Şrift ölçüsü:
A+
A
A-
Kr
08 İyun 2015

İçində ağlayan üsyankarlar

İnanıram ki, bir çoxunuz Türk yazıçısı Əziz Nesinin “Kloun və hüzün” hekayəsini oxumusunuz. Adamın biri həkimin yanına gəlib deyir ki: “Xəstəyəm, həyatdan zövq ala bilmirəm. Aclar ağılıma gəlir, yemək yeyə bilmirəm. Çılpaqlar yadıma düşür, onlarla birlikdə üşüyürəm. Hər cinayətdə özümü günahkar sayıram. Bütün bu cəmiyyətin cinayətləri sanki mənim çiyinlərimə yüklənib. Artıq gülməyi belə unutdum”.
Həkim xəstəsini pəncərənin önünə gətirib qarşı divardakı afişanı göstərir. Bu afişada bir sirk kloununun reklamı asılmışdı. “Bax, bu klounu görürsənmi? Tövsiyə edirəm, bu axşam onun tamaşasına get. Bütün kədərini, dərdini-qəmini unudarsan. Gülməyi, qəhqəhə çəkməyi də öyrənərsən. Yenidən həyatdan zövq almağa başlarsan”. Xəstə boynunu büküb deyir ki: “Həkim, elə o kloun mənəm!”
Çevrəmizdəki insanların onda doqquzunun içi beləcə qan ağlayır, inanın. Üzləri gülsə belə, gözlərinin dərinliyindəki kədərdən oxuya bilərsiniz hər şeyi. Əmin olun ki, lap iqtisadi baxımdan təminatlı, işi-gücü yerində, gün-güzəran sarıdan sıxıntısız insanların da içində “daha bu qədər olmaz” etirazı var indi. Bu qədər haqsızlığın, hüquqsuzluğun, insafsızlığın ortasında olmaması qeyri-normal sayıla bilərdi, əslində. O üzdən, heyrətlənəcək, təəccüblənəcək bir şey də yox. Artıq böyük talanın, israfçılığın, soyğunun, acgözlüyün dərin izləri yalnız çoxluğun həyat durumuna təsir göstərməklə ötüşmür. Artıq bu görməmişliyin və qansızlığın hesabı daha baha başa gəlir, məsum insanların həyatı, canı, qanı bahasına. Bıçağın sümüyə dirəndiyi məqam var. O məqam ki, insan “ölüm-qalım” sualı qarşısında qalıb, xilas çıxışı axtarır. Azərbaycan indiki durumunda məhz o yerə gəlib dirəndiyi nöqtədədir...
Sonda dözməyib bu həqiqətləri açıq şəkildə dilə gətirən bir diplomatı anında tarixdən silmək nə deməkdir, sizcə? Söhbət Islam Konfransı Təşkilatının Avropa Birliyində səfiri olan Arif Məmmədovdan gedir, təbii. Insanın söylədikləri bu gün baş verənlər fonunda çox adi sözlərdir. Səfir FB səhifəsində 16 mərtəbəli binanın yanmasına, günahsız insanların ölümünə etiraz edib sadəcə. Bu yanğınlara, qanunsuzluqlara, özbaşınalıqlara bais olanlara “yetər” deyib. Hökumətin ağıl dəryası sayılan nümayəndələri səfirin dediklərini böyüdüb parlament tribunalarına qədər çıxarmasaydı, heç bu qədər əks-səda da doğurmayacaqdı. Amma on illərdir davam edən tənqidə dözümsüzlük və qadağan hikkəsi məsələyə ağıllı yanaşma sərgiləməkdə əngəl oldu yenə. Məsələni böyüdüb dünya ilə bir etdilər. Xalq arasında deyildiyi kimi, el yığılıb dəlini soyundura bilməz, dəli özü-özünü soyundurar. Lazım idi bu biabırçılıq və bu primitiv qaralama kampaniyası? Lazım idi Məmmədovun “başını bədənindən ayırıb” fransalı nazirin bədəninə yapışdıraraq dünyaya rəzil olmaq? Bu eybəcər kollaj hansı ağlın məhsulu idi və nə anlama gəlirdi ki? Yoxsa biriləri “qiyamçı” səfirə “başını bədənindən ayırarıq” mesajı vermək istəyib bununla?
Bizim illərdir yazıb fəryad etdiyimiz şeylər yalan deyildi. Allah şahiddir ki, biz bunu daha çox ölkəmizə olan sevgimizə görə edirdik, hökumətə olan nifrətə görə deyil. İllərdir böyük yanlışları, zərərli qüsurları, acı səhvləri bağıra-bağıra bu yolun uçuruma apardığını deyirdik. Biz xalq düşməni deyildik, heç kimsənin düşməni də deyildik. Amma burnundan uzağı görməyən hökumət həqiqəti dilinə gətirən o insanları əzib sıradan çıxarmaq üçün nələr etmədi və bu gün də nələr etmir? Amma hamı bilir ki, heç bir zülm hakimiyyəti əbədi ola bilməz. Bir baxacaqsınız, içindən dağılıb töküldü o haqsızlıq rejimi...

Səadət Cahangir/azadlıq
786 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:11
Öskürəyi sağal