Şrift ölçüsü:
A+
A
A-
Kr
09 İyun 2015

Bizə ancaq və ancaq bir məşəl lazımdır -İlahi Məşəl!

Bizim şanlı partiya rəhbərlərimizin, xüsusilə də əksəriyyəti özündən və portfelindən ibarət olan siyasi liderlərimizin hakimiyyətlə dialoq tamaşasında Avropa Oyunları ilə bağlı prezidentin ətrafında sıx, monolit birləşməsindən sonra “Allah, Məhəmməd, ya Əli ” deyib mən də arzularımı sizinlə bölüşmək qərarına gəldim. Bu oyuna, ya da oyunbazlığa - necə istəyirsiniz elə də başa düşün, mən də münasibətimi bildirməyi, Birinci Avropa Oyunlarının bir qalibi haqqında söhbət açmağı vacib bildim. Qalib deyəndə elə fikirləşməyin ki, ruslar demiş, mənim krişam gedib, danışığımı itirmişəm, başım xarab olub. Bilirəm, haqlı olaraq sual verəcəksiniz ki, axı, ay bədbaxt müsəlman, xalqımızın ölüm - dirim savaşından, işğal edilmiş torpaqlarımızın, namusumuzun azad edilməsindən də vacib olan Avropa Oyunları hələ başlamayıbsa, hansı qalibdən danışırsan?
Yox, bəylər, "krışa"m-zadım getməyib, 1992-ci ildən bəri kəlləmə dubinka da dəyməyib, başım da şükür Allaha, Azərbaycanın qanunları kimi “pereboy” işləmir. Mən qalib deyəndə, fikrinizə başqa şey gətirməyin, elə bilməyin ki, mən Azərbaycan iqtidarının bir “malades”ə görə öz xalqının sərvətlərini sağa-sola dağıtmasını, dillənəni də hərləyib fırlayıb zindanlara soxmasını, kölə vəziyyətinə salınmış millətinin üzərində parlaq qələbə çalmasını nəzərdə tuturam. Ə tövbə, yox. Əgər bu yapçıların, gopçuların çırpışdırdıqları milyonlardan mənə bir qəpik çatmayacaqsa nə azarıma qalıb, başıma at təpib ki, ağrımayan başıma dəsmal bağlayım, hərləyib-fırlayıb-şərləyib məni də bassınlar içəri? Bir də ki, sizə də məsləhətim budur ki, çox dərinə getməyin, qaşınmayan yerdən qan çıxarmayın, ilan ala çatıdan qorxan kimi mitinqlərdən qaçıb gizlənən vətən daşlarının başında qoz sındıran indiki iqtidarın da vəziyyətini başa düşün, bir az da “panyatka”lı olun. Axı, necə olmasa, yazıq hakimiyyət öz haram tikəsi xatirinə bac-xərac verir, bundan savayı, gəlib-gedənləri yedizdirib içizdirirlər, bundan başqa, cibişdanlarına da zəhrimar “göy”dən paçka-paçka basıb yola salırlar. Məgər lap indi bilmirsiniz, xəbəriniz yoxdur ki, prezident seçkilərində bura gəlib hərbi gəmilərini doldurub gedən, indi də Avropa Oyunlarını bəhanə edib bac-xərac sahiblərindən biri, lap potası, liliput Putin leşgəri ilə yenə gəlir?
Nə isə, lənət kor şeytana, bunlar hamısı boş şeylərdir və gəlin keçək əsas məsələyə, qəhrəmanımızı çox da intizarda saxlamayaq.
Sizcə, bizim qəhrəmanımız kim olsa yaxşıdır? Əlbəttə, Azərbaycan xalqının artisti, primadonnası, “ Göy göl”, “Yaşın nə gərqi var “ kimi dahiyanə, şedevr mahnıların əvəzsiz ifaçısı, ” Şöhrət “ ordenlisi, “ Şərəf “ ordenlisi İlhamə Quliyeva. Niyə məhz İlhamə Quliyeva? Bildiyiniz kimi, Avropa oyunlarının məşəlinin Bakıda yandırılması üçün qırğın gedir. Daha doğrusu, bu qırğın əbədi və əzəli düşmənlər - xalq artistləri İlhamə Quliyeva ilə Flora Kərimova arasında gedir. Mənim sözüm heç də onda deyil ki, bu boyda mədəniyyət, incəsənət, şou sahəsində, lap elə hökumətdə bir kişi tapılmır ki, qabağa çıxıb bunların ikisini də otuzdursun qabaq-qənşər, başa salsın ki, imana gəlin, qurtarın bu rüsvayçılığı, 70 illik qoç döyüşündən sonra daşı tökün ətəyinizdən, barışın, qurtarsın getsin. Əks halda, bu xalq, yazıq cavan sənətçilər sizdən nə ibrət götürəcək, nə tamarzı anlayacaqlar? Bəri başdan etiraf edim ki, bu iş mənlik deyil. Mənlik olan odur ki, bu davanı bilərəkdən salan var və istəyir ki, ara bir az da qarışsın, qızışsın, son nəticədə də ölkəmizdə pişik asqırmasına bənd olan ictimai sabitlik pozulsun.
Özü gənc olmasa da gənclər və idman naziri Azad Rəhimov mətbuatda İlhamə xanımın məşəldarlığına etiraz edənlərə necə cavab versə yaxşıdır ? Deyir ki, “İlhamə xanım məşəli Bakıda daşıyacaq 150 nəfər məşəldardan biridir. Qaça bilməsə də, hərəkət edəcək.”
Indi, gəl bu yerdə Flora xanımı ovundur görüm necə ovundurursan. Flora xanım da fanatlarına üzünü tutub deyir ki, “ Kimsə bizi bütün dünyaya güldürmək istəyir. Görün nə günə qalmışıq ki, layiqli adamlar qala qala, məşəli İ. Quliyeva aparacaq.”
Doğrudan da ilk baxışda çətin, çıxılmaz vəziyyətdir. Amma, gecə- gündüz baş sındırandan sonra belə fikrə gəlmişəm ki, burada da çıxış yolu var. Məsələn, olmazdımı ki, bu xalq artistlərinin hərəsinə bir məşəl verəydilər, onlar da düşəydi bu ölkənin canına, rayonlarda zorla küçələrə çıxarılan camaatın başın qataydılar, müvəqqəti də olsa hakimiyyətin aclıq, səfalət, korrupsiya, rüşvət,qamarlama kampaniyasını yaddan çıxaydılar? Yaxud da ağır çəkili ştanqistə oxşayan nazirimiz Azad Rəhimov İlhamə xanıma sevgisini başqa cür izhar edəydi, 150 kq çəkisi olan ,72 yaşlı xanımı dalına alıb onun bir sözü 37 dəfə təkrarladığı “Göy göl ” mahnısını oxuya- oxuya onun əvəzinə 150 metr qaçaydı, dünya dağılmazdı ki ?
Siz birdən çaşıb fikirləşərsiniz, İlhamə xanım, mənim qəhrəmanım naşükürlük edir, ona göstərilən etimadı layiqincə qiymətləndirməz? Qətiyyən elə deyil, qiymətləndirir , özü də necə. İncəsənətdə özünü primadonna elan etmiş İlhamə xanım kimi mən gözəl deyə bilmərəm, yaxşısı budur, qoy, onun sözləri ilə deyim :“Mən bu gün üzdəyəm. Sağ olsunlar mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, gənclər və idman naziri Azad Rəhimov. Nazir iclasda dedi ki, biz bura ancaq cəmiyyətin qaymaqlarını dəvət etmişik. Amma, mən bura xüsusi dəvət olunmuşam. Biz çox gözəl və sayğılı millətik. Dünyaya meydan oxuyuruq!”
Deyirəm axı, Azad əkə qaymaqları bir yığıb, Azərbaycanın bütün ordenlərini almış qaymaqların qaymağı İlhamə xanımı da ayrıca çağırıb. Əlbəttə, mən buracan hər şeyi başa düşdüm, sevindim, fərəhləndim, qürur duydum, təkcə bir şeydən başqa. Necə yanı dünyaya meydan oxuyuruq? Bax, burda zənn edirəm sənətkar bir balaca işləri korladı, özü də lap pis korladı. Niyə bizim dünyaya meydan oxumağımızı dilə gətirdi, niyə sirrimizi açdı, düşmənləri ayıq saldı? Birdən, Allah eləməmiş, gəlib Bakıda bizim şotumuza müftə yeyib şellənəcək erməni dığalarından biri eləmədi tənbəllik, götürüb İlhamə xanıma zəng edib soruşdu ki, ”Ay qız-axçi , 20 ildir zəbt elədiyimiz 20 faiz torpağınızı, əsir götürdüyümüz qız-gəlinlərinizi nə vaxt azad edib analoqu olmayan rüsvayçılıqdan xilas olmusuz ki, indi də dünyaya meydan oxuyursunuz? ”
Bəri başdan onu da bilirəm, yüz faiz əminəm ki, Flora Kərimovanın acığına onun məşəli göylərə qaldırıb yırğalana yırğalana yerişi, qartal kimi süzməsi təkcə məni yox, millətin sərvətlərini müftə basıb yeyəcək 10 mindən çox xaricinin də dəhşət xoşuna gələcək, onunla şəkil çəkdirmək üçün saç yoldusuna çıxacaqlar.
Mənim isə qəhrəmanımdan, hamının humanist, xoşsifət, xoşxasiyyət, üzüyola tanıdığı İlhamə xanımdan acizanə ,çox xırda bir xahişim, təvəqqəm də var. Əgər işdir şayətdir, onu məşəldar edən baş məşəldara rast gəlsə ona çatdırsın ki, millət çörəyi qulağının dibinə yemir. Biz yaxşı başa düşürük ki, ayının yüz oyunu bir armudun üstündə olduğu kimi, hakimiyyətin də oyunu millətin olan qalan sərvətlərini də talamaq, insanları zülm altında saxlamaq, bir tikə çörəyə möhtac etməkdir. Biz heç bir avropalının, asiyalının, afrikalının məşəlini tanımırıq, arzulamırıq, belə lap istəmirik.
Bizə ancaq və ancaq bir məşəl lazımdır: Xankəndinin üstündə alovlanacaq, xalqımızı rüsvayçılıqdan xilas edəcək, üzümüzü hər yerdə ağ edəcək İlahi Məşəl.../moderator/
690 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP