu qadağalardan xəbərsizdir, maariflənmə işi düzgün aparılmayıb və gecə saat 2-də də zolağı keçənlər tələyə düşür.
Söhbət ondan gedir ki, bu qadağalar məhz Avropa oyunlarına görə tətbiq edilib və oyunlardan sonra ləğv ediləcək. Deməli, məqsəd ölkədə qayda-qanun yaratmaq yox, Avropalının xoşuna gəlmək və vətəndaşı soymaqdır.
Əlacları olsa udulan havaya görə də cərimə tərtib edərlər. Bir gündə cərimə olunanların sayı, başqa vaxt bir ayda cərimə olunanaların sayından çoxdur. Deməli, məqsədli şəkildə bu iş aparılır və vətəndaşların cərimələri hesabına boşluğu doldurmaq istəyirlər. Amma Avropa oyunlarına görə işindən məhrum olmuş, fəaliyyətini dayandırmış adamlara dəyən ziyan heç kimi maraqlandırmır.
Bir sözlə, hakimiyyətin “cərimə siyasəti” də vətəndaşı müflis etməyə hesablanıb. Bütün mənalarda Avropa oyunları xalqı əzməkdə davam edir. Yəqin ki, qalan günlərdə də gücləndirilmiş “cərimələndirmə” siyasəti davam edəcək. Bütün bunlardan sonra da “Avropa oyunlarına qarşı olanlar ermənidən də betərdi” deyirlər. Bəli, bunların qazancına əngəl törədənlər arzuolunmaz şəxslər siyahısındadır./azadlıq/
628 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber