Şrift ölçüsü:
A+
A
A-
Kr
06 İyun 2015

Hakimiyyətə necə demokratiya lazımdı?

Əli Həsənovun jurnalistlərlə görüşünə sözardı

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov KIV rəhbərləri ilə görüş keçirib. Əli Həsənov çıxışı zamanı Avropa oyunlarına qarşı tənqidi fikirlərə də münasibət bildirib və belə hallara fikir verməməyi tövsiyyə edib:
“Belə hallara fikir verməyin. Bunları idarə edən qərb dövlətlərində öz liderləri ilə bağlı belə saytlara, profillərə rast gələrsiniz? Böyük Britaniya kral ailəsi ilə məhkəmə çəkişməsində uduzan ”Guardian" qəzetinə kral ailəsi haqqında yazı yazmaq qadağan olunub. Təsəvvür edin ki, Azərbaycanda hansısa media orqanına prezident və ailəsi haqqında yazmaq qadağan olunsa, nə baş verərdi, bu, necə qiymətləndirilərdi? BMT-nin Insan hüquqları üzrə nümayəndəsini,ÿATƏT rəsmilərini belə Azərbaycana qarşı ikili standartlarla çıxış etməyə vadar edirlər. Qərbin demokratiyası budursa, bizə belə demokratiya lazım deyil. Azərbaycanda sağlam jurnalistika həmişə belələrinə qarşı olub və olacaq"- deyə Əli Həsənov bildirib.
Həqiqətən də bu ölkənin vəziyyəti ağırdı. Ölkəni idarə edənlər yalanı ən güclü arqument kimi qəbul edirlər. Əli Həsənov elə danışır ki, guya Azərbaycanda prezident və onun ailəsi haqqında bütün mətbu orqanlar yaza bilir. Bu ölkədə prezident haqqında yaza bilən neçə mətbuat orqanı var? Əli Həsənov 3 mətbuat orqanının adını çəkə bilərmi? Ölkədə azad mətbuat sıradan çıxarılıb, tənqidçi jurnalistlər şərlənərək həbs edilib. Bəli, Seymur Həzi, Xədicə Ismayıl məhz Ilham Əliyev haqqında yazdıqlarına görə həbs ediliblər. Böyük Britaniyada kral ailəsi haqqında yazmaq qadağan edilibsə, Azərbaycanda prezident ailəsi haqqında yazanlar “xuliqan”, “narkoman” adı altında həbs olunur. Bu ölkədə qadağalar təkcə mətbuatla məhdudlaşmır. Ölkənin bütün sahələri hakimiyyətin nəzarəti altındadır və məmurlar tərəfindən bütün fəaliyyətlərə qadağa qoyulub. Sahibkarlıq fəaliyyətindən tutmuş, fəxri adlara qədər bütün hallara hakimiyyət nəzarət edir. Digər tərəfdən Britaniyada kral ailəsinin korrupsiya fəaliyyəti, repressiya siyasəti yoxdur ki, ondan yazmağa qadağa qoysunlar. Bu məsələdə söhbət kral ailəsinin şəxsi həyatına müdaxilədən gedir. Amma Əli Həsənov israrla deyir ki, ən sağlam jurnalist, yaltaq jurnalistdir.
Məsələnin maraqlı tərəfi budur ki, Əli Həsənov “bizə belə demokratiya lazım deyil” söyləyir. Görəsən, Əli Həsənova necə demokratiya lazımdır? Əslində bu hakimiyyət uzun müddətdir sübut edir ki, onlara analoqsuz demokratiya lazımdır. Bəli, bu hakimiyyətə lazımdır ki, fərqli fikir səsləndirənləri şərləyərək həbs etsin, ölkənin sərvətlərini talaya bilsin, bütün sahələri inhisara alsın, mənəvi dəyərləri sıradan çıxarsın, yaltaqlığı dəyərə çevirsin, müstəqil mətbuat boğulsun, seçkilər saxtalaşdırılsın və.s
Əgər bu hakimiyyət üçün dövlətin və millətin maraqları önəmli olsyadı, Əli Həsənov bu həqiqi demokratiyadan imtina edə bilməzdi. Şəxsi maraqların təntənəsi üçün isə məhz YAP sayağı demokratiya zəruridir.
Əli Həsənova çatdırmaq lazımdır ki, bu xalqa Avropa Oyunları, Gül bayramı, ermənipərəst ölkələrdə milyonluq layihələr həyata keçirmək lazım deyil. Bu xalqa insan haqları, sosial ədalət, səhiyyə, təhsil, ədalətli məhkəmə lazımdır.
Əslində Əli Həsənovun jurnalistlərlə görüşünün məqsədi də budur ki, həqiqətləri yazmayın, haqqı deyənlərə qarşı çıxın. Bir sözlə, hakimiyyətin öz yolu və öz analoqsuz demokratiyası var./azadlıq/
645 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber