Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2015

“Bəyəm diplomat olmaq adamı vətəndaş olmaq haqqından məhrum edir”

“Ölkədə baş alıb gedən qanunsuzluqlar, repressiyalar, ədalətsizliklər uzun müddət bu hakimiyyətdə çalışanların da dözüm limitini bitirib”


Milli Şuranın sədri Cəmil Həsənli Azərbaycanın Avropa Birliyi və Avropa Şurasında nümayəndəsi olmuş diplomat Arif Məmmədovun öz həmkarlarına müraciətindən istifadə edərək, ölkədə hökm sürən repressiya barədə yazıb. Cəmil Həsənlinin facebook səhifəsində yazdığını təqdim edirik:


"Səfir Arif Məmmədovun son günlərdəki açıqlamaları Azərbaycan hakimiyyətinin hansı acınacaqlı durumda olmasının aydın ifadəsidir. 20 illik diplomatik təcrübəsi olan bir adam Stalin dövrünün totalitar idarəçilik formalarını nəzərdə tutaraq açıq şəkildə bəyan edir ki, bu gün Azərbaycanda olan repressiyalar nə 30-cu illərdə, nə 40-cı illərdə, nə də inkvizisiya illərində olub. Zatən zaman-zaman biz bunu deyirdik, hətta 2008-2009-cu illərdə mən hələ Milli Məclisin üzvü olanda mətbuatdakı müsahibələrimin birində proqnoz vermişdim ki, ölkəmizdə avtoritar idarəçilik üsullarının güclənəsi onu Şimali Koreya modelinə meylləndirir. Bir sıra dostlar həmin vaxt bu fikrə şübhə ilə yanaşdılar və belə müzakirələrin sonrakı gedişində artıq hakimiyyətin başlıca media ruporuna çevrilmiş keçmiş “vicdan” məhbusu Şimalı Koreya diktatorunun öz yaxın adamları ilə rəftarına istinad edərək bildirdi ki, “niyə narahat olursunuz, sizləri ki, parçalayıb itlərin qabağına atmırlar”.

Düzdür, üstü açılmayan qətllər, qeyri-məhdud təqiblər, saxta cinayət işləri, ölkənin namuslu adamlarının şərlənərək həbsxanalara atılması, müxalifətçi ovunun adi hal alması, narkotika ittihamlarının Azərbaycan hüquq sisteminin başlıca simasına çevrilməsi baş alıb getsə də, hələ ki, bu ölkənin vətəndaşları itlərə yem olmaq “haqqı”na iddia etmirlər. Amma iki il bundan əvvəl keçirilən prezident seçkilərində mənim seçki kampaniyamı “facebook”da layk etdiyinə görə əyalətdə yaşayan bir gənc cibinə narkotika atılaraq saxlanılmış və 5 il azadlıqdan məhrum edilmişdi. İndi isə biz, ölkənin Xarici İşlər Nazirliyində çalışan gənc diplomatlarımızın Bakıda kütləvi insan ölümü ilə bağlı sosial şəbəkədə yazılan statusa “laykları”na görə işlərini itirmə təhlükəsi ilə üzləşdiyinin şahidi oluruq.

Nəyi layk edib gənc diplomatlar? Təcrübəli bir diplomatın 19 may faciəsi zamanı Bakıda məmur məsuliyyətsizliyinin nəticəsi olaraq yanğında 4-ü uşaq olmaqla 15 vətəndaşımızın ailələrinə “facebook” üzərindən yazdığı baş sağlığını. Bəyəm diplomat olmaq adamı vətəndaş olmaq, vətəndaş mövqeyi sərgiləmək haqqından məhrum edir? Ölkədə kütləvi insan ölümü ilə nəticələnmiş faciə baş verib və hələ ki, bu faciənin əsl günahkarlarından heç kəs məsuliyyətə cəlb edilməsə də, yanğın və ölüm hadisələrində günahkar olanlar deyil, faciə nəticəsində ölən vətəndaşlarımızın ailələrinə baş sağlığı verənlər və bu baş sağlığına şərik olanlar cəzalandırılmağa başlayıb.

Qəribə yanaşmadır.Əgər ölkə əhalisinin, məmur korpusunun “damarlarında axan qanın” tərkibini əsasən keçmiş qiyabi təhsil məzunlarından ibarət olan YAP-ın orta səviyyəli rəhbərliyi müəyyən edirsə, həmin ölkədə normal Qərb təhsili görmüş gənc diplomatların "layk" üstündə cəzalandırılması kimi kütləvi psixozun olması təbidir. Göründüyü kimi, ölkədə baş alıb gedən qanunsuzluqlar, repressiyalar, ədalətsizliklər uzun müddət bu hakimiyyətdə çalışan adamların da dözüm limitini bitirib. Bütün bu haqsızlıqlara rəğmən səfir özünün son müraciətini bu sözlərlə bitirir. “Şərəfimə and olsun ki, Azərbaycan xalqı ədaləti bərpa edəcək və siz bu dövlətdə yüksək mövqelər tutacaqsınız. Bunu çox gözləmək lazım gəlməyəcək”./azadlıq/
640 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber